Əli Kərimli Fazil Mustafanın güllələnməsindən yazdı

Əli Kərimli Fazil Mustafanın güllələnməsindən yazdı

29-03-2023 01:54 / Bu xəbər 1073 dəfə oxundu

"İlham Əliyev ölkədəki kriminogen vəziyyətə diqqət etsin"

"AXC-Müsavatın arxasınca danışmaqdan, milyonlarla şahidi olan yaxın tarixi saxtalaşdırmaq cəhdlərindən vaxtı qalsa, İlham Əliyev ölkədəki kriminogen vəziyyətə də bir diqqət etsin".

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib. 

"Xeyli müddətdir ki, ölkənin paytaxtında silahlar susmur. Müxalifətçiləri güdmək üzrə ixtisaslaşmış rejim gerçək cinayətkarlıqla mübarizədə hələ ki acizlik göstərir", - deyə o bildirib. 

Əli Kərimli deputat Fazil Mustafanın güllələnməsinə də toxunub: "Bu gün də deputat Fazil Mustafa öz evi yaxınlığında avtomat silahla güllələnib, 2 güllə yarası alıb. Yaxşıdır ki, həyatına təhlükə yoxdur. Ağır cinayət hadisəsini hamılıqla pisləyirik və cinayətkarların dərhal tapılacağına ümid edirik. Bu cinayətin tezliklə açılmasında hökumətin də maraqlı olacağına ümid edirəm. Ancaq cinayətkarların cəzalandırılması azdır".

"Dövlət hakimiyyəti, nəhayət, öz işi ilə məşğul olmalıdır. Dövlətin resursları müstəqil və müxalif fikirli insanları əzməyə yox, gerçək cinayətkarlıqla mübarizəyə səfərbər edilməlidir. Silahlı cinayətkarların ölkəmizdə meydan sulamasına son qoyulmalıdır", - deyə o bildirib. 

Milli Məclisin deputatı Fazil Mustafa martın 28-də güllələnib. 

Onun ayağından və çiynindən vurulduğu bildirilir.

Son rəsmi açıqlamaya görə, Fazil Mustafanın vəziyyəti qənaətbəxşdir, əməliyyat olunub, həyati təhlükəsi yoxdur.