Hesabat: “Azərbaycanda girovun məbləği ilə əməkhaqqı arasında uçurum var”

Hesabat: “Azərbaycanda girovun məbləği ilə əməkhaqqı arasında uçurum var”

17-09-2022 19:26 / Bu xəbər 1155 dəfə oxundu

İDİ Rusiya, Gürcüstan və Ermənistan qanunvericiliyi ilə müqayisə aparıb

"Azərbaycanda girovun məbləği ilə əməkhaqqı arasında uçurum var. Ən son açıqlanan məlumatda minimum əməkhaqqı 300, orta aylıq əməkhaqqı isə 765,9 manat göstərilib.
Qanunvericilikdə girovun minimum məbləği isə 5 000, ağır cinayətlərdə 10 000 manatdır”.

Demokratik Təşəbbüslər İnstitutu (IDI) "Azərbaycanda Girov Qətimkan Tədbirin Vəziyyətinə dair” Hesabat hazırlayıb.

"Rusiya, Gürcüstan və Ermənistan cinayət-prossesual münasibətləri tənzimləyən qanunvericilikləri arasında aparılmış müqayisəli təhlil onu göstərib ki, Azərbaycan qanunvericiliyində girovun tətbiqinin imkan dairəsi daha məhduddur”, – deyə sənəd müəllifləri qeyd edirlər.

Hesabatda bildirilir ki, girov qətimkan tədbiri həm azadlıq və toxunulmazlıq hüququnun daha yaxşı təminatına, həm də cinayət mühakimə icraatının humanistləşməsinə tövhə verir.

Lakin yerli qanunvericiliyin ən böyük məhdudiyyətlərindən biri girovun sadəcə Cinayət-Prosessual Məcəllə ilə tənzimlənməsidir: "Halbuki bu qətimkan tədbirinin mexanizminin təkmilləşdirilməsi və təşviqi üçün daha geniş normativ bazaya ehtiyac var”.

Hesabat müəllifləri girovun tətbiq dairəsini öyrənmək üçün iki üsuldan istifadə edib.

Dövlət Statistika Komitəsinə və Bakı şəhərinin 12 rayon məhkəməsinə informasiya sorğusu göndəriblər.

Eyni zamanda, 14 vəkil ilə telefon sorğusu həyata keçiriblər: "12 rayon məhkəməsinə göndərilən sorğulardan 2-i cavabsız qalıb, 5-i müxtəlif əsaslarla sorğuya cavab verməkdən imtina edib, yalnız 5 məhkəmə informasiya sorğularına cavab verib. Cavabların məzmunu da girov qətimkan tədbirinin tətbiq olunmadığını təsdiqləyir. Belə ki, 3 məhkəmə girov qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət daxil olmadığını, bir məhkəmə materiallara baxılmadığını, bir məhkəmə isə bu barədə hər hansı bir məlumat olmadığını qeyd edib”.

Vəkillər arasında keçirilən sorğuya gəlincə, IDI bildirib ki, cinayət işləri üzrə ixtisaslaşmış müxtəlif müddətli peşə fəaliyyəti təcrübəsi olan 45 vəkil seçib, onlardan 14-ü ilə əlaqə saxlaya biliblər.

Bu vəkillərdən 2-i əyalətdə, 12-i isə Bakı şəhərində fəaliyyət göstərir: "Sorğumuzda iştirak edən vəkillərdən biri istisna olmaqla digərləri təcrübəsi müddətində girov qətimkan tədbirinin tətbiq olunması ilə bağlı məhkəmədə vəsatət qaldırmayıb. Daha bir vəkil deyib ki, belə vəsatət qaldırsa da təmin edilməyib. Beləliklə, apardığımız araşdırma onu göstərir ki, girov qətimkan tədbiri ilə bağlı normalar "ölü”dür və reallıqda tətbiq olunmur”.