Heydərovun ortağı keçmiş şirkəti tərəfindən məhkəməyə verildi

Heydərovun ortağı keçmiş şirkəti tərəfindən məhkəməyə verildi

18-10-2023 16:21 / Bu xəbər 864 dəfə oxundu

"Az Texnika LTD" MMC iş adamı Mənuçehr Əhədpuru məhkəməyə verib. 

Şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. 

Ülkər Həsənova iş üzrə hakim təyin edilib. 

İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 

"Az Texnika Ltd" MMC mart ayında da Mənuçehr Əhədpur barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdı. 

Şirkət eyni zamanda iş adamına məxsus "Aztransport-AP" MMC-ni də məhkəməyə vermişdi. 

Məhkəmə çəkişməsinin səbəbi icarə müqaviləsi üzrə mübahisələrdən ibarət idi. Bu işin nəticəsi haqqında heç bir məlumata rast gəlinmir. 

Məsələnin başqa maraqlı tərəfi isə vaxtilə Mənuçehr Əhədpurun "Az Texnika Ltd" MMC-nin qanuni təmsilçisi olmasıdır. 

2014-cü ildə şirkətin qanuni təmsilçisi məhz adıçəkilən iş adamı olub. 

"Az Texnika Ltd" MMC-nin adına fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes subyektlərinin siyahısında rast gəlinir. 

Yeri gəlmişkən, Mənuçehr Əhədpur Kəmaləddin Heydərovun biznes ortağı kimi tanınır. 

Cari ayın əvvəlində yerli media Mənuçehr Əhədpurun Dubayda həbs olunduğu barədə məlumat yayıb. 

Məlumat qarşı tərəfdən təkzib olunmayıb.