“Kanal 13”ün aparıcısının həbs cəzası bitdi

“Kanal 13”ün aparıcısının həbs cəzası bitdi

02-01-2024 00:09 / Bu xəbər 897 dəfə oxundu

Rüfət Muradlı küçədən tutulub aparıldığını deyir

"Kanal 13” internet televiziyasının aparıcısı, bir aydır həbsdə olan Rüfət Muradlı yanvarın 1-də azadlığa buraxılıb. Dekabrın 2-də ona kəsilmiş 30 sutkalıq həbs cəzasının müddəti bu gün başa çatıb.

Eyni zamanda, Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) İdarə Heyətinin üzvü olan Rüfət Muradlı deyir ki, haqqındakı məhkəmə qərarında yazılanlar yalandır. 

Onun sözlərinə görə, nə xuliqanlıq etmişdi, nə də polisə tabesizlik göstərmişdi. 

O hesab edir ki, azad media təmsilçisi olduğuna və siyasi baxışlarına görə cəzalandırılıb: "Mənim günahım varsa, o da azad media təmsilçisi olmağım və siyasi baxışlarımdır. Məni küçənin ortasında terrorçu kimi tutub apardılar”.

O vurğulayıb ki, müstəqil media təmsilçilərinin, siyasi fəalların həbsinə ölkədə azadlıq, demokratiya uğrunda mübarizənin tərkib hissəsi kimi yanaşır.

"Saatlar öncə azadlığa qovuşdum. Ötən müddət ərzində mənə və haqsız yerə həbs olunmuş dostlarımıza dəstək olan hər kəsə təşəkkür edirəm. Tanrım millətimiz qarşısında bizi heç zaman utandırmasın! Siyasi məhbussuz, azad, demokratik, bütöv və əlbəttə ki, insani dəyərlərin hakim olduğu Azərbaycan diləyilə…”, – Rüfət Muradlının sözləridir.

Onun haqqında 30 sutkalıq həbs qərarını dekabrın 2-də Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyeva çıxarıb. 

Qərarda iddia olunub ki, Rüfət Muradlı küçədə söyüş söyüb, polislər onu intizama dəvət eləsə də, tabe olmayıb. Bu üzdən onun haqqında İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə inzibati xəta protokolu tərtib edilib.

Xətai Rayon Məhkəməsinin bu qərarını Bakı Apelyasiya Məhkəməsində hakim Fərid Əyyubov da qüvvədə saxlayıb.

Hazırda "Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucov və əməkdaşı Şamo Eminov qaçaqmalçılıq ittihamıyla həbsdədir.

Əziz Orucov noyabrın 27-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham irəli sürülüb. 

İddia olunub ki, "Kanal 13” rəhbəri inşasına icazə olmadan ev tikib.

Dekabrın 19-da Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verilib.

Dekabrın 22-də isə kanalın əməkdaşı Şamo Eminov daeyni cinayət işi üzrə Cinayət Məcəlləsinin 206.3.2 maddəsilə təqsirləndirilərək həbs olunub.

Onların hər ikisi bu ittihamları rədd edir, "Kanal 13”ün fəaliyyətinə görə cəzalandırıldıqlarını deyirlər.(Meydan TV)