"Hökumət evi"nin bir mərtəbəsində və zirzəmisində 673 minlik təmir
15-01-2024 19:37 / Bu xəbər 973 dəfə oxundu
"Hökumət Evi"nin 8-ci mərtəbəsində və zirməsində aparılacaq təmir işlərinə 673 028,33 manat xərclənəcək.
Qaynarinfo xəbər verir ki, təmir işləri Enerji Məsələlərini Tənzimləmə Agentliyinin sifarişi ilə həyata keçiriləcək.
Agentlik bununla bağlı satınalma müsabiqəsi keçirib. Müsabiqənin qalibi "Construction Business Group" MMC seçilib.
Şirkət təklifi isə yuxarıda qeyd etdiyimiz məbləğ olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, MMC 26 avqust 2019-cu ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 1120 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 3-cü mikrorayon, ev 9, mənzil 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Axundov Yusif Səfa oğludur.
"Construction Business Group" MMC-nin veb-səhifəsindəki məlumatlardan aydın olur ki, şirkət təkcə Azərbaycanda deyil, ölkə xaricində də, o cümlədən, Gürcüstan və Qazaxıstanda həyata keçirilən layihələr, həmin ölkələrin iqtisadi və sosial layihələrin icrasında iştirak edir.
Maraqlıdır ki, belə bir iri şirkətin qanuni təmsilçisi olan Yusif Axundov haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
Məlumat üçün deyək ki, sifarişçi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundovdur.
O, 2018-ci ildən bu vəzifədədir.