İcra hakimiyyəti və tikinti şirkətindən narazılıq: “Şikayətimizə baxılmır”

İcra hakimiyyəti və tikinti şirkətindən narazılıq: “Şikayətimizə baxılmır”

22-11-2021 18:17 / Bu xəbər 291 dəfə oxundu

"Sakinlərə ya ümumi cavablar verirlər, ya da aldadırlar”

"Yaşadığımız binanı 2016-cı ildə sökdülər ki, sizə ev verəcəyik. Pilot layihə olmasına baxmayaraq, beş ildir ki, tikinti yekunlaşmır”.

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 33 ünvanında (Azərbaycan Milli Elmlər Akademiyasının köhnə yataqxanası-red) yaşamış sakin Əhəd Hacıyev Meydan TV-yə belə deyir.

Onun sözlərinə görə, binanın inşası "İnşaat Konstruksiyaları” MMC-yə tapşırılsa da, iş çox ləng gedir.

Bina sakinləri məsələ ilə bağlı dəfələrlə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini deyirlər.

Əhəd Hacıyev bildirib ki, aidiyyəti qurumlara şikayət məktubları ünvanlayıblar, lakin hamısı nəticəsiz qalıb: "Çox təəssüf ki, Prezident İlham Əliyevin məmurlar qarşısında qoyduğu tələblər yerinə yetirilmir. Əksinə, sakinlərin şikayətinə baxılmır, ya ümumi cavablar verilir, ya da aldadırlar. Bu başıbəlalı pilot layihəli bina altı ildir ki, hələ də tikilir. Halbuki pilot binalar bir-iki ilə təhvil verilməlidir”.


Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 33, Foto: Meydan TV

Əhəd Hacıyev deyir ki, əvvəllər binada 94 ailə yaşayıb. Onları köçürüblər ki, bina tikiləndən sonra mənzillə təmin olunacaqsınız: "Pulu vermişik, lakin binada tikinti işləri getmir. Elə adamlar var ki, evini satıb ki, kvadratına görə ev alsın. Artıq illərdir ki, kirayədə yaşayır. Bu altı il ərzində binada işlərin 50 faizi görülüb. Şirkət deyir ki, tikinti üçün pulumuz yoxdur. Bizi aldadırlar, yalandan vəd verirlər”.

Şikayətçinin sözlərinə görə, Yasamal Rayon İcra Hakimiyyəti də problemlə maraqlanmaq istəmir. 

Qurumdan sakinlərə tikinti şirkətini məhkəməyə vermək tövsiyə olunub: "Dəfələrlə icra hakimiyyətinə şikayətə getmişik, başçı ilə görüşmüşük. O, şirkətin rəhbərini çağırıb. Söz veriblər ki, ilin axrına evlər təhvil veriləcək, lakin nəticəsiz qalıb”.

"Şirkətin ofisinə gedirsən, qapısı bağlıdır. Şikayətimizi deməyə adam yoxdur. Yasamal Rayon İcra Hakimiyyətindən əvvəllər cavabdeh olduqlarını deyirdilər. İndi isə deyirlər ki, məhkəməyə verin. Pilot layihəyə görə binadan çıxarılan əhaliyə dövlət zamin durmalıdır. Prosesə Yasamal rayon İcra Hakimiyyəti nəzarət etməlidir”, – deyə o bildirib.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Xaliq Möhbalıyev Meydan TV-yə bildirib ki, qurum bir neçə dəfə bina sakinləri və tikinti şirkətinin rəhbəri ilə görüş keçirib: "Görüşdə biz vəziyyəti araşdırdıq. Hazırda işlər gedir, proses sürətlənib. Tikinti işləri ilə bağlı konkret vaxt demək olmur. Hava şəraitindən də asılıdır, qış yaxınlaşır. Bina güman ki, gələn il bina təhvil verəcək”.


Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 33, Foto: Meydan TV

Şərifzadə 33 ünvanında yerləşən bina 1956-cı ildə istifadəyə verilib. Binada əsasən Milli Elmlər Akademiyasının işçiləri və jurnalistlər yaşayıb.

Bina 2000-ci ildə özəlləşdirilib. 2016-cı ildə Fövqəladə Hallar Nazirliyi və Dövlət Layihə İnstitutu birgə qərarla tikilini qəzalı elan edib, sökülməsi barədə qərar qəbul olunub.

Binadan köçürülən ailələrə kirayədə yaşamağa 1 otaqlı ev üçün 200, 2 otaqlı ev üçün 300, 3 otaqlı ev üçün 350 manat kirayəhaqqı ayrılmışdı.


Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 33, Foto Meydan TV

Yasamal Rayon İcra Hakimiyyətinin saytında 2017-ci ilin onuncu ayında dərc olunan məlumatda bildirilir ki, dövlət büdcəsindən rayonun abadlıq və quruculuq işlərinə 891741 manat, çoxmənzilli 10 yaşayış binasının təmiri üçün 2 milyon 400 min. manat vəsait ayrılıb.

Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarına əsasən 2016-2020-ci illərdə Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan 18 yaşayış binasının mərhələli şəkildə sökülüb yenidən tikilməsi işlərinə başlanıb.

Binalardan biri də Abbas Mirzə Şərifzadə 33 ünvanında yerləşir. On bir binada aparılan inşaat işlərinə 750 nəfər işçi qüvvəsi cəlb olunub.

"İnşaat Konstruksiyaları”, "Ehtibar İnşaat”, "ELİTE CİTY” Məhdud Məsuliyyətli Cəmiyyətləri, "Kristal-Abşeron” və "De-Lyuks” Mənzil Tikinti Kooperativləri tərəfindən qəzalı binaların sakinləri kirayə evlərə köçürülüb, sakinlərə kirayə evlərə görə yeni mənzillərə köçənədək vəsait ödənilməsi təmin edilib.

Pilot layihənin icrasına nəzarət bilavasitə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.