İcra nümayəndəsinin oğlu "DOST"dan maaş alır? - YENİLƏNİB

İcra nümayəndəsinin oğlu

15-01-2020 00:50 / Bu xəbər 1326 dəfə oxundu

Lənkəranda 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdan keçmiş "LƏNKƏRAN CİTY TRAVEL" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçi Heydərli Babək Xeybər oğlu rayon üzrə "DOST İş Mərkəzi”ndən maaş alanların siyahısındadır.
 
Arqument.Az xəbər verir ki, bu barədə məlumatı jurnalist Cavanşir Həsənli yayıb.
 
O bildirib ki, Lənkəran sakini Heydərli Babək Xeybər oğlu rayon üzrə "DOST İş Mərkəzi”ndən maaş alanlar siyahısındadır: "Amma onun maaşını Lənkəranın icra başçısı Taleh Qaraşov öz cibinə qoyur. Kərgəlan kəndindən olan Babək Heydərli heç də işsiz və aztəminatlı təbəqədən deyil ki, "Dost" maaşına ehtiyacı olsun. O ötən ilin yanvarında 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdan keçmiş "LƏNKƏRAN CİTY TRAVEL" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi və qanuni təmsilçidir".
 
Məlumata görə, Babək Heydərlinin anası Nəzakət Heydərova Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsidir.
 
Ötən ilin dekabr ayında Yevlax rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqları mənimsədiyi üçün Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edildi.
 
Lənkəran Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. 
 
***
 
Məsələ ilə bağlı Lənkəran rayon İcra Hakimiyyəti mövqeyini açıqlayıb. 

İcra Hakimiyyətindən Heydərli Babək Xeybər oğlunun "DOST İş Mərkəzi”ndə işə götürülməsi ilə bağlı Arqument.Az-a verilən açıqlamada bildirilib ki, 1984-cü il təvəllüdlü, orta təhsilli Heydərli Babək ailəlidir, 3 azyaşlı uşağı var: "Lənkəran Rayon Məşğulluq Mərkəzindən verilən məlumata əsasən, vətəndaş 2019-cu ilin yanvar ayında mərkəzə iş axtaran kimi müraciət etmiş və Əmək müqaviləsi bildirişləri elektron informasiya sistemində vətəndaşın vergi ödəyicisi olub-olmaması barədə məlumat aşkar edilmədiyindən 01.03.2019-cu il tarixdən "DOST İş Mərkəzi” MMC tərəfindən "sosial işçi” kimi işə götürülüb. 

Vətəndaş "DOST İş Mərkəzi” MMC tərəfindən işə götürülən zaman sənədləşməyə görə İcra hakimiyyəti məsuliyyət daşımır. Vətəndaşın əməkhaqqı kartı icra başçısında olması tamamilə əsassızdır və heç bir reallığı əks etdirmir. Vətəndaş işə daxil olduğu gündən müntəzəm olaraq işinə davam etmiş və verilən tapşırıqları vaxtında icra edib. Ərazidə yaşayan sakinlər bunu təsdiq edə bilər. Eyni zamanda araşdırma nəticəsində məlum oldu ki, B.Heydərli 03 yanvar 2019-cu il tarixdə "LƏNKƏRAN CİTY TRAVEL" MMC açsa da, sənədləşmə işlərini tamamlamadığı üçün bu günədək heç bir fəaliyyəti olmayıb".