“İdeal”ın keçmiş sahibinin anası: Acgöz, “mənəm qanun” deyən məmurlar oğlumu əlimdən alır

“İdeal”ın keçmiş sahibinin anası: Acgöz, “mənəm qanun” deyən məmurlar oğlumu əlimdən alır

10-04-2021 11:30 / Bu xəbər 2501 dəfə oxundu

İlqar İsmayılovun şikayəti təmin edilməyib

Aprelin 9-da Bakı Apelyasiya Məhkəməsində "İdeal” mağazalar şəbəkəsinin həbsdə olan keçmiş sahibi İlqar İsmayılovun şikayətinə baxılıb. 

Şikayət iş adamının barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Binəqədi Rayon Məhkəməsinin 5 apreldə çıxardığı qərardan verilib.

Hakim Ramin Qaraqurbanlının sədrliyilə keçirilən məhkəmədə İlqar İsmayılov bildirib ki, susdurulmaq üçün sifarişlə həbs olunub. 

Təqsirsiz olduğunu, "İdeal”ı əlindən alan şəxslərlə bağlı həqiqətləri dilə gətirdiyinə, dövlət orqanlarına şikayətlərinə görə cəzalandırıldığını deyən iş adamı barəsindəki həbs qərarının ləğvini istəyib.

Onun vəkili də Binəqədi Rayon Məhkəməsinin qərarının əsassız olduğunu vuğrulayıb.

Amma hakim apelyasiya şikayətini təmin etməyib, Binəqədi Rayon Məhkəməsinin həbs qərarı qüvvədə saxlanılıb.

İlqar İsmayılovun anası Solmaz İsmayılova da İlqar İsmayılovun günahsız olduğunu deyir. 

O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayaraq, ölkə rəhbərliyindən bu işi nəzarətə götürmələrini xahiş edib: "Sizə ürək yanğısı ilə müraciət edən və imdad diləyən bir Azərbaycan qadını, azğınlaşmış məmurlar tərəfindən oğlu parçalanaraq məhv edilən anayam. Siz son ümid yerimsiniz. Oğlum öz haqqını tələb etdiyinə görə susdurulmaq üçün həbs edilib. Oğlum İlqar İsmayılov "İdeal Kompany” şirkətini 1999-cu ildə öz vəsaiti hesabına yaradıb. Bu şirkətin əmtəə nişanı tanınandan sonra - 2011-ci ildə "AZAL” QSC-nin direktoru, kifayət qədər nüfuza və gücə malik olan Cahangir Əsgərov oğlumdan onunla şərik işləməyi tələb edib. Oğlum təklifi qəbul edib, rəsmi 55, faktiki isə 50 faiz hissə pay Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın adına keçirilib. Zərifə Həmzəyevanın tam mülkiyyətində olan, əvvəl "Bank SilkWay”, hazırda isə "Premium Bank” adlanan bank tərəfindən oğlumun adına kreditlər verilib ki, "İdeal” mağazalar şəbəkəsini genişləndirmək üçün istifadə etsin. Lakin kreditin müddəti bitmədən geri tələb edilir, bununla da oğlum çıxılmaz vəziyyətə salınırdı. Şirkət inkişaf etdikcə, onun həmtəsisçisi daha çox pay, ən əsası isə oğlumun mülkiyyətində olan "İdeal” əmtəə nişanını tələb edirdi. Bu şirkət oğluma övladı qədər əzizdir, onun bütün həyatıdır, varlığıdır. Biz qohumlar, rəhmətlik atası ona deyirdik ki, "sən nəhənglərlə bacara bilməzsən, bu inadı yerə qoy, nə istəyirlərsə, ver”. Lakin oğlum bütün həyatını sərf etdiyi onun üçün mənəvi dəyəri daha yüksək olan şirkəti tam vermək istəmədi”.

Solmaz İsmayılovanın sözlərinə görə, oğlu şirkətdə qalan payını və əmtəə nişanını vermək istəmədiyinə görə 2017-ci ildə şərlənərək həbs olunub. O, "İdeal”dan mənimsəmədə ittiham edilib. Həmçinin onun adına "Premium Bank”dan 5 milyon dollarlıq kredit götürməsi məsələsi ortaya çıxıb. İlqar İsmayılov isə bu ittihamların əsassız olduğunu, kredit müqaviləsindəki imzanın da ona məxsus olmadığını, imzasının saxtalaşdırıldığını bildirib: "Oğlum 3 ay 10 gün həbsdə qaldı. Sonra isə yanına notariusla birlikdə "elçilər” getdi. Şirkətdəki payından tam və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalatdırdılar. Elə həmin gün - 2017-ci il sentyabrın 15-də həbsdən azad edib tapşırdılar ki, "get və sus, yoxsa yenə həbsə qayıdarsan”. Barəsindəki cinayət işinə xitam verildi.

Oğlum 3 il susdu, artıq susa bilmədi, bizi də dinləmədi. Bir gün mənə vəsiyyət edib, əlindən alınmış haqqını tələb etmək üçün yola çıxdı. Onun imzasını saxtalaşdırmaqla edilənləri, məruz qaldığı hədə və təzyiqləri dövlət orqanlarının nəzərinə çatdırdı, məhkəmlərdə çoxsaylı iddialar qaldırdı. Məhkəmələr ona deyirdi ki, iddia qaldırmaq üçün müddəti ötürmüsən. Oğlum deyirdi ki, "mən hədə-qorxu altındayam, ona görə də iddia qaldıra bimirdim, hələ hədələr davam edir, mən haqqımı tələb edən kimi həbs olunacağımla hədələnirəm”. Buna heç kəs inanmırdı. Bu gün hədə reallaşdı. Oğlumu çox absurd ittihamla yenə həbs etdilər. Yenə deyirlər ki, ki, guya 2013-2014-cü idə özünə məxsus, dövriyyəsi və gəliri milyonlarla ölçülən şirkətin 600 min manat vəsaitini mənimsəyib. Bu ittihamla 1 saat içində bütün prosedurları formal icra edərək, həbs elədilər. Hətta oğlum məhkəməyə aparılanda 5 vərəqdən ibarət həbs qərarı da hazır imiş. Əks halda, hakim bu 5 vərəqli qərarı 10 dəqiqə müşavirədə necə yaza bilərdi ki, çıxıb elan edən kimi oğluma verə bilməzdi. Məhkəmə qərarı axşam saat 9-dan sonra verilib”.

Həyat yoldaşını bir müddət əvvəl itirdiyini vurğulayan Solmaz İsmayılova yazır ki, hazırda yeganə ümidi oğlunadır: "Lakin onu gözü ac, heç nədən qorxmayan, "mənəm qanun” deyən məmurlar əlimdən alır. Əminəm ki, mənim bu harayımı eşidəcək və oğlumun həbsi ilə bağlı məsələni nəzarətə götürəcəksiniz…”

İlqar İsmayılovun 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edirdi. O, həbsindən bir neçə gün əvvəl "Facebook” hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi "İdeal Kompani”nin direktoru təyin etmək məcburiyyətində qalıb.

"İdeal”ın idarəçiləri 2020-ci ildə "Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət "Adore Company”ə daxil edilib. "Adore Company”nin rəhbərliyində bir neçə ay əvvəl dəyişiklik olub. Bu ilin yanvarında şirkətin direktoru Samir Əliyevi Nərmin İsmayılova əvəzləyib.

"Premium Bank”dan isə saxta kredit müqaviləsi haqda deyilənləri təkzib ediblər. Bankdan mediaya açıqlamada bildirilib ki, İlqar İsmayılovun müxtəlif dövlət orqanlarına göndərdiyi şikayətlər araşdırılıb və onun iddiaları təsdiqini tapmayıb. Bankdan onu da qeyd ediblər ki, 5 milyonluq kredit müqaviləsi gerçək olub, İlqar İsmayılovun həmin vəsaiti almadığı haqda söylədikləri həqiqətəuyğun deyil.

"Premium Bank” AZAL rəhbərinin xanımı Zərifə Həmzəyevaya məxsusdur. O, bankın əsas səhmdarıdır. AZAL-dan məsələyə münasibət öyrənmək mümkün olmayıb.(Meydan.Tv)