İDİ: "Qanunvericilik aktlarında nöqsanlar var"

İDİ:

29-03-2021 01:17 / Bu xəbər 1653 dəfə oxundu

Qurum vəkillərin fəaliyyətinə siyasi motivli maneələrlə bağlı hesabat hazırlayıb

Azərbaycanda vəkillərin peşə fəaliyyəti zamanı istifadə etdikləri qanunvericilik aktlarında nöqsanlar aşkar edilib.

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) Gənc Hüquq Müdafiəçilər təlimlərinin məzunlarından ibarət araşdırma qrupu Azərbaycanda vəkillərin peşə fəaliyyətinə siyasi motivli maneələrə dair hesabat hazırlayıb.

Qurumun yaydığı məlumatda bildirilir ki, vəkillik peşəsinə, xüsusilə də insan hüquqlarının müdafiəsi sahəsində vəkilliyə aid problemlərin araşdırıldığı tədqiqat zamanı aşağıdakı yerli qanunvericilik aktları analiz edilib:

- "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun;

- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;

- Mülki Prosessual Məcəllə;

- İnzibati Prosessual Məcəllə;

- "Vəkillərin etik davranış qaydaları haqqında” Əsasnamə.

Hesabatda qeyd olunur ki, tədqiqat zamanı araşdırma qrupu sənədlərdə bir sıra nöqsanlar aşkar edib:

1) "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun "Vəkillik fəaliyyətinin təminatı” adlı 7-ci maddəsində vəkillə müvəkkili arasındakı münasibətlərin konfidensiallığının qorunduğu bəyan edilsə də, vəkilin peşə fəaliyyətinə məhkəmələr, dövlət orqanları və 3-cü şəxslər tərəfindən maneələr yaradılmasının hüquqi nəticələri təsbit edilməyib;

2) bu qanunun 9-cu maddəsində Kollegiyanın məhkəmə və dövlət orqanları qarşısında vəzifələri təsbit olunsa da, müvəkkilər və vəkillər qarşısında heç bir öhdəlik nəzərdə tutulmayıb;

3) vəkil sirri anlayışını müəyyənləşdirən 17-ci maddə çox geniş və ümumi tərtib olunub. Bundan başqa, vəkilin ifadə azadlığını məhdudlaşdıran, intizam məsuliyyəti yaradan ibtidai istintaq sirri anlayışı və onun çərçivəsi heç bir hüquqi aktla müəyyənləşdirilməyib. Praktikada bu çərçivəni müstəntiq və ya prokuror müəyyən edilir;

4) 22-ci maddənin 8-ci bəndində və ümumiyyətlə, bütövlükdə Qanunda Vəkillər Kollegiyasından xaric etmək üçün əsaslar və həmin əsasları müəyyən edərkən qurumun rəhbər tutmalı olduğu meyarlar təsbit edilməyib;

5) vəkillərin dövlət qurumlarına ünvanladığı sorğulara və müraciətlərə cavab verilmə müddətləri, cavab verilməməyə görə məsuliyyət tədbirləri nəzərdə tutulmayıb. Halbuki İnzibati Xətalar Məcəlləsinin 526-528-ci maddələrində məhkəmələrin və vəzifəli şəxslərin təqdimatlarına və ya sənədlərinə müvafiq müddətdə baxılıb tədbirlər görülməməsinə görə inzibati tənbeh nəzərdə tutulur. Amma müdafiə fəaliyyətinin əsas həlqəsi olan vəkilin sorğu və müraciətlərinə cavab vermək və ya vaxtında cavab vermək üçün belə bir sanksiya müəyyən edilməyib.

6) müdafiə tərəfi ictimai və ya ictimai-xüsusi ittiham qaydasında aparılan cinayət təqibi zamanı xüsusi bilik tələb edən halı müəyyənləşdirməyin – yəni ekspertizanın təqsirləndirilən şəxsin xeyrinə olacağı qənaətinə gələndə, istintaqı aparan şəxsə vəsatətlə müraciət etməlidir. Bu, sübutların toplanılması məsələsində müdafiənin qarşı tərəfin subyektiv mövqeyindən asılı olması deməkdir.

7) Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycan Respublikasının "Vəkillərin etik davranış qaydaları haqqında” Əsasnaməsində loyallıq, ictimai etimad, mədəni davranış, maddi və qeyri-maddi nemətlərdən imtina, ictimailik kimi tətbiqi çətin prinsiplər yer alıb.

Bundan başqa, araşdırma çərçivəsində keçirilmiş sorğuda iştirak edən vəkillər qeyd ediblər ki, Əsasnamə onların ifadə azadlığını məhdudlaşdırır.

Hesabatda müstəqil media orqanı olan "VOA Azerbaijan”ın son 3 ildə (2018, 2019, 2020) həyata keçirdiyi media monitorinqinin nəticələri də əksini tapıb. Monitorinqin nəticələrinə görə, Əsasnamənin qəbulundan sonra vəkillərin mediaya çıxışlarında azalma baş verib.

Tədqiqat zamanı o da məlum olub ki, vəkillər həm məhkəməyəqədərki icraatda, həm də məhkəmə icraatında bir çox problem və qanunsuzluqla üzləşirlər:

- "Bu gün şənbədir”, "Bu gün bazar günüdür”, "Sanitariya-dezinfeksiya işləri aparılır”, "Otaqlarda təmir işləri aparılır” və sairə kimi qanunsuz əsaslarla vəkillərin öz müvəkkilləriylə görüşlərinə əngəllər yaradılır.

- qanunvericiliyə əsasən görüş üçün vəkilin səlahiyyətini təsdiq edən sənəd order olsa da, praktikada vəkillərdən istintaqı aparan orqan tərəfindən verilmiş "icazə məktubları” da tələb edilir;

- həbs yerlərinə daxil olan vəkillərin üzərində yoxlanış aparmaqdan əlavə, onların müvəkkilə aid konfidensial sənədləri açılır, hətta oxunur və senzuradan keçirilir. Sorğuda iştirak edən vəkillərin 46.7%-i bütün siyasi işlərdə cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının əməkdaşları tərəfindən yoxlanmaya məruz qaldığını, 80.7 %-i isə konfidensiallığın məhz siyasi işlərdə pozulduğunu bildirib;

- praktikada, xüsusilə də siyasi işlərdə təqsirləndirilən şəxsə dövlət tərəfindən təyin edilən vəkil onun hüquqlarının müdafiəsinə çox da can atmır, bütün lazımi sənədləri imzalayır və heç bir prosessual tədbirə etiraz etmir. Bu isə sonrakı mərhələdə təqsirləndirilən şəxsin və dolayısıyla da müdafiə işinin çətinləşməsinə səbəb olur;

- praktikada tərəflərin bərabərliyi prinsipi də pozulur. Sorğuda iştirak edən vəkillərin 93.8%-i vəsatətlərinin əsassız şəkildə təmin olunmadığını bildirib;

- Vəkillər qeyd ediblər ki, intizam tədbiri üçün müraciətlər ən çox prokurorluq, məhkəmə və penitensiar xidmət orqanlarından gəlir. Xüsusilə də siyasi baxımdan həssas işlərin istintaqı dövründə vəkillər dövlət orqanlarının qanunsuz hərəkətləri barədə ictimaiyyətə məlumat verdikdə və ya məhkəmə dövründə bu qanunsuzluqların araşdırılmasını üçün vəsatət qaldırdıqda, dərhal onlardan Vəkillər Kollegiyasına şikayət edilir və ya şikayət olunacağıyla bağlı təhdid səsləndirilir;

- qanun yalnız peşə fəaliyyətində pozuntuya yol verilməsi hallarında intizam icraatı nəzərdə tutduğu halda, praktikada şəxsi mülahizələrinə və ifadələrinə görə də vəkillər barədə intizam icraatı başlandığı müşahidə olunur.