“İl ərzində 46 hərbi qulluqçu ölüb”

“İl ərzində 46 hərbi qulluqçu ölüb”

05-12-2019 17:55 / Bu xəbər 1010 dəfə oxundu

"Müdafiə Nazirliyi 28 ölüm hadisəsi ilə bağlı açıqlama verməyib”

Cari ilin dekabrın 4-dək Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 46 hərbi qulluqçu ölüb. Onlardan 9 nəfəri döyüş, 37 nəfəri isə qeyri-döyüş itkisidir.

Məlumatı Xəzər Hərbi Tədqiqatlar İnstitutu yayıb.

İnstitut statistikanı Azərbaycan mətbuatının monitorinqi və digər mənbələrdən (əsgər ailələri, ehtiyatda olan ekspertlər, QHT-lər və s.) əldə etdiyini bildirib.

Məlumatda qeyd edilib ki, Silahlı Qüvvələrin 9 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa 4 hərbçi xəstəlik nəticəsində, 3 nəfərin isə bədbəxt hadisədən (donvurma və elektrik vurması) ölüb:

"12 nəfər naməlum hadisə səbəbindən, 7 nəfər ölümcül hadisələrdən (avto-qəza), 4 nəfərsə mina-mərmi partlayışından həlak olublar. 2 nəfər ehtiyatsızlıqdan, 1 nəfər qeyri-nizamnamə hadisəsindən ölüb, 2 hərbçi intihar edib. Daha 1 nəfər sərhəd pozucuları ilə atışmada həlak olub. Bir hərbçi baş vermiş təyyarə qəzasında həlak olub”.

İnstitutun məlumatına görə, ölənlərin 24 nəfəri əsgər, 3 nəfəri gizir, 2 nəfəri kiçik çavuş, 12 nəfəri zabit, 5 nəfər isə müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu olub. Bunların 40 nəfəri Müdafiə Nazirliyinin, 6 nəfər isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olublar.

"Müdafiə Nazirliyi ona aid olan 40 ölüm hadisəsinin 28-i barədə hər hansı açıqlama verməyib. DSX isə 6 hadisədən yalnız ikisinə aydınlıq gətirib”, - Xəzər Hərbi Tədqiqatlar İnstitutu bildirib.

İnstitut əlavə edib ki, bu il ümumilikdə 18 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). Onların 8 nəfəri mərmi partlayışından, 5-i erməni gülləsindən, 4 nəfər sərhəd pozucuları ilə atışmada, 1 nəfər naməlum səbəbdən xəsarət alıb.