İlham Əliyevin çıxışına müxalifətdən cavab
28-05-2019 14:16 / Bu xəbər 1019 dəfə oxundu
"1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi (AXC) - Müsavat rejimi hakimiyyəti qanunsuz şəkildə zəbt etdikdən sonra vəziyyət daha da ağırlaşdı, pisləşdi. Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü".
Bunu İlham Əliyev "Respublika Günü" münasibətilə rəsmi qəbulda deyib.
İlham Əliyev daha sonra bildirib: "Məhz o illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi alovlanmış və torpaqlarımız işğal altına düşmüşdü. Ölkəmizdə xaos, total böhran hökm sürürdü, iqtisadiyyat iflic vəziyyətdə idi. Əlbəttə ki, Azərbaycan xalqı çıxış yolu axtarırdı. Onu da əlavə edim ki, AXC-Müsavat rejimi ölkədə vətəndaş müharibəsini başlamışdı. Xalqımız nicat yolunu Heydər Əliyevin simasında gördü, onu hakimiyyətə dəvət etdi və bir daha öz müdrikliyini təsdiqlədi".
Müsavat Partiyasının başqanı Arif Hacılı Toplum.tv-yə deyib ki, təbrik çıxışında bu tipli ifadələrin işlədilməsi, fikirin müəllifinin cəmiyyətə münasibətindən xəbər verir: "Bayram təbrikində insanları təbrik etmək, onlara uğurlar arzulamaq lazımdır. Görünür, İlham Əliyevin bunlardan xəbəri yoxdur. Biz Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının təşkilatçısı olan şəxslərin varislərləriyik. Həmin cümhuriyyəti 1991-ci il oktyabrın 18-də bərpa etdik. 1992-1993-cü illərdə Azərbaycanda bütün sahələr inkişaf edirdi. Demokratiya və insan haqları məsələsində çox ciddi uğurlar əldə olunmuşdu. Demokratik institutlar yaradılmışdı. Dövlət quruculuğu işlərində ciddi nəticələr vardı. Hazırda Azərbaycan dövlətinin strukturunda mövcud olan qurumların bir çoxu məhz 1992-1993-cü illərdə yaradılmışdı”.

Arif Hacılı
Arif Hacılı həmçinin həmin dövrdə Qarabağ məsələsində də ciddi irəliləyişə nail olduqlarını deyib: "Azərbaycanın bir çox əraziləri işğaldan azad edilmişdi. Kəlbəcərin işğaldan azad olunmasının qrafiki müəyyənləşmişdi. 4 iyun qiyamı baş verməsəydi, iyunun sonunda erməni silahlı birləşmələrinin Azərbaycandan çıxmasının belə qrafiki hazırlanmışdı. Bütün sahələr inkişaf edirdi. 4 iyun qiyamı bu inkişafın qarşısını aldı. 1992-1993-cü illər 1918-1920-ci illər kimi Azərbaycan xalqının şərəfli tarixidir”.
Milli Şura sədri Cəmil Həsənli bildirib ki, həmin dövrü təftiş etməkdənsə, işğal olunan torpaqları azad etmək lazımdır: "Araşdırmaq lazımdır ki, müdafiə, milli təhlükəsizlik və fövqəladə hallar nazirliklərinin xərcləri London ofşorlarına necə köçürülüb. Bunlar beynəlxalq araşdırmalar nəticəsində sənədlərlə öz təsdiqini tapıb. AXC cəmi bir il hakimiyyətdə olub. Həmin dövrdə rus qoşunları Azərbaycanın hüdudlarını tərk etməli olub. Həmin vaxtı rus qoşunları heç Pribaltika ölkələrindən çıxmamışdı. Görünür, İlham Əliyevin bu barədə məlumatları çox bəsitdir. Azərbaycan ilk pul vahidi kəsən respublika olub və sərhədlərinin mühafizəsini öz üzərinə götürüb".

Cəmil Həsənli
Cəmil Həsənli İlham Əliyev və Heydər Əliyevin qazandığı seçkilərin hamısının saxtalaşdırıldığını deyib: "Bunu beynəlxalq rəylər təsdiq edib. AXC hakimiyyətə 1992-ci il iyununda keçirilən seçkilərlə gəldi. AXC-nin keçirdiyi seçki müstəqillik dövründə keçirilən yeganə seçkidir ki, onun barəsində həm ölkənin daxilində, həm də beynəlxalq aləmdə verilən rəy müsbət olub. Görünür, İlham Əliyev bunları tez unudub”.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən hərbi paradda da belə çıxış edib.
O, 1992-ci ildə Xalq Cəbhəsi və Müsavat Partiyasının dövlət çevrilişi həyata keçirdiyini və bunun nəticəsində ölkədəki vəziyyətin daha da ağırlaşdığını deyib.
Uğur Fərzəli












