İqtisadçı: “Ölkədə inflyasiyanın 13 faiz olması yalandır”

İqtisadçı: “Ölkədə inflyasiyanın 13 faiz olması yalandır”

10-08-2022 18:57 / Bu xəbər 1536 dəfə oxundu

"Utanmadan əhalini aldadırlar, camaatın gözünə kül üfürürlər”

Azərbaycanda illik inflyasiya 13 faizə çatıb. Dövlət Statistika Komitəsinin məlumatından belə bəlli olur.

Məlumatda deyilir ki, 2022-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyul aylarına nisbətən 113,0 faiz təşkil edib.

Bu dövr ərzində ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,1 faiz bahalaşma qeydə alınıb.

Cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, əvvəlki ilin iyul ayına nisbətən 113,7 faiz təşkil edib.

İyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyü, qarabaşaq yarması, makaron məmulatları, kolbasa, mal, qoyun və toyuq əti, qatılaşdırılmış şəkərli süd, xama, yumurta, bitki yağları, limon, pomidor, soğan, sarımsaq, mərci, şəkər və şəkər tozu, konfetlər, qəhvə, mineral sular, "Coca-cola”, limonad, pivədə olub.

Ucuzlaşma isə əsasən təzə balığın, bananın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, xiyarın, kələmin, bibərin, badımcanın, təzə lobyanın, kartofun, çuğundurun, yerkökünün qiymətlərində müşahidə edilib.

Bildirilir ki, digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Rəsmi statistikada deyilir ki, 2022-ci ilin iyul ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz, əvvəlki ilin iyul ayına nisbətən 108,6 faiz təşkil edib.

Cari ilin iyul ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma Aİ-95 markalı avtomobil benzinin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, mebellərin, məişət cihazlarının, divar kağızlarının, toz şəklində sintetik yuyuсu vasitələrin, şampunların, diş pastalarının və dezodorantların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və yazı kağızlarının qiymətlərində müşahidə olunub.

Məlumatda qeyd edilir ki, digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2022-ci ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin iyul ayına nisbətən 108,9 faiz təşkil edib.

Nemət Əliyev

Cari ilin iyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin təmiri, ictimai iaşə və MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində, ucuzlaşma isə dəmir yolu nəqliyyatı ilə ölkədaxili və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İqtisadçı Nemət Əliyev Dövlət Statistika Komitəsinin infilyasiya göstəricisinə dair açıqladığı rəqəmin yalan olduğu qənaətindədir.

İqtisadçı Meydan TV-yə deyib ki, aparılan statistik araşdırmalara görə, ötən illə müqayisədə ölkə üzrə bu ilin yanvar-iyul ayları ərzində 35-40 faiz bahalaşma qeydə alınıb: "Dövlət Statistika Komitəsinin infiyasiya göstəriciləri haqqında məlumatları artıq xalq arasında lətifəyə çevrilib. Onların elan etdiyi bu göstəriciyə inanan yoxdur. Çünki hər bir adam girdiyi mağazada, alış-veriş etdiyi bazar-dükanda qiymətlərin aybaay, günbəgün deyil, saatbasaat dəyişdiyini görür. Ölkədə inflyasiyanın 13 faiz olması yalandır. Utanmadan əhalini aldadırlar, camaatın gözünə kül üfürürlər”.

İqtisadçının hesablamalarına görə, son 1,6 il ərzində dünya bazarlarında neft-qaz qiymətlərinin yüksək olması Azərbaycanın ticarət dövriyyəsində ciddi artımlara səbəb olub: "Hesablama zamanı məlum oldu ki, Azərbaycan son 1,6 il ərzində neft məhsulları və təbii qazın bahalaşmasından iyirmi altı milyard manat əlavə gəlir götürüb. Xarici ölkələrə satılan məhsulların bahalaşmasından dolayı Azərbaycanın başından pul yağır. Lakin bu var-dövlətin içərisində hökumətin əhalini qiymətlərlə sınağa çəkməsi, heç cür başadüşülən deyil. Bunu heç cür bağışlamaq mümkün deyil. Normal məntiqlə izah etmək də mümkün deyil. Gərək sən millətini, xalqını sevməyəsən ki, bu cür amansız şəkildə gündəlik yaşayışı ilə oyun oynayasan”.

Nemət Əliyev deyir ki, orta məbləğ pensiya 9-19 faiz, orta aylıq əməkhaqqı isə 13-14 faiz artıb. Bu artımı ümumi bahalaşma göstərcisi olan 35-40 faizlə müqayisə etdikdə, əhalinin alıcılıq qabiliyyətinin kəskin pisləşdiyini görmək mümkündür: "Məsələni bir az da dramatikləşdirən odur ki, bunun qarşısını alınmaq əvəzinə, vəziyyəti gündən-günə ağırlaşdırmaqda davam edirlər. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəm çox böyük ehtimalla Azərbaycan hökumətinin quruma verdiyi məsləhətin nəticəsi kimi ortalığa çıxıb”.