İranda həbsdən qaçaraq Azərbaycana gələn siyasi fəal həyatının təhlükədə olduğunu deyir
24-06-2024 15:57 / Bu xəbər 748 dəfə oxundu
İranda həbsdən qaçıb ağ bayraq qaldıraraq 2023-cü il oktyabrın 12-də Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təslim olan İran vətəndaşı, azərbaycanlı fəal Puya Purhemməti Amerikanın Səsinə müraciət edərək həyatının təhlükədə olduğunu bildirib.
Puya Purhemməti "Amerikanın Səsi"nə müsahibəsində deyib ki, İranda həbsdən qaçıb ağ bayraq qaldıraraq Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təslim olmasına baxmayaraq Azərbaycanın Füzuli Rayon Məhkəməsi onu 3 min manat cərimə edib.
"Prokuror mənə 1,5 il həbs istədi. Lakin məhkəmə 3000 manat cərimə kəsdi və mənim məhkəməyədək həbsdə qaldığım 3 aylıq müddətlə kompensasiya etdi. Sonra prokurorluq protest verərək yenidən həbs cəzası istədi, vəkilim isə bəraət verilməsini istədi. Hansı ki sərhədçilər də məhkəmədə təsdiq etdi ki, ağ bayraq qaldıraraq sərhədi keçmişəm. Çünki İranda həyatıma fiziki cəhətdən təhlükə olduğu üçün sərhədi keçmişəm. Məhkəmədə bunları tam sübuta yetirdik. Amma apelyasiya instansiyası Füzuli Rayon Məhkəməsinin hökmünü qüvvədə saxladı”, - o qeyd edib.
Onun sözlərinə görə, artıq onu Azərbaycanda həbs cəzası gözləmir: "İstərdim ki, necə ki, günahsızam, bəraət də ala bilim. Amma, bəraət vermədilər”.
Puya Purhemməti Azərbaycanda yaşamasına baxmayaraq İranın Azərbaycandakı səfirliyi tərəfindən təhdid olunduğunu bildirir: "Birinci, Azərbaycan üçün problem olmaq istəmirəm. Necə ki, Azərbaycanın Dövlət Miqrasiya Xidmətində demişəm. Mən orada dedim ki, köməklik etsinlər humanitar viza ilə daha təhlükəsiz olan üçüncü ölkəyə gedim. Mən Azərbaycandan tezliklə başqa ölkəyə getmək istəyirəm. Açığı, İran səfirliyi məni açıq təhdid edir. Evimin yerini, ünvanını bildiyini bildirir. Mənə qaldığım evin ünvanını dedilər. Ona görə məcbur qalıb, yaşadığım ünvanı dəyişdim. İndi çox çətin şəraitdə, stress altında yaşayıram”.
O deyir ki, vəkilləri ilə məsləhləşdikdən sonra İran ərazisi hesab edilmədiyindən İranın Bakıdakı konsulluğundan pasportunu tələb edib: "Ancaq, konsulluqdan pasportumu tələb etdikdən sonra məni təhdid etdilər. Dedilər sənə pasport yoxdur. Dedilər ki, sənin yaşadığın yeri bilirik, izlənilirsən. Onlar bildirdilər ki, elə vəziyyət yadacaqlar ki, ya mən İrana qayitmaq üçün yalvaracam, ya deport edəcəklər, ya da özləri tutub İrana aparacaqlar. Onların dediyinə görə, burada məni heç kim qorumayacaq. Daha sonra dedilər ki, bunlar da olmasa Azərbaycanda İrandan olan dissidentlərin başına gələn hadisələr mənim də başıma gələ bilər. Onlar belə təsvir etdilər ki, dava-dalaş olar və onların arsasından məni aradan götürə bilərlər. O bir pis gülüşlə (ironiya) ilə dedi ki, sən özünü burada təhlükəsiz hiss edirsən, amma elə deyil. Mən bundan dərs götürdüm. İran belə işləri başqa ölkələrdə görürsə, həmsərhəd olduğu ölkələrdə daha rahat görə bilər. SEPAH necə narktoik vasitələri qaçaqmal yolu ilə Azərbaycana daşıyırsa, həmin yolla da bizim kimi siyasiləri tutub qaytara bilər”.
Puya Purhemməti hesab edir ki, onun İrana qaytarılması edam edilməsi olar: "Bunu açıq bilirəm. Necə ki, İran hökuməti məni orada casus kimi ittiham etmək istəyirdi. Bunun üçün heç bir sübutları belə yox idi. Mən heç zaman casusluq etməmişəm. İran məni geri qaytarsa casus ittihamını irəli sürüb edam edəcək”.
Onun stresini bu günlərədə yayılan bir xəbər daha da artırıb: "Bu günlərdə SEPAH-a (İran İnqilab Keşikçiləri Korpusu) yaxın media orqanında yazılıb ki, Azərbaycanda olan bir siyasi fəal SEPAH tərəfindən götürülərək qaçaq yolu ilə İrana aparılıb. O adam indi Ərdəbildə SEPAH-ın əlindədir. Bu, mənim də başıma gələ bilər. Açığı, indi bizi heç bir ölkə qorumur. Mənim Azərbaycanda müvəqqəti bir oturumum var. Mən indi bu ölkədən çıxsam heç bir ölkə məni müdafiə etmir. Belə getsə mən də İranda edam ediləcək insanların birinin sayını artırmalı olacam”.
Puya Purhemməti həmçinin humanitar viza ilə üçüncü ölkəyə getmək üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan ofisinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinə, ABŞ, İsveçrə, Almaniya, Norveç, Belçika, Danimarka və digər ölkələrin səfirliklərinə müraciət edib: "BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bildirdi ki, 2020-ci lldən başlayaraq onlar bu işlərlə məşğul olmur. Mənə yalnız hüquqi cəhətdən kömək edə bilərlər. Beynəlxalq Qızıl Xaç Komitəsi də bu işlərlə məşğul olmadığını bildirdi. Səfirliklərdən isə hələ bir cavab almamışam. Amma, mən hansı ölkəyə getmək üçün seçim etmək durumunda deyiləm. Hansı ölkə məni qəbul etsə, bir günahsız insanı ölümdən xilas etmiş olar”.
O təhlükəsizliyinin təminatı ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinə də müraciət etmək fikirndədir.
Puya Purhemməti İranın əxlaq polisinin nəzarətində olarkən öldürülən Məhsa Əmini ilə bağlı 2022-ci il sentyabrın 29-da Təbrizdə keçirilən etiraz aksiyasının təşkilatçılarından olub.
O, etiraz aksiyasından sonra saxlanılıb. İran məhkəməsi Purhemmətini daxili və xarici qüvvələrlə birləşib hökumət əleyhinə etirazlar təşkil etmə ittihamı ilə 3 il həbsə məhkum edib.
Məhkəmə hökmünə görə, həbsindən sonra o, 2 il də İran ərazisini tərk edə bilməzdi.
Puya Purhemməti 2023-cü il oktyabrın 9-da girov müqabilində həbsdən buraxılıb. Həbsdən buraxılandan sonra onu yenidən həbsxanaya qaytarmaq üçün axtarıblar. Bu səbəbdən o, oktyabrın 12-də Azərbaycanın Füzuli rayonu istiqamətində ağ bayraq qaldıraraq İran sərhədini keçərək Azərbaycan sərhədçilərinə təslim olub.
Purhemməti Azərbaycan Respublikasından siyasi sığınacaq verilməsini istəyib və ya üçüncü təhlükəsiz ölkəyə keçirilməsini xahiş edib.
Puya Purhemmətinin Azərbaycanın dövlət sərhədini keçməsini Azərbaycan məhkəməsi də təsdiq edib.
Oktyabrın 14-də Bakı şəhərinin Səbail rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Puya Purhemməti barəsində Azərbaycan Cinayət Məcəlləsinin 318.1 maddəsi (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) ilə təqsirləndirlən şəxs qismində iki ay həbs qətimkan tədbiri seçib.
Puya Purhemməti 2023-cü il dekabrın 11-də ev dustaqlığına buraxılıb.
Bununla yanaşı, İranın və Azərbaycanın rəsmi qurumları siyasi fəalla bağlı məlumat yaymayıb.
Puya Purhemməti 1987-ci il sentyabrın 9-da İranın Culfa şəhərində anadan olub.
O, İran vətəndaşıdır və hazırda Təbriz şəhrində qeydiyyatdadır. Puya Purhemməti ali təhsillidir və ailəlidir.
Puya Purhemməti deyib ki, hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin üzvüdür.
"Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov "Amerikanın Səsi"nə deyib ki, şəxsin vətəndaşı olduğu ölkədə məruz qaldığı hüquqazidd təqiblərdən yaxa qurtarması üçün sığınacaq hüququ var: "Milli və beynəlxalq qanunvercilik sığınacaq hüququnu tənzimləyir. Azərbaycan konstitusiyanın 70-ci maddəsi siyasi sığınacaq hüququnu tənzimləyir. Həmin maddənin tələblərinə görə, Azərbaycan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir. Siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 4-cü maddəsinə əsasən, "Hər bir şəxs digər ölkələrdə təqibdən sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququna malikdir".
Hüquq müdafiəçisi bildirib ki, azərbaycanlı aktivist Puya Purhemməti İranda dinc qaydada yığıncaqlar azadlığından istifadə edib və buna görə edam cəzası təhdidi altında olub: "O, ölümdən xilas olmaq məqsədilə Azərbaycan-İran sərhədində ağ bayraq qaldırıb, Azərbaycan tərəfindən sığınacaq istəyib ki, bu da beynəlxalq humanitar hüququn və milli qanunvericiliyimizin tələblərinə tam uyğundir. Lakin təəssüf ki, siyasi qaçqının təhlükəsizliyini, sosial-siyasi təminatını yerinə yetirmək əvəzinə onun barəsində cinayət təqibi həyata keçiriblər, üstəlik 3 ay həbsdə saxlayıblar, sonra isə pul tənbehi təyin ediblər - 3000 manat. Puya Purhemmətin işini əvvəldən izlədiyimə görə deyə bilərəm ki, Azərbaycanın prokurorluq orqanları xüsusi canfəşanlıq edir, onun cəmiyyətdən təcrid olunmasına çalışır ki, bu da qüvvədə olan yerli və beynəlxalq qanunvericiliyə ziddir. Obrazlı desək, aktivist yağışdan çıxıb, yağmura düşüb, çünki Azərbaycanda da məhkəmələr müstəqil deyil, hüquq mühafizə orqanları siyasi rejimin əlində alətdir. Odur ki, aktivist Puya Purhemməti ABŞ, İsveçrə, Almaniya, Norveç, Belçika, Danimarka kimi hüquq qaydasının işlədiyi dövlətlərə müraciət edibsə, bu, başadüşüləndir”.
Səfərov hazırda Bakıda olan aktivistin İranın Azərbaycandakı səfirliyi, SEPAH tərəfindən hədələndiyindən, hətta oğurlanıb İrana aparılacağı ilə təhdid olunmasından narahatdır.
"Çağırış edirəm ki, Azərbaycan hökuməti hüquqazidd edam cəzasından xilas olmaq üçün vətənimizə pənah gətirən siyasi qaçqının sonrakı həyat və təhlükəsziliyinə tam təminat verə bilmirsə, ya da bunu istəmirsə, heç olmazsa, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün real şərait olan dövlətlərdən birinə keçirilməsinə əngəl olmasın. Çünki onun çıxışlarından bu qənaətə gəlirəm ki, belə ağır durumunda günün birində Bakı tərəfindən Tehrana təhvil verilmə təhlükəsi də var”, - hüquq müdafiəçisi "Amerikanın Səsi"nə deyib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan Nümayəndəliyi Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, qaçqın statusundan məhrum edilmiş şəxslər üçün BMT QAK yalnız hüquqi yardım təklif edə bilir və qeyd etdiyiniz şəxsin öz vəkili olduğu üçün BMT QAK tərəfindən hüquqi yardımla təmin edilməyib.
"Əlavə məlumat təqdim edə bilmərik”, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Nümayəndəliyinin cavabında qeyd edilir.
ABŞ-ın Azərbaycandakı səfirliyi "Amerikanın Səsi"nin sorğusuna cavabda bildirib ki, viza qeydləri ABŞ qanunlarına əsasən məxfidir.
"Buna görə də biz fərdi viza işlərinin təfərrüatlarını müzakirə edə bilmərik”, - səfriliyin cavabında qeyd edilir.
Azərbaycan Dövlət Miqrasiya Xidməti isə "Amerikanın Səsi"nin sorğusuna cavab verməyib.