İslahat imitasiyası

İslahat imitasiyası

24-03-2019 15:52 / Bu xəbər 1527 dəfə oxundu

Alya Yaqublu

İlham Əliyev indiyə qədər maksimum əzməyə çalışdığı siyasi qüvvələrin güclənməsi durumunu qəbul edə bilərmi?

İlham Əliyevin 50-dən çox siyasi məhbusu əfv etməsi cəmiyyətdə ciddi mübahisələr doğurdu – kimiləri bunu hakimiyyətin islahat niyyəti kimi dəyərləndirdi, kimiləri onu bu addımı atmağa məcbur edən daxili və xarici amilləri sadaladı, kimiləri də baş verənləri İlham Əliyevi demokratik dəyişiklilərə həvəsləndirmək fürsəti kimi qiymətləndirib öz ictimai nüfuzundan ona təsir vasitəsi kimi istifadə etməyə çalışdı.

İslahatlarla bağlı optimist olmaq üçün ciddi əsaslar varmı? İ.Əliyevin Beyləqanda "Azərbaycan” mahnısını oxumasını və ya həmişəkindən daha çox sayda siyasi məhbusu azad etməsini Azərbaycan hakimiyyətinin islahatlara meyllənməsi hesab etmək olarmı? Əvvəlki əfv fərmanlarından sonra olduğu kimi, bu dəfə də yeni həbslər olmayacağını - avtoritar rejimin müxalif fəaliyyətə yaşıl işıq yandırıb demokratikləşməyə hazırlaşdığını düşündürəcək hansısa qeyri-populist addımları olubmu?

Əvvəlcə məsəslənin nəzəri tərəfinə baxaq.

Ömürlük prezidentliyi təmin edən konstitusiya dəyişikliyi başda olmaqla, sistem bütünlüklə idarəçiliyin avtoritar formasına uyğunlaşdırılıb. Prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi də məhz avtoritarizmin qorunmasına xidmət edir - Erkin Qədirlidən fərqli olaraq mən bunu hakimiyyətin nisbətən müstəqil parlament formalaşdırmaq, amma ehtiyatı da əldən verməmək planı kimi yox; deputatlar kimisə Əliyevlərdən daha perspektivli hesab edəcəkləri halda həmin şəxsin parlament çoxluğunu ələ keçirmək şansını əngəlləmək niyyəti kimi baxıram (Rəsul Quliyev olayında YAP-ı tərk edib ADP-yə üzv olanları xatırlayın).

Hansı növ islahatlara üstünlük verdiyini İlham Əliyev cəmi 2 il 6 ay bundan əvvəl keçirdiyi referendumda nümayiş etdirib və bu müddət ərzində onu demokratiya uğruna hakimiyyətindən vaz keçirə biləcək hər hansı böyük hadisə baş verməyib – nə özünü və komandasını çıxılmaz duruma salacaq beynəlxalq sanksiyalar var, nə də sahə müvəkkillərinin təzyiqlərinə yüzminlik icazəsiz aksiyalarla reaksiya verəcək kütlə. Doğrudur, Əliyev, məsələn, Franko diktaturasından sonra ölkəsini tədricən demokratik inkişaf yoluna yönəldən və ilk 10 il ərzində İspaniyanı müasir ölkələr sırasına qatan Xuan Karlosun islahat modelindən yararlanıb Azərbaycanda həm demokratiya qura, həm də öz hakimiyyətini möhkəmlədə bilərdi; amma o, avtoritarizmin şəxsən özünə açdığı imkanlardan vaz keçəcək qədər iradəli olmadığı üçün ölkə və xalq olaraq bizi bu şansdan məhrum edib.

İlham Əliyev və komandasından demokratik islahat gözləntilərinə rejimin praktik siyasəti çərçivəsindən də baxaq. Məlum, demokratiya institutlar və qaydalar toplusudur. Nəzəriyyəyə görə, bu institutlar seçki mexanizmi, hakimiyyət bölgüsü, müstəqil mətbuat və vətəndaş cəmiyyəti vasitəsilə siyasətin rəqabətli və xalq qarşısında hesabatlı olmasını təmin etməlidir. Demokratikləşmənin ilkin şərti isə, təbii ki, müasirləşmədir. Uzun illərdirdir ki, Azərbaycanda bu sahədə vəziyyət ölü nöqtədən tərpənmir: azad və ədalətli seçki təmin edilmir, hakimiyyət seçki saxtakarlıqlarına imkan verən Seçki Məcəlləsini dəyişməməkdə israrlıdır; azad bazar iqtisadiyyatı da təmin edilmir, hakimiyyət qeyri-effektiv idarəetməni, məmur sahibkarlığına əsaslanan sərt inhisarlaşmanı davam etdirməkdə və azad rəqabət mühiti yaratmamaqda israrlıdır; müstəqil məhkəmə sistemi qurmaq üçün nəinki bir, heç yarım addım da atmır, müstəqil vəkillərə qarşı aparılan "soyqırım” siyasəti hakimiyyətin burda da hər hansı irəliləyiş planlaşdırmamasından və əksinə, bu sahəyə nəzarəti daha da gücləndirməklə insanları elementar müdafiə hüququndan da məhrum etmək istəməsindən xəbər verir; müstəqil medianı sıradan çıxarmaq siyasətindən imtina edildiyini söyləmək üçün də heç bir əsas yoxdur, hakimiyyət tənqidçi mətbuatın və jurnalistlərin fəaliyyətini məhdudlaşdırmaq siyasətindən əl çəkmir, azad sözə qarşı sosial şəbəkələr üzərindən də mübarizə aparır, tənqidi statuslara görə polis təzyiqi və qondarma ittihamlı cəzalar kəsmək praktikası davam edir.

İndi də bütün bunlardan imtina edilməsi perspektivinə baxaq.

Bütün despotik rejimlər kimi, avtoritarizm də dəyişikliklərə müqavimət göstərən idarəetmə sistemidir. 21-ci əsrin təcrübəsi göstərir ki, avtoritar rejimlərin islahatlara digərlərindən daha yatqın olması düşüncəsi onların müqavimət gücünü daha da artırır, çünki bu yanaşma islahat imitasiyaları üçün geniş üfüqlər açaraq demokratik dəyişikliklər mövzusunu antidemokratik rejimlər və Qərb arasında siyasi alver predmetinə çevirir. Qərb öz dəyərlərinə uyğunlaşdırmaq istədiyi avtoritar lideri "demokratiyaya doğru bir addım” tələsinə saldığını düşünməkdəykən bir də ayılıb görür ki, özü tələdədir – islah olunması üçün zaman tanıdığı (eyni zamanda güclənməsinə də fürsət verdiyi) rejim irəliyə yox, geriyə doğru addım atıb monarxiya qurmağa hazırlaşır. Məsələn, Azərbaycanda olduğu kimi – prezident İlham Əliyev həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməklə hakimiyyətin ailə çərçivəsində davamlılığını təmin etmək niyyəti nümayiş etdirib. Onun ailə monarxiyası ideyası hər nə qədər Qərblə razılaşdırılmış olsa belə, sivil dünyanın bu ssenaridən məmnun olduğunu düşünmürəm. Çünki hər bir ayrıca götürülmüş ölkədə demokratiyanın məğlubiyyəti sivil dünyanı təhdid edən təhlükələrin bir az da artması deməkdir - demokratikləşməyə qarşı qoyulan "sakitlik və sabitlik” arqumentinin etibarsız zəmini sosial narazılıqlar və repressiyalar (yəni daha bir qarşıdurma ocağı) üçün çox münbit şəraitdir. Son illərin təcrübəsini də unutmaq olmaz - bir ölkədə baş verən təlatümlər artıq onun sərhədlərindən çox-çox uzaqda olan ölkələr üçün də ciddi çətinliklər yaradır və deməli, avtoritar lider təkcə öz xalqının yox, həm də Qərbin problemidir.

Azərbaycan hakimiyyətinin zaman-zaman dövriyyəyə buraxdığı islahat imitasiyası, təbii ki, həm də ölkə daxilindəki dayaqlarını möhkəmlətmək üçündür. "Yuxarılar” sistemin mahiyyətinə və idarəetmə prinsiplərinə zərər vurmayan kadr və struktur dəyişikliyi hadisələrini hakimiyyətyönlü KİV-də "İslahatlara start verildi!”, "Prezident komandasını dəyişir!” kimi xəbər başlıqlarıyla tirajlayıb cəmiyyətdə gözləmə ovqatı yaratmağa çalışırlar və insaf naminə deyim ki, bacarırlar da.

Əlbəttə, orta statistik olmayanların da gələcəklə bağlı ümidə ehtiyacı var və ola bilsin, əfvlə bağlı müsbət reaksiyaları həm də bu ehtiyac doğurmuşdu. Amma reallıq ümidverici deyil, hakimiyyət islahat niyyətinin ciddiliyini göstərən variantlardan heç birinə bir addım da olsa, yaxın gəlməyib:

1) demokratikləşmə zərurətinin rəsmən etirafı, islahatlar planının açıqlanması və icrasına start verilməsi;
2) islahat təkliflərini müxalifətlə birlikdə hazırlamaq niyyətinin açıqlanması və onlara danışıq təklif edilməsi.

Varinatları oxuyanda "Mümkün deyil!” deyə düşündünüzsə, demək ki, İlham Əliyevin demokratikləşmə yönündə ciddi addımlar atması da mümkünsüzdür.

Bunlar həqiqətən ciddi məqamlardır və islahatlar barədə ciddi danışa bilməmiz üçün ikisindən birinin olması lazımdır.

Birinci halda hakimiyyət kənardan (Qərbdən və ya müxalifətdən) təzyiq olmadan, öz şəxsi təşəbbüsüylə siyasi sistemi dəyişmək qərarına gəlir. Doğrudur, bu variant onu seçənlər üçün heç də həmişə uğurla nəticələnmir, çünki onlar hakimiyyətdə qalmağa çalışdıqları üçün islahatlar çox ləng gedir, qəti və ardıcıl olmur; hakimiyyət eyni zamanda iki od arasında – bir tərəfdən daxilindəki konservativ qüvvələrin dirənişi, digər tərəfdənsə islahat havasıyla "oyadılmış” kütlənin təzyiqi arasında qala bilir. Bu konfliktin dərinləşməsi hakimiyyəti itirməklə də nəticələnə bilər, amma tədrici və radikal olmayan dəyişikliklər baxımından cəmiyyətin maraqlarına daha çox bu variant uyğun gəlir.

İlham Əliyev cəmiyyətin maraqları naminə hakimiyyətdən getmək ehtimalını gözə alarmı – bir; komandasındakı konservativ qüvvələri zərərsizləşdirə bilərmi – iki; Rusiya islahatlara mane olmaq istəyərsə, onu neytrallaşdıra bilərmi – üç. Gördüyünüz kimi, alt suallar da qəlizdir və təkcə birinci suala cavab vermək bəs edir ki, "yuxarılardan” ciddi islahat təşəbbüsü gələcəyini gözləməyəsən.

Əslində, ikinci variant İ.Əliyevə xeyli məqbul görünə bilər, çünki dəyişikliklərin əsas müxalif qüvvələrlə razılaşdırılması ona xeyli divident qazandırır: tərəflərdən hər birinin üzərinə müəyyən öhdəliklər qoyulması, islahatların məsuliyyətinin bölüşdürülməsi, konservativlərə və digər əleyhdarlara qarşı mübarizə imkanın artması və nəhayət, bircə dəfə də olsa, saxtalaşdırılmamış seçki yoluyla hakimiyyətdə qalmaq şansının yaranması deməkdir.

İlham Əliyev indiyə qədər maksimum əzməyə çalışdığı siyasi qüvvələrin güclənməsi durumunu qəbul edə bilərmi – bir; onlarla dialoqu və iş birliyini mümkün sayarmı – iki, hakimiyyətdə qalıb-qalmamaq kimi vacib məsələni şansın ümidinə buraxarmı – üç.

Bu suallara da müsbət cavab vermək çətindir. Doğrudur, gəncliyində şans oyunlarını sevmiş biri olaraq bəlkə də üçüncü bənd ona maraqlı görünə bilərdi, amma indi çətin ki, müsbət yanaşar - "stavka” çox böyükdür.

Yazı və foto Meydan.tv-dən götürülüb.