Jurnalist 2 ay 17 günlük həbs edilib

Jurnalist 2 ay 17 günlük həbs edilib

15-01-2024 19:48 / Bu xəbər 673 dəfə oxundu

Jurnalist məhkəməyə əlləri qandallı gətirilib

"Abzas Media” nəşrilə bağlı cinayət işi üzrə iki gün əvvəl şübhəli şəxs qismində saxlanılan jurnalist Elnarə Qasımova haqqında həbs qərarı verilib. 

Yanvarın 15-də Xətai Rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 2 ay 17 günlük həbs qətimkan tədbiri seçilib. 

Həbs qərarını hakim Bəxtiyar Məmmədov verib.

Elnarə Qasımova məhkəmə qarşısına əlləri qandallanmış vəziyyətdə çıxarılıb. 

Vəkili Bəhruz Bayramov buna etiraz edib.

Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi məhkəmədə çıxışında Elnarə Qasımovanın həbsi üçün verilmiş təqdimatı müdafiə edib. 

Deyib ki, istintaq dövründə onun həbsdə saxlanması vacibdir. Çünki istintaqdan yayınmaq, şahidlərə təsir göstərmək ehtimalı var.

Vəkil Bəhruz Bayramov buna da etiraz edib. 

O bildirib ki, Elnarə Qasımovaya qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamı əsassızdır. 

Vəkilin sözlərinə görə, onu həbsdə saxlamadan da istintaq aparıla bilər.

Elnarə Qasımova özü isə heç bir cinayət törətmədiyini, sifarişlə həbs olunduğunu bildirib. 

O vurğulayıb ki, qaçaqmalçılıq ittihamı absurddur və həbsinin gerçək səbəbi jurnalist fəaliyyətidir.

Müdafiə tərəfinin arqumentlərinə baxmayaraq, Bəxtiyar Məmmədov jurnalistin həbsi üçün verilmiş təqdimatı təmin edib və onun barəsində 2 ay 17 günlük həbs qətimkan tədbiri seçilib.

Bəhruz Bayramov Meydan TV-yə bildirib ki, həbs qərarından apelyasiya şikayəti veriləcək.

Korrupsiya araşdırmalarıyla tanınan "Abzas Media" işi üzrə həbslər noyabrın 20-dən başlayıb. 

Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) həbs edilib. 

Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı və Nərgiz Absalamova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqsan sinra "AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, "Abzas Media”da prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.