Jurnalistlərə seçkini çəkmək qadağası qoyulur

Jurnalistlərə seçkini çəkmək qadağası qoyulur

07-02-2024 10:05 / Bu xəbər 763 dəfə oxundu

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli bəzi seçki məntəqələrində jurnalistlərin çəkilişinə manelərin yaradıldığını deyir.

Bu barədə Ələsgər Məmmədli "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, jurnalistlərə: "Siz Media reyestrində qeydiyyatda yoxsunuz, çəkiliş edə bilməzsiniz”- deyilib.

Hüquqşünas bu münaisbəti tamamilə qanunsuz və qeyri-hüquqi davranış sayır: "Azərbaycanda medianın Seçkidə iştirakı Seçki Məcəlləsi ilə tənzimlənir. Seçki Məcəlləsinin 40.8, və 43-cü maddələrində bu hüquq bütün KİV-lərə tanınıb. Ayrıca seçkidə təməl prinsip şəffaflıq və aşkarlıqdır. Yəni seçki gizli, məxfi bir prosses deyil ki, onun gedişatının işıqlandırılmasına jurnalist buraxılmasın. Hətta yeni "Media haqqında" Qanun hər nə qədər ziddiyyətli və məhdudlaşdırıcı olsa da, onun bu seçkinin işıqlandırılmasına müdaxilə imkanı yoxdur. Qanunvericilik media subyektini o zaman tanımır ki, onun fəaliyyəti Media Agentliyi tərəfindən reyestrdən keçmədiyinə görə məhkəmə tərəfindən dayandırılmış olsun. Haqqında məhkəmə qərarı olmayan, praktik fəaliyyət göstərən heç bir media subyektinin jurnalistinə məntəqələrdə giriş və çəkiliş qadağan oluna bilməz".

"Azərbaycan Konstitusiyasının 71.9 maddəsinin tələbinə görə "hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər”.  Yəni heç bir qanun və məcəllə "seçki prosesini yalnız reyestrdən keçən media nümayəndələri izləyə bilər" deyə bir tələb qoymayıb. Belə olsaydı, gərək onlarla beynəlxalq media təmsilçisi reyestrdən keçmədiklərinə görə informasiya toplamayaydılar. MSK-ya səslənirəm: dərhal bütün DSK-lara və məntəqələrə izah edin ki, qanunsuz məhdudiyyətlər gətirməsinlər. Seçkilər şəffaf prosesdir. Ona kölgə salmasınlar", - deyə Məmmədli əlavə edib.

Reyestr qadağası nə deməkdir?

2021-ci ilin sonunda Azərbaycanda "Media haqqında" Qanun parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib.

2022-ci ilin fevralında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qanunu təsdiqləməsilə qüvvəyə minib. 

Yeni qanun media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur. 

Reyestrin aparılması qaydaları prezidentin 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib.

Azərbaycanda müstəqil jurnalistlər və media sahəsinin mütəxəssisləri düşünür ki, "Media haqqında" Qanunun qəbulu, Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə, media azadlığına ziddir. 

Qanunun qəbulu, təsdiqi ərəfəsində də müstəqil jurnalistlər buna etirazlarını bildirib, hətta iki dəfə Milli Məclisin önündə etiraz aksiyası keçiriblər.

Ümumdünya Mətbuat Azadlığı Günündə Sərhədsiz Reportyorlar Təşkilatı 21-ci Dünya Mətbuat Azadlığı İndeksi ilə bağlı hesabatda mətbuatla bağlı 180 ölkədəki vəziyyəti qiymətləndirib. 

Azərbaycan sıralamada 180 ölkə arasında 151-ci yerdədir.

Azərbaycan rəsmiləri isə beynəlxalq təşkilatların hesabatları ilə razı deyil. 

Bu kimi hesabatların həqiqətəuyğun olmadığını və qərəzli olduğunu bildirirlər.

Seçkilərdə kimlər namizəddir?

Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı İlham Əliyev ötən il dekabrın 7-də sərəncam imzalayıb.

Prezidentliyə namizədlər – ölkə başçısı İlham Əliyev, deputatlar Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir.

Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar.

Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.

AXCP, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçki də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.