Kərəm Həsənov hansı icra başçılarının axırına çıxacaq?

Kərəm Həsənov hansı icra başçılarının axırına çıxacaq?

14-07-2016 16:38 / Bu xəbər 1750 dəfə oxundu

Ölkə başçısı İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında əkib-becərilməyən torpaqlar mövzusuna da toxunub: "Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir". 

Ölkə başçısı səmərəli şəkildə istifadə edilməyən torpaqların "sahibkarlardan və yaxud da ki, digər şəxslərdən" alınmalı olduğunu söyləyib.

Dünən isə Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytında bildirilib ki, ölkənin 2.6 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 91 qanunsuz daş, qum-çınqıl karxanası, 6 min hektarda isə 222 qanunsuz balıq gölü yaradılıb. İcra hakimiyyətləri və bələdiyyələr 1204 hektar torpaq sahəsini qanunsuz istifadəyə, icarəyə, mülkiyyətə verib, təyinatının qanunsuz dəyişdirilməsinə dair 245 qərar qəbul ediblər.

Komitə bildirib ki, 20 minə yaxın torpaq icarəçisinin istifadəsində olan 1.2 mln. hektar torpaq sahəsinin 44.3 min hektarı faktiki istifadəsiz qalıb: "Yerli icra hakimiyyətləri və bələdiyyələr də kənd təsərrüfatı torpaqlarını bəzi hallarda qanunsuz olaraq digər məqsədlərlə ayırırlar. Belə ki, ötən dövrlər ərzində yerli icra hakimiyyətləri tərəfindən 72 min hektar torpaq sahəsi, bələdiyyələr tərəfindən 15 minə yaxın hektar qeyri-kənd təsərrüfatı məqsədləri üçün ayrılıb. 122 min hektar torpaq sahəsi isə keçmiş icarəçilər tərəfindən icarə müqaviləsi olmadan istifadə edilir".

Qaynarinfo.Az-a daxil olan məlumata görə, Kərəm Həsənovun rəhbərlik etdiyi qurumun belə bir statistika açıqlaması təsadüfi deyil: "Əmlak Məsələləri Dövlət Komitəsinin sədrində torpaqları qanunsuz satan rayon icra hakimiyyəti başçılarının konkret siyahısı var. Söhbət xüsusilə iri torpaq sahələrini qeyri-qanuni şəkildə satan, beləliklə, onların istifadə edilməməsində birbaş arol oynayan icra başçılarından gedir”.

Məlumatda qeyd olunur ki, Həsənov həmin icra başçılarının hər biri haqqında konkret faktlarla zəngin dosyelər hazırladıb. O, belə məlumatları ölkə rəhbərliyinə təqdim etməyə hazırlaşır: "Bu baş verəcəyi təqdirdə bir neçə rayonunun rəhbər şəxslərinin vəzifələrini itirməsinə şübhə yoxdur".

"Böyük ehtimalla ölkə başçısının haqqında danışdığı və içərisində məmurların adlarının keçdiyi arayışın hazırlanmasında da Kərəm Həsənov birbaşa iştirak edib. Tamamilə mümkündür ki, həmin məmurların böyük bir hissəsini məhz rayon icra başçıları təşkil edir” - deyə mənbəmiz vurğulayıb.

Azərbaycanın xüsusilə turizm baxımından əhəmiyyətli rayonlarının dağlıq və meşəlik ərazilərində iri torpaq sahələrinin qanunsuz satılması hallarının daha geniş yayıldığına diqqət çəkən qaynağımız öncəliklə məhz bu rayonların icra başçılarının cəzalandırıla biləcəyinə diqqət çəkib: "Bundan başqa, əksər rayonlarda kifayət qədər böyük torpaq sahələri var ki, əkilib-becərilmir, amma yerli icra hakimiyyətlərinin birbaşa məlumatı və iştirakı ilə həmin torpaqlara görə dövlətdən subsidiyalar alınır. Artıq belə hallarla bağlı da ciddi məlumatlar toplanır və onlar hökumətə təqdim edildikdən sonra bəzi icra başçıları təkcə vəzifələrini yox, azadlıqlarını da itirə bilərlər” deyə qaynağımız qeyd edib.

Bəs Kərəm Həsənovun hədəf göstərdiyi icra başçıları arasında kimlərin adları var? Bu istiqamətdə araşdırmalarımız davam edir, əldə etdiyimiz məlumatları qısa vaxtda oxucularla paylaşmağa çalışacağıq.

Arqument.Az