Korrupsiya xüsusilə ağır cinayətdirmi?

Korrupsiya xüsusilə ağır cinayətdirmi?

07-02-2023 15:15 / Bu xəbər 2842 dəfə oxundu

Nəzrin Şükürlü

Bir dəfə korrupsiya cinayətləri ilə bağlı qatıldığım bir seminarda təlimçi: "Kim düşünür ki, korrupsiya cinayətləri böyük ictimai təhlükə törətməyəndir, az ağırdır və ya xüsusilə ağır cinayətdir?”, - deyə verdiyi suala mən və sadəcə, 1-2 başqa şəxs: "Xüsusilə ağır cinayətdir", - deyə cavab vermişdik. 

Məndən fikrimi əsaslandırmağımı istəmişdi. Mən isə sadəcə, "indiki zamana yox, həm də gələcəyə yönəlmiş qəsddir" cavabını vermişdim. Hazırda bu suala verəcək o qədər uzun cavabım var ki, bir də Türkiyədə olan zəlzələdən sonra nə yazmaqla, nə də danışmaqla bitər... 

Mənə görə, faciənin miqyasını ölçmək ya da nə iləsə müqayisə etmək etik deyil. Amma faciə bəzən o qədər böyük olur ki,  insanın kədəri bitmir. Biz isə elə bir coğrafiyada yaşayırıq ki, kədər ikinci plana keçir, yerini qəzəb alır. 

Ölkədə müharibə olanda da belə idi. İnsan ürəyi ilə düşünüb empatiya quranda kədərdən, beyni ilə düşünüb faciənin səbəbini axtaranda qəzəbdən boğulur. 

Hazırda Türkiyədəki o qədər böyük itkilər üçün, sadəcə, "təbiət hadisəsidir" deyib keçmək mümkün deyil. 

Eyni yerdə eyni təsirə məruz qalmış binaların ikisi dağılır, biri dağılmırsa, texnologianın, elmin bu qədər inkişaf etdiyi bir dövrdə hələ də zəlzələyə davamlı binalar inşa edilə bilmirsə, zəlzələ əvvəlcədən proqnazlaşdırıla bilmirsə, deməli, ortada açıq bir korrupsiya, yarıtmaz bir idarəetmə sistemi var. 

Bu gün oxuduğum iki xəbərdən danışası olsam, biri 3 illik yeni binanın dağılması, biri də bir geoloqun zəlzələ ilə, binaların tikintisi ilə bağlı əvvəlcədən xəbərdarlıq etməsi başlıqları bəs edir. Heç kim qalxıb: "Kimisə idealları və prinsipləri heç vaxt rüşvət almamaq, kiminsə haqqını yeməmək olmalıdır", - deyə bilməz. Bununla da razıyam. Amma dövlət bunun üçün, vətəndaşını qorumaq üçün var, onu ölümə tərk etmək üçün yox və bir də buna səbəb olan bütün cinayətkarları cəzalandırmaq üçün... 

"Bir dəfə rüşvət almaqdan nə olacaq, onsuz da alacaqsan, pul şirin şeydir” deyiləndə cavabım həmişə aydın olub: "Bu, mənim prinsiplərimə ziddir".  

Amma indi düşünəndə eyni şeylər həmin binaların tektonik zonada tikintisi üçün icazə alınarkən ödənilən rüşvətdən gedirsə, burada artıq elə onun nəticəsinə də baxmaq lazımdır. 

İşini yaxşı görməkdən daha böyük bir vətənpərvərlik nümunəsi yoxdur. Hələ ki bu işini düzgün görə bilməmək insan həyatına bağlıdırsa... Düşünün ki, nəhəng bir ölkədə yaşayırsınız, həmin ölkənin 4-5 bölgəsinə kömək edəcək bir sistem yoxdur və bu kimlərinsə işini görə bilməməyinin nəticəsidir. 

İşini görə bilməmək də, həmin işi daha yaxşı görə biləcək insanların işsiz qalması da dolayı yolla yenə korrupsiyanın nəticəsidir...