Lavrov İranın Azərbaycanla bağlı müraciətinə cavab verdi: "Biz qarşıyıq"

Lavrov İranın Azərbaycanla bağlı müraciətinə cavab verdi:

06-10-2021 18:03 / Bu xəbər 945 dəfə oxundu

Bu gün, oktyabrın 6-da Moskvada Rusiya və İranın xarici işlər nazirlərinin görüşü olub.
 
"RIA Novosti"nin verdiyi məlumata görə, Rusiya XİN başçısı Sergey Lavrov görüş zamanı Azərbaycan və Ermənistan arasında ötən il baş verən 44 günlük müharibənin məhz Rusiyanın səyləri nəticəsində dayandırıldığını bildirib.
 
Lavrov Rusiya sülhməramlılarının bölgədə sülh və əmin-amanlığa qarantiya olduğunu qeyd edib və əlavə edib ki, ölkəsi bölgədə hərbi aktivliyin artmasının əleyhinədir: "Rusiya burada hərbi aktivliyin artmasına, hansısa təlimin təxribatçı xarakter daşımasına qarşıdır. Azərbaycan tərəfinin də öz sərhədləri yaxınlığında iranlı dostlarımızın hərbi təlimlər keçirməsindən narahatlığı var".
 
Rusiya XİN başçısı çıxışında həmçinin bildirib ki, Xəzər dənizində yad ölkələrin müdaxilələri olmamalıdır: "Ona görə də dəfələrlə dediyimiz kimi biz Xəzər dənizi haqqında Konvensiyanın qüvvəyə minməsinə tərəfdarıq. Rusiya ümid edir ki, İran parlamenti qısa müddətdə Konvensiyanı ratifikasiya edəcək".
 
İranın xarici işlər naziri Əmir Abdullahiyan Lavrovla görüş öncəsində bildirmişdi ki, "Tehran Mosvadan Qafqazda "sionistlərin və terrorçular"ın mövcudluğu barədə reaksiya gözləyir". Abdullahiyan çıxışı zamanı həmçinin qeyd etmişdi ki, ölkəsi qonşuluğunda dövlət sərhədlərinin dəyişdirilməsinə imkan verməyəcək.