Ölümdən sonrakı həyat

Ölümdən sonrakı həyat

30-08-2023 01:20 / Bu xəbər 2109 dəfə oxundu

Çingiz SULTANSOY

Bakı Ağır Cinayətlər Məhləməsinin hakimi Rahib Salmanovun intiharı xəbəri yayılandan sonra  iki gündür ki, toplumun demokratik kəsimi intihardan yazır, danışır, amma heç kəs onu yaxşı xatırlamır.

İntiharın İslamda və bütün səmavi dinlərdə günahi-kəbir olduğunu bilirəm, Salmanov buna görə qınanmır. İnsanın ölümdən sonra guya mütləq və yalnız yaxşı xatırlanması ya da sükutla keçilməsi haqqında dayaz, riyakar deyimləri də.

"Ya xoş xatırla, ya sus" kimi. Niyə? Hitler, ya Mussolini, Stalin, ya lap Çikatilo niyə xoş sözlə xatırlanmalı ya susulmalıdır? O çapda və əməldə olmayan, amma cinayətkar, qaniçən, əclaf, fırıldaq adamlara niyə rəhmət oxunmalıdır? Bəd əməllərinə niyə susmalıyıq, xatırlamamalıyıq? Hansı ağıllı deyib bunu? Qəti razı deyiləm. Bu gün Azərbaycanda belə sözləri daha çox dünyadan köçən korrupsioner, ölkə malını talayan nazirlərin, vəzifəlilərin, deputatların  qohumları, yaxınları təkrar edirlər. Nədəni aydındır. Amma unudurlar ya da anlamırlar, daha doğrusu anlamaq istəmirlər ki, yaxşı xatırlanmaq üçün həyatda rüşvət almaq, oğurlamaq yox, yaxşı işlər görmək gərək, çünki insanlığın humanizmdən doğan əsas qayəsi budur. 

Əlbəttə, anlayıram ki, birini yaxşı saydığını başqası çox pis saya bilər, baxışlar, dəyərlət müxtəlifdir. Amma nə qədər müxtəlif olsa da, bəşəri dəyərlər Quranda, bütün səmavi dinlərin müqəddəs kitablarında yazılıb, elə buddizm, hinduizm, sintoizm və başqa dinlərin də. 

XX yüzillikdən bəri İnsan Hüquqları Bəyannaməsi də var. Sözüm ondadır ki, adam öldürmək, oğurluq, yalan, başqasının qadınına göz dikmək, haram və b. belə əməllər İslamda da, xristianlıqda da, bütpərəstlikdə də pislənir. Bu aydın. 

Təəssüf ki, ölkəmizdə mənzərə ürəkaçan deyil, sosial şəbəkələrdən hər şey çox aydın görünür. Bu qənaətə təsadüfən gəlmədim. İki gündür ki, toplum Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun intiharıdan yazır, danışır, amma heç kəs onu, yumşaq desək, yaxşı xatırlamır, ağına-bozuna baxmadan.

2013-cü ildən ACM-in hakimi işləyən Rahib Salmanov səhərdən işdə olub, məhkəmə işlərinə baxıb, günortadan sonra başlayası prosesi sonraya saxlayaraq xəstəxanaya gedib, orada nə olubsa, özünü pəncərədən atıb. Səbəbi dəqiq bəlli deyil. 

Azərbaycanın hakimiyyətyönlü saytları yazır ki, hakimin intiharına səbəb ailə münaqişəsidir, həyat yoldaşı ilə boşanma ərəfəsində olan R.Salmanovun elə bu nədəndən özünü öldürdürüb. Hətta guya ailəsinin dağılmasını istəməyən hakim özünə qəsd edəcəyi ilə bağlı xəbərdarlıq edib, hətta əvvəllər də intihara cəhd etdiyi bildirilir. 

Bu xəbərləri nə təkzib, nə təsdiq etməyə əlimizdə bir əsas var. Ola bilsin ki, Salmanov nəsə yazıb qoyub, bilinmir, ola bilsin, ürək-damar sistemi xəstəliyi diaqnozunda nəsə təzə və bəd bir xəbər olub. 

1963 təvəllüdlü, 60 yaşlı Salmanovun əvvəllər də intihara cəhdi ya cəhdləri haqqında deyilənlər doğrudursa, deməli, suisidal, özünü öldürməyə meylli ovqatlı ya xarakterli, psixikası zədəli adam olub. Bəs belə adam necə hakim işləyə, insan taleləri haqqında qərar verə bilər? Normal ölkədə və dövlətdə beləsini dərhal məhkəmədən uzaqlaşdırmaq lazımdır. Amma bizdə kadr siyasətinin, təyinatların necə baş verdiyini də bilirik…

Başqa sual, bəlkə, heç özünü atmayıb, kömək edəni olub? Yəni intihar deyil, qətldir? İstisna eləmək olarmı? Dövlət deyil ki, hüquq-mühafizə sistemi də olsun, etibar edək, güvənək. Bizdəki vətəndaşı əzməyə, suyunu sıxmağa yönəli "hüquq-mühafizə" orqanlarının hökmran olduğu, müstəqil medianın boğulduğu polis dövlətində vətəndaş müdafiəsiz qalmaqdan başqa şəhərdə, ölkədə baş verənlərdən bixəbər yaşamağa məhkumdur. 

Başqa bir oxşar misal. Hakimin olayından əvvəl yeni tikilən çoxmərtəbəli binadakı hazırlıq kurslarına gələn qızlardan ikisinin bir neçə gün arayla meyidi həyətdə tapılıb. Rəsmi versiya – özlərini atıblar, intihardır. Hazırlıq kurslarında qısa müddət ərzində iki intihar nə deməkdir? Buna hansı avam ya axmaq inanar? Əvvəla, birinin  bədənində ölümündən əvvəlki zorakılıq izləri var, ikincisi, yüksəklikdən yerə düşüb ölən insanın cəsədi param-parça dağılsa da isti olmalı, tədricən soyumalıdır. Qızların, ən azı birinin cəsədləri yerə dəyəndə artıq soyuq olub, o deməkdir ki,  öldürüb atıblar.  Polis haçandır ki, susur, indi Rahib Salmanov haqqında susduğu kimi. Susub iş görür, yoxsa işdə nərd oynayıb çay içir, kef eləyir? 

Hakim Salmanovu  yaxından-uzaqdan tanıyanlar, olayla qayğılanan ya sadəcə, maraqlanan toplum fərziyyə, güman  və ehtimallar içində, minimal ciddi məlumat almayan şəhərdə şayiələr dolaşır, bu da məlumat olmayan yerdə təbiidir. 

Yaxşı, hakimdən hələlik danışmıram, bəlkə qızlara hansısa bir manyak hücum edib? Üzünü görən qız sonradan tanıyıb nişan verməsin deyə öldürür, cinayətini gizlətmək üçün meyiti yuxarı mərtəbələrə qaldırıb atır? Və beləcə də iz itirir. Müxtəlif belə suallar səsləndirmək, versiyalar irəli sürmək olar. 

Bəs daha neçə qız uşağının beləcə meyidi tapılmalı, neçə ana  ağlar qalmalıdır ki, polis-prokurorluq hərəkətə gəlsin, Bakı əhalisini xəbərdar eləsin? Manyak fərziyyəm doğrudursa, o kurslara gələn, Bakımın küçələrində gəzən-dolaşan gənc qızlar ciddi təhlükədədir, amma valideynləri, qardaşları, nişanlı, sevgililərinin xəbəri yoxdur.  Siyasətə qarışmamağın  daha bir acı bədəli budur.  

Hakim Salmanovun həyat yolununı, necə yaşadığını, nə elədiklərini öyrənmək, təhlil etmək mənə bir yazar kimi çox maraqlı və ibrətamiz olardı. Köhnə bağda suyu çoxdan qurumuş, 30-40 il insan əli dəyməyən, bəlkə də, ilan-çayanla dolu quyunun içini öyrənmək kimi təhlükəli olsa da... 

Özünü öldürən ya öldürülən Salmanovun karyerasında önəmli fakt – o, sıradan bir hakim  deyil, cavan və cinayəti-günahı olmayan  cəbhəçi Niyaməddin Əhmədova 15 il hökm oxuyan, məhkəmədə "möhtərəm hakim" çağırılan  Rahib Salmanovdur. Bu fakt bir çox gizli və dumanlı məqamları bir qədər aydınlaşdırır.  

Düşünmürəm ki, Rahib Salmanov yaxşı, qanunlar əsasında hökm çıxaran, ədalətli hakim olub. Adam elə bir Niyaməddin bəy məsələsində yuxarıdan gələn zənglə heç bir cinayəti-təqsiri olmayan gənc bir insanı 15 il azadlıqdan məhrum edib, yəni dəhşətli bir cinayət törədibsə, gör başqa nə qədər qara, qanunazidd, cinayət əməli var. Yox, belə sifarişlər hər adama tapşırılmır. 

Möhtərəm hakim Salmanov hətta öldürülməyib,  intihar edibsə, vicdan əzabı ucbatından intihar etməsini düşünmürəm. Belə adamlarda mühitin, işin və haram pulun zəhərli təsiriylə vicdan yavaş-yavaş ya birdən atrofia olur. Çox ehtimal, Rahib adi ya da lap istedadlı rüşvətxor və korrupsioner, dolanışığı insan talelərini qırmaq, şikəst eləməkdən çıxan hakimlərdən olub - başqa cür olsaydı, indi hakim işləyə bilməzdi. 

Amma mən insanlara, insanlığa ümidimi itirməmişəm və hakim Salmanovun cinayətinə görə azca da olsa, vicdan əzabı çəkməsinə ümid etmək istərdim. Bu ümid boş xülyadır, çox ehtimal, bilirəm, amma cüzi olsa da var, mövcuddur.  

Salmanovun suisidal ovqatı bunun başqa bir, dolayı sübutu deyilmi? On il Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi işləyən, ondan əvvəl də bu sistemdə çalışan adam nə qədər ədalətsizliyin, xidməti cinayətin şahidi və iştirakçısı olub? Hamısı da nədən ötrü? Dolanmaqdan, pul qazanmaqdan ötrü! Buna normal insan ürəyi dözərmi? Elə bil ki, ortaçağlarda hansısa bir feodal imperiyada şahın ya xəlifənin cəlladı işləyirsən, adam əli ya başı kəsib evə çörək aparırsan…

Ölkəmizdəki korrupsion və toksik mühitdə hüquq mühafizə orqanları işçilərinin intiharları qəlblərində, beyin və ürəklərində çox toksik, zəhərli proseslərin getdiyini və dərinləşdiyini  göstərir. Təbiidir, cinayətkarın qəlbi işıqlı, ruhu sağlam ola bilməz, bu məlum. Məzkur proses və xəstəliklərin isə əlacı yoxdur, ola da bilməz - vəzifədən, işdən çıxmasa, tövbə eləməsə...

Tövbə etməyəndə isə təskinlik yoxdur, olmayacaq -  pul, vəzifə, var-dövlət gərəkli təskinliyi, təsəllini vermir, insanın qəlbi ilan-çayanla, əqrəblə dolu olur, məxluqlar sancır, ruhu rahatlıq tapmır. Hakimləri teleekranlarda görməsək də, onlar kimi yaşayan qara qəlbli başqa insanları görürük. 

Baxın, məsələn, Mirşahin Ağayevin sifətinə, nifrət və kədər dolu gözlərinə. Dost olmasaq da, həmkarıq, vaxtilə mehriban tanış olmuşuq, uzun söhbətlərimiz olub, 25-30 il əvvəl işlədiyim İNTERNEWS televiziya təşkilatının bir məclisində  şəninə deyilən təmtəraqlı - "Mirşahin Azərbaycan televiziyasının əfsanəsidir" kimi sağlığa mən də qoşulub içmişəm. 
Noldu o əfsanənin axırı? Adamın, bəlkə də, milyonu var, bəlkə də bir donuzu əskikdir, amma ruhu xəstədir, yaralı ilan kimi qıvrılır...   

Dünyada hər şeyin bədəli olur, var, haram pulun, var-dövlətin də o cümlədən... 

Allah dünyanı belə yaradıb, insan da o bədəli gec-tez ödəməli olur, ya axirətdə, ya elə bu dünyada.  Yaxşı deyilib: "Neynirəm o qızıl teşti ki, içinə qan qusacam?". 

Doğru sualdır, amma çox adam o teştin  qızılına, parıltısına  aldanır, ayılanda isə gec olur. Teşti qaytarmaq, həyatı reset edib sıfırlamaq, təzədən başlamaq isə olmur... 

Belə hakimlərin ucbatından Niyaməddin Əhmədov kimi mübariz gənclər, Taleh Bağırzadə kimi işıqlı ruhanilər, Qubad İbadoğlu kimi alimlər həbsxanada zülm çəkirlər. 

Ona görə də cinayətkar hakim, prokuror, müstəntiq, polis, yalançı şahidlər, yalançı, şərçi jurnalistlər həmişə cəmiyyətin qınağı və lənəti ilə üzləşirlər. 

Axı elə bu dünyada da ölümdən sonra bir həyat var: yaxşı və pis xatırlanmaq. 

Kimsə deyə bilər ki, vecimə deyil, necə xatırlayırsız xatırlayın, cəhənnəmə. Əslində mən də eləyəm, vecimə deyil, amma qınağa, lənətə layiq əməllərdən çəkinirəm. 
 
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. "Arqument.az"la müəllifin mövqeyi üst-üstə düşməyə bilər.