Bu dünyadan bir jurnalist keçdi

Bu dünyadan bir jurnalist keçdi

20-05-2024 13:35 / Bu xəbər 849 dəfə oxundu

(I hissə)

18 may - dostum və qələm yoldaşım Rəşad Rüstəmovun doğum və anım gününə...

İstedadlı qələm sahibi, nüfuzlu və dürüst  jurnalist, tarixçi və nasir, əlinə haram pul dəyməyən insan, dostum və həmmüəllifim, uşaq qəlbli pəhləvan Rəşad Rüstəmovun qəfil ölüm xəbəri məni sarsıtdı. 

Rəşadla 25-26 il öncə, Bakı Mətbuat Klubunda tanış olmuşduq. O klubun təsisçisi və prezidenti Arif Əliyevin bir monitorinq layihəsində işləyirdi. Bir dəfə söhbət əsnasında Elmar Hüseynovun "Monitor" jurnalının, orada gedən yazılarımın da oxucusu olduğunu dedi.  

Jurnalistikaya da elə tanılığımızdan bir qədər sonra başladı. Əvvəlcə köməkçim kimi – tarixi esselərim üçün faktları dəqiqləşdirir, detallarını öyrənib gətirirdi, sonra özü mövzu təklif eləyəndə, tarixi faktlar gətirəndə həmmüəllifim oldu. Amma o vaxtlar hələ yazmırdı...

Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçinin maaşı nəyə çatar? 

Mən "Реальный Азебайджан"la  əməkdaşlığa başlayandan sonra Rəşadı Eynulla Fətullayevlə  tanış elədim, qələmini bu həftəlikdə sınayıb müxbir götürdülər, qısa zamanda özünü təsdiqlədi, ciddi sosial mövzulara girişdi. 

2007-ci ildə, bir yerdə işlədiyimiz "Реальный Азербайджан” həftəliyi bağlanandan sonra  o vaxtlar oxunan, nüfuzlu "Zerkalo"-"Ayna" qəzetinə keçdi, yarım il ərzində önəmli yazarlarından oldu. 

Rəşadın materialları dəfələrlə qəzetin birinci səhifəsinə çıxırdı, qaldırdığı suallar cavablanır, qələmə aldığı problemlər həll olunurdu, o cümlədən Bakı İcra Hakimmiyyəti, AR Nazirlər Kabineti, Prezident Administrasiası səviyyəsində...

Rəşad azərbaycandilli idi, məktəbi, universitetin tarix fakültəsini ana dilində qurtarmışdı, dili mükəmməl bilirdi, amma həyat elə gətirdi ki, günün, media bazarının tələbiylə rus dilində yazırdı. Bu mənada bir-birimizə oxşayırdıq. 

Yaza bilmirəm, yaxın dostu, kiçik qardaşı itirmək ağırdır. 

"Реальный Азербайджан" qəzetində işləyəndə yazılarının çoxusunu, bəlkə də, hamısını təxəllüslə imzalayırdı ki, əvvəlcə laborant, sonra kiçik elmi işçi olduğu AMEA Tarix İnstitutunda işdən çıxarmasınlar. Qısa zamanda güclü yazar kimi tanındı.  

Jurnalistika ilə yanaşı, rus dilində hekayə yazmağa başladı. Tarixi mövzularda yazdığı nəsr nümunələri – hekayə, romanından parçalar Rusiya ədəbi saytlarında dərc olunub, Rüstəm İbrahimbəyovun, Çingiz Abdullayevin kimi ünlü rusdilli Azərbaycan nasirlərinin, çağdaş rus nasirlərinin təqdirini qazanıb. 

Güclü araşdırmaları vardı, işlədiyi mediaların senzura məhdudiyyətləri səviyyəsində korrupsiyanı ifşa edirdi, bəzən aşırdı o sərhədləri. Belə hallarda ciddi problemlərlə üzləşirdi, başı ağrıyırdı. Bu barədə ayrıca yazmaq lazımdır, bir məqaləyə sığmaz. Yalnız bir olaydan yalnız bir-iki kəlmə, cəsarətinin və qələminin çapını təsəvvür edəsiniz.  

Xədicə İsmayılın OCCRP-nin saytında və "Azadlıq" radiosunda və dərc olunan, layihə dəyəri 2,5 mlrd dollar olan məşhur Çovdar qızıl yatağı haqqında araşdırmasını çox adam oxuyub. 

Təsəvvür edin, bu araşdırma çap olunandan, yəni tənqid olunanlar daha qıcıqlı-acıqlı, ayıq-sayıq olandan sonra Rəşad ora, dünyadan təcrid olunmuş, o qapalı, mühafizə olunan Çovdar kəndinə da gedib çıxmışdı. 

İşlədiyi qəzet təhlükəli, rəhbərliyə xoş getməyəcək mövzuya heç ezamiyyət də verməmişdi, amma Rəşad israrlı idi. Xədicə İsmayılın araşdırmasının davamını, bir qolunu yazırdı - kəndlilərdən torpağın necə dəhşətli ucuz alınmasını, birinə isə narazı qalıb şikayət yazdığına görə heç pul verilməməsini qazıb-araşdırıb öyrənmişdi. 

Ucqar Çovdar kəndində Rəşad kimi gəlmə adam nə qədər gizlənməyə çalışsa da, nəzərdən qaçmamış, mühafizəçilər tərəfindən tutulub möhkəm döyülmüş, diktofonu əlindən alınmışdı. Amma bunlara baxmayaraq, qorxmadı, çəkinmədi, Bakıya qayıdandan sonra araşdırmanı dərc elədi. 

Qismən "Zerkalo"da, qismən RadioAzadlıqda, rus dilində. Rəşadın redaktoru olmağımla bu gün də qürur duyuram... 

Susmağı müqabilində dəfələrlə pul, rüşvət təklifləri alırdı və dolanmaq üçün iki yerdə işləyən, böyük olmayan iki maaşa baxan adam onun üçün nəhəng məbləğlərdən mənə gülə-gülə danışırdı. Götürmürdü, təbii. Kasıb yaşayan qürurlu insan əlini bulamadığı ilə öyünürdü! Rəşadı haram pullarıyla, qələmini satmaqla aldığı tulapayıyla öyünən başqa jurnalistlərlə müqayisə edin...

Pul təkliflərindən daha çox hədələnirdi, neçə dəfə polisə aparılmışdı, amma həbs olunmamışdı, baş redaktorları onu çıxara bilirdilər, gücləri çatırdı, Rəşad siyasətdən yazmırdı axı, ancaq kəskin sosial problemlər. Bu sahədə nəhəng nüfuz yığmışdı, nüfuzu indi MM-də oturanların yarısının, bəlkə də, hamısının toplam nüfuzu qədər olardı. Rəşad tənqid yazmaqdan qorxmayaraq problemləri həll edirdi!  

Hədələrdən də qorxmurdu, ağır çəkili güləşçi ya ştangist kimi, dev kimi güclü, amma heç kimə güldən ağır söz deməyən, barmağının ucuyla da toxunmayan həlim xasiyyətli insan...

Bir dəfə "Facebook"da gördüm ki, diskussiada Rəşad heç bir artıq söz demədiyi halda gözümün qabağında bir aqressiv kimsə onu hədələdi. 

Rəşad şuluq bir yeniyetmə kimi ona "Çəkim 120 kilodur. Sınayın" yazıb gülüş işarəsi qoydu. Rəşad üçün olmayan bir işdi belə cavab. 

Hədələyən adamın səsi çıxmadı. Yazılarının oxucusu olmuşam həmişə. Rəyimlə maraqlanırdı, mənə "müəllim" deyirdi, çox hörmət edirdi, həyatının mürəkkəb, çətin məqamlarında bir böyük qardaşı kimi məsləhətləşirdi. 

2014-ün mayının sonunda Rauf Mirqədirov həbs olundu, "Zerkalo" qəzeti bağlandı, Rəşad iş yerini itirdi. 

Rəşada görə elə də çox narahat deyildim, o vaxtlar başqa rusdilli, azərbaycandilli media hələ vardı, səviyyəli, artıq yaxşı tanınan jurnalist işsiz qalmazdı. Ona görə mənə zəng edib "Haqqın.az"da işə düzəldiyini deyəndə təəccüb elədim, yəni başqa yer tapılmadı? Amma dövr dəyişmişdi, hətta sosial mövzularda da yazmaq çətinləşirdi, Eynulla da iki-üç il əvvəlki deyildi, təhqirə, şər-böhtana başlamışdı. 

Elə bu təhqirlərə, şər-böhtana görə bir-iki il öncə mən də "Haqqın.az"la əmədaşlığımı kəsmişdim. 

Rəşad:

- Başqa yer olmadı. Mənim burada işləməyimi bilib iki-üç adam salamını kəsdi. Siz də salam verməyəcəksiniz daha? 

Bu sualda, tonunda da dev kimi adamın bir uşaq səmimiliyi vardı. Bu sözləri yazıram, ürəyim daha çox sıxıllır. 

- Yox, Rəşad! Salamımı kəsməyəcəm. Ona görə yox ki, dostumsan. Ona görə səni tanıyıram, bilirəm ki, başqa yolun qalmayıb. Evdə ailə, uşaq var, onları ac qoymayacasan ki? Bir də bilirəm ki, sən "Haqqın"da işləsən də yalan-böhtan yazmazsan. 

Elə də oldu. Bir müddət sonra, Elçin Şıxlı "Zerkalo" qəzetini sayt formatında bərpa eləyəndə Rəşad yanına qayıtdı. Maaşında xeyli itirdi, amma Eynulla Fətullayev onu nə qədər dilə tutsa da,  yanında qalmadı... 

Belə kişilər, belə jurnalistlər var. "Var" yazdım, düşündüm ki, səhv yazdım, "vardı" yazmaq lazım idı. Amma düz yazmışam, indi də var, tanıyıram. Xanımlar da var, təbii – "Abzas Media", Kanal13, Toplum TV gəncləri, Ələsgər Əhmədoğlu...

2007-də Eynulla Fətullayev həbs olunandan, "Реальный Азербайджан” bağlanandan sonra bütün əməkdaşları Milii Təhlükəsizilik Nazirliyinə, istintaqa şahid qismində cəlb elədilər. Rəşaddan başqa – onun heç yerdə, heç bir kağızda adı yox idi, məqalələrini də  "Mahmud Suanlı” təxəllüsü ilə  imzalayırdı. 

Mahmud Suanlı babasının adı idi. Yaxşı yadımdadır ki, istintaqa çağrılanda məni ən çox qayğılandıran Rəşadın sirrinin - bizim redaksiyada işləməsinin üstünün açılmaması idi. 

Ona görə cavan müstəntiq məndən: 

- Sizin rus redaksiyasında neçə adam işləyirdi? Vəzifələri, adları nə idi? – soruşanda, gözümü də qırpmadan, böyüklərin "Fincanı kim sındırıb?” sualına cavab verən beş yaşlı uşaq səmimiliyi ilə bir nəfəri – Rəşadı ümumi saydan çıxıb: 
- Beş nəfər, - dedim.  

Şahid ifadəsinin sonunda cavab vermədiyim başqa sualla bağlı intintaq qrupunun rəisi məni hədələyəndə, səsini ucaldanda, yumruğunu masaya çırpanda:
- Hamısını deməlisiniz! Bizimlə əməkdaşlıq eləməlisiniz! – deyəndə, eyni uşaq səmimiyyətiylə:
- Əməkdaşlıq edirəm, hamısını deyirəm. Daha nə deyim?

"Səmimiliyim” nə dərəcədə inandırıcı idi, bilmirəm, MTN-dəki bu dopros ayrı, xeyli uzun söhbətin mövzusudur, yazacam hələ. Amma Rəşadın adını çəkib institutda işdən çıxarılmasının baisi heç cür ola bilməzdim.

Mühacirətə gedəndən sonra da dostluğumuz kəsilmədi, mənə tez-tez zəng edirdi, materialları haqqında rəyimi soruşurdu, saatlarla danışırdıq. 

Mühacirətə getməyi, Almaniyaya gəlməyi təklif eləmişdim ona: "Mühacirətdə də jurnalist olmaq və qalmaq mümkündür”, - dedim, amma razı olmadı - tarixdən namizədlik dissertaiası müdafiə etmişdi, doktorluq yazmaq planları vardı.   

Qəfil xəstəlik, koma belə bir istedadlı, işıqlı insanın ömrünə, planlarına son qoydu...

İndi özümü söyürəm ki, niyə daha çox, daha təkidlə demədin, israr eləmədim? Gəlsəydi, bəlkə, sağ idi indi? Amma demişdim, çox demişdim ona...

Allah rəhmət eləsin! 

Ruhun şad olsun, əziz Rəşad!  

Rahat yat, əziz dost, birgə getdiyimiz yoldan çıxmayacam, dönmyəcəm! Onsuz da sonuna çox qalmayıb. 

Məqalə Rəşad Rüstəmovun ölüm xəbəriylə bağlı paylaşımım əsasında yazılıb. 

2022-2024