Madər Musayev vəfat edib
14-07-2023 15:31 / Bu xəbər 1109 dəfə oxundu
Onun 20 gün reanimasiyada qaldığı bildirilir
İyulun 14-də deputat Madər Musayev vəfat edib.
75 yaşlı Madər Musayevin 20 günə yaxın idi ki, reanimasiyada olduğu bildirilirdi.
Madər Musayevin vəfatı xəbərini parlament jurnalistlərinə deyən həmkarları onun bir sıra daxili orqanlarının çatışmazlığından əziyyət çəkdiyini vurğulayıblar.
Madər Musayev 1947-ci ildə Bakı şəhərində anadan olub.
O, Moskva Kooperativ İnstitutunun Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib.
1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləyib.
1986–1995-ci illərdə "Bahar” ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.
7 dəfə mandat alan Madər Musayev XII çağırış Ali Sovetinin, I , II, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı olub.
Deputat "Şöhrət” və "Şərəf” ordenləri, 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Musayevin vəfatı ilə Milli Məclisdəki boş yerlərin sayı səkkizə çatıb.
2020-ci ildə parlament seçkilərində 4 dairədə nəticələr ləğv olunub, deputat Eldəniz Səlimov həbs edilib, Şahin Seyidzadə isə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.