Mehman Hüseynovun yenə məhkəməsi başlayır
30-10-2017 18:12 / Bu xəbər 1394 dəfə oxundu
Həbsdəki bloger, "Sancaq" səhifəsinin admini Mehman Hüseynovun işi üzrə növbəti məhkəmə prosesi başlayır.
Blogerin işini Ali Məhkəmə yenidən apellyasiya instansiyasına qaytarmışdı.
Bakı Apelyasiya Məhkəməsindən bildiriblər ki, blogerin işi artıq icraata verilib.
M.Hüseynovun şikayətinə hakim Əflatun Qasımovun sədrlik etdiyi kollegiya baxacaq. Apelyasiya şikayəti üzrə məhkəmə baxışı noyabrın 3-nə təyin edilib.
Blogerin vəkillərindən Elçin Sadıqov isə M.Hüseynovun artıq Penitensiar Xidmətin Şüvəlanda yerləşən 3 saylı istintaq təcridxanasına köçürüldüyünü bildirib. M.Hüseynov 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanırdı.
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Bundan əvvəl, yanvarın 9-da isə onun oğurlandığı güman edilirdi.
Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən, onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilmişdi.
Jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi.
Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.
Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apelyasiya Məhkəməsinə qaytarıb.












