Məmmədyarovla Bolton nədən danışıblar?

Məmmədyarovla Bolton nədən danışıblar?

24-10-2018 17:24 / Bu xəbər 1708 dəfə oxundu

Bu gün, oktyabrın 24-də ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, E.Məmmədyarov onların ABŞ ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirib.

"E.Məmmədyarov bir sıra sahələrdə, xüsusilə terrorizmə qarşı mübarizə çərçivəsində sıx əməkdaşlıq həyata keçirildiyini qeyd etdi. Eləcə də, nazir ABŞ hökumətinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrə göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirdi", - məlumatda yazılıb.

XİN bildirir ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan C.Bolton ABŞ-ın Azərbaycanla münasibətlərinin strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. 

Eyni zamanda, C.Bolton Azərbaycanın terrorizmlə mübarizə çərçivəsində Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəsinin yüksək qiymətləndirildiyini qeyd edib.

"Qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verən nazir E.Məmmədyarov mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu bildirdi. E.Məmmədyarov münaqişənin həllində davamlı sülhə nail olunması üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırdı", - məlumatda vurğulanır.

Görüş zamanı tərəflər Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji, nəqliyyat və tranzit layihələri haqqında müzakirələr aparıblar.

İlham Əliyev Con Boltonu qəbul edib

Azərbaycanda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu bu gün, oktyabrın 24-də prezident İlham Əliyev də qəbul edib.

Bu haqda ölkə başçısının rəsmi internet səhifəsində bildirilir. Ancaq, hələlik, bu görüşün də məzmunu ilə bağlı məlumat verilmir.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Boltonun Azərbaycan səfəri oktyabrın 24-də başlayıb. Onu oktyabrın 24-ü, səhər saatlarında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qəbul edib.

Bolton Azərbaycanda görüşlərə başladı

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton Azərbaycana gəlib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Twitter səhifəsində məlumat yer alıb. Həmin məlumata görə, bu gün, oktyabrın 24-ü səhər saatlarında xarici işlər naziri Elmar Məmmədyarovla ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Bolton arasında görüş başlayıb.

Xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ilə görüşü başladı pic.twitter.com/UgKOWTnWzS

C.Bolton Azərbaycanda əvvəl Rusiyada olub. Azərbaycandan sonra isə Ermənistan və Gürcüstana getməlidir.

C.Bolton bu ilin martında D.Trampın milli təhlükəsizlik müşaviri elan olunub.

Oğul Corc Buşun administrasiyasında silahlara nəzarətə rəhbərlik edən Bolton 2003-cü ildə İraqa müdaxilənin tərəfdarlarından biri olub. Bolton da Tramp kimi ABŞ-ın İranla 2015-ci il nüvə sazişindən çıxmasına tərəfdar idi. Tramp bu ilin mayında həmin sazişdən çıxdığını elan edib.///Azadliq Radiosu