“Mənə ildə 80 min dollar təqaüd ayrılır” - Azərbaycanlı gənc

“Mənə ildə 80 min dollar təqaüd ayrılır” - Azərbaycanlı gənc

02-02-2022 19:00 / Bu xəbər 20396 dəfə oxundu

Respublika və beynəlxalq olimpiadaların dəfələrlə qalibi olan, hazırda dünyanın ən nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnologiya İnstitutunda təhsil alan Azərbaycanın parlaq gənclərindən biri - 18 yaşlı Abutalıb (Barış) Namazov "Azərbaycan müəllimi” qəzetinə müsahibə verib.

Arqument.az həmin müsahibəni təqdim edir:

- Dünyanın bir nömrəli universiteti sizə qəbul məktubu göndərir və nüfuzlu ali məktəbə qəbul olunduğunuzu bildirir. Özünüzü MIT-da necə hiss edirsiniz?

- Mənim qəbul məktubum çox ciddi təbriklə, təriflər və xoş arzular bildirən cümlələrlə başlamışdı, sonda isə yazılmışdı ki, heç narahat olmayan, bu xəbər yalan deyil. Həqiqətən də sevincdən tullanıb-düşə, bağıra, ağlaya bilərsiniz. Hamıya eyni məktub gəlmişdi. Yəni, təkcə bizim ölkədə deyil, ABŞ-ın özündə də MIT-a qəbul çox sevincli, fərqli və qürurverici hissdir. Amma bir neçə ay ərzində tamam yeni hisslər yaranır.

Oradakı mühit, tələbələrin can atdığı nəticələr, yaradıcılıq ruhu səni dəyişir, artıq sevinmək və qürrələnmək əvəzinə düşünürsən ki, fürsətdir, burada çox şey öyrənə bilərəm. Baxırsan ki, hamı diplom almaq üçün kifayət edən dərslərdən əlavə çox çətin dərslər götürür. Bir də baxırsan ki, ikinci kursda magistraturada nəzərdə tutulan və çox çətin bir dərsi götürmüsən. Hamı can atır ki, daha çox şey öyrənsin. Mən də eyni mühitə düşdüm. Gördüklərimdən sonra anladım ki, həqiqətən də bura bir Toni Stark-ın (İron Man, Dəmir Adam) çıxacağı yerdir. Bizi həm də elə coşdururlar ki, dayanmadan çalışırıq və yorulmuruq. Hər kəs inanır ki, dünyanı yaxşıya dəyişmək üçün töhfə verə biləcək. Çox maraqlı dərslər, fərqli sosial və akademik imkanlar, dünyanın hər yerindən istedadlı adamlar, nəhəng alimlər var. Hər şey ədalətli və insan naminə qurulub. Nə gizlədim, özümü yerimdə və gözəl hiss etməyə başladım.

Xüsusən də insanlığı və ədaləti hiss etmək çox gözəldir. Məsələn, mənə ildə 80 min dollar təqaüd ayrılır. Amma hər addımda təşəkkür edirlər, sağ ol ki, MIT-ı seçmisən.

- Artıq bir müddətdir ki, MIT tələbəsi adını daşıyırsınız. İlk təəssüratlarınız necə oldu? "Mən burada oxuya biləcəyəmmi” kimi düşüncələriniz oldumu? MIT mühitinə adaptasiyanız necə keçdi?

- MIT-a qəbul olduqdan və sevinc tufanından çıxdıqdan sonra mən də özümə sual verdim ki, belə bir yerdə, akademik tərəfdən belə güclü tələbələrlə bir yerdə oxumaq, ümumiyyətlə, mənim üçün mümkün olarmı? Bu düşüncələr digər tələbələr ilə söhbətdən sonra bir az daha yumşaldı - görürsən ki, hamı eyni cür düşünür. Amma məni heyrətləndirən və bu sualın cavabını tapmağa kömək edən ilk şey isə hamının bir-birinə böyük dəstəyini görməyim oldu. Hətta, onlayn şəraitdə olsa belə, bir çox platformada tələbələr olaraq bir-birimizlə əlaqəmiz geniş idi. İstər dərslər haqqında, istər ümumi, bütün sualların cavabını tapmağa kömək etməyə kimsə var idi. Mənim atam həmişə deyirdi ki, azərbaycanlılar çox istedadlıdır. Düşünürdüm ki, məndə özünə inamı artırmaq üçün belə deyir. O, haqlı idi.

Mən gördüm ki, heç kimdən geridə deyilik və uşaqlarımız çox potensiallıdır. Gözüm yoldadır, bizdən yeni gəlişlər gözləyirəm.

- Hazırda MIT-da tədris necə təşkil olunub? Pandemiya universitetin tədris mühitinə, müəllim-tələbə münasibətlərinə necə təsir edib? Dərsləriniz barədə nə deyə bilərsiniz?

- MIT-da oxumaq haqqında hər yerdə "yanğınsöndürən hortumundan su içmək” ifadəsini deyirlər. Bu hissi, məncə, bura gələn hamı yaşayır. Bəzən limitsiz görünən dərslər və işlər olur. Bunun hamısının üstündən gəlməyin isə əsas yolu hamısını sevərək etməkdir. Başqa tələbələr ilə bir yerdə işləmək, onlarla tapşırıqlar üzərində fikir mübadiləsi aparmaq, bir-birimizin səhvlərini düzəltmək işi daha da maraqlı edir və asanlaşdırır. Dərslərin demək olar ki, hamısında, tapşırıqlar üçün başqaları ilə bir yerdə işləmək tövsiyə olunur və bəzən bu halda əlavə bal verilir (məsələn, 1 bal). Bundan əlavə, professorlar və professor köməkçiləri həmişə kömək etməyə hazırdırlar. Birbaşa onlardan suallar soruşmaq üçün onlayn platformalardan əlavə, onların ofis saatları olur, hansı ki, biz həmin vaxtlarda onlarla canlı şəkildə söhbət edə bilərik.

Pandemiyanın ilk dövrlərində dərslər onlayn şəkildə oldu. Buna görə də, ilk semestrimi Bakıda evdən oxumalı oldum. Təbii ki, bu, çətin idi və üz-üzə dərslərin yerini heç vaxt vermir. Amma bizə olan əlavə dəstək ilə birlikdə yaxşı oxumaq mümkün oldu. Hətta, pandemiya dövründə onlayn şəraitin yaxşılaşması üçün bir neçə yeni vəsaitlər və ya proqramlar hazırlandı, hansı ki, onların hətta üz-üzə formatda belə faydalı olduqları ortaya çıxdı. Hazırda dərslər pandemiya qaydalarına riayət olunmaq şərtləri ilə üz-üzə keçir. Bəzi sosial fəaliyyətlər məhdud olsa da, çox şey normal hala dönməyə doğru gedir.



- Bir çoxları üçün "MIT-da təhsilin əlçatmaz”lığı sindromunu sındıran Abutalıb Namazov üçün uğurun sirri nədədir?

- Bu sualın qısa cavabı uzun illər ərzində olan davamlı zəhmət və məqsədyönlülükdür. Düzdür, top universitetlərdə təhsil almaq üçün bir az şans da rol oynaya bilər, amma hədəfini ən yüksək tutan şagird o hədəf üçün ciddi çalışsa, zirvəyə yaxın dayanar. Universitetlərə qəbulda çox faktor var, burada, bəzən, hətta, yaxşı voleybol oynaya bilmək də fərq edə bilir, amma əsas hədəf birdir. Ciddi çalışmaq və bunu sevərək etmək lazımdır. Son iki ildə Amerika universitetlərinə azərbaycanlı şagirdlərin müraciətləri kəskin şəkildə artıb və mən başqa top universitetlərdən alınan qəbullar haqqında eşitmişəm. Bu, çox sevindirici haldır.

- Əldə etdiyiniz uğurlara görə ilk növbədə kimlərə minnətdar olduğunuzu söyləyə bilərsiniz?

- Mənim uğurlarımda çox adamın rolu olub. Müəllimlərimə, olimpiada fəaliyyətini təşkil edən komandaya, ailəmə, dostlarımıza, hətta sosial şəbəkələrdə dəstək olan və motivasiyaverici mesajlar yazan tanımadığım adamlara təşəkkür edirəm. Ayrıca mənə atamdan və anamdan çox zəhmət çəkən, məni onlardan da çox sevən, balacalıqdan məktəbə və dərslərə daşıyan bibim Tahirəyə çox minnətdaram.

- Həm riyaziyyat, həm də informatika elmlərində eyni dərəcədə uğurlu olmaq, sizcə nə dərəcədə mümkündür?

- Bu sualı məndən eyni ildə iki medal aldığım üçün çox soruşublar. Mən də həmişə eyni cavabı vermişəm: bu iki fənn çox da ayrı fənlər deyillər. İnformatika və kompüter elmləri riyaziyyata çox bağlıdır və orada uğur qazanmaq üçün riyaziyyat bilikləri mütləqdir. Mən bu fürsətdən istifadə edib hər iki fənn üzrə daha dərin çalışmağı qərara aldım və deyə bilərəm ki, bu iki ixtisas bir-biriərini öyrənməyə kömək edir. İnformatika olimpiadaları ilə məşğul olan şagirdlərə riyaziyyatı (əsasən diskret riyaziyyat) çox yaxşı öyrənmələrini, riyaziyyat olimpiadaları ilə məşğul olan şagirdləri isə proqramlaşdırma öyrənib özlərini informatikada sınamalarını tövsiyə edirəm. Bu, özüm tərəfindən sınanmış təcrübədir. Bizim riyaziyyat üzrə olimpiada sinfindən mənim informatika fənninə cəlb etdiyim sinif yoldaşlarım orada qısa müddətdə çox uğurlu oldular. Hazırda isə məndən başqa hər iki olimpiadada iştirak edən şagirdlər görürəm. Buna sevinirəm. Onu da deyim ki, bu, dünyada geniş yayılan bir təcrübədir.


Abutalıb Namazov Azərbaycanın tanınmış jurnalisti Şahvələd Çobanoğlunun oğludur

- Olimpiadalardan dünyanın bir nömrəli universitetinə uzanan yol. Bu yolu seçən həmyaşıdlarınıza nə kimi tövsiyələriniz var? Yaxşı olimpiadaçını necə hazırlamaq olar?

- Olimpiadalar top universitetlərə getmək üçün, həqiqətən də, çox effektiv və maraqlı üsuldur. Amma daha vacibi odur ki, olimpiadalar biliklər öyrənmək marafonudur və sənə imkan verir ki, çox dərin və uzun öyrənmə prosesi keçə biləsən. Burada çox böyük zəhmət tələb olunur. Odur ki, bu işi sevərək və əzmlə etmək mütləqdir. Çəkilən ağır zəhmət isə ən sonda həmişə bəhrəsini verir. Uğursuzluqlar da olur, amma onlardan üzülmək yerinə daha çox çalışmaq lazımdır. İnformatika fənni, mən qoşulanda, yəni 2017-ci ildə, bəlkə də ən uğursuz olduğumuz fənn idi. Mənim özüm də bu uğursuzluqlardan keçdim, amma heç vaxt ümidimi və məsələ həll etməyə olan sevgimi itirmədim. Mənim və bizim komandanın əzmi bu sahədə uğur qazana biləcəyimizi sübut etdi.

Bunu da demək lazımdır ki, heç də hamı olimpiadaçı olmalı deyil. Uğura getməyin digər yolları da var. Olimpiada bu yollardan biridir və effektli olmağı sözsüzdür, amma mənə MIT-da dərs keçən professorların çoxu olimpiadaçı olmayıb. Nə də ki, dünyanın ən böyük riyaziyyatçılarının çoxu. Öz sahəsinə sevgisi böyük olanlar uğuru necə olsa da, tapırlar. Olimpiadalara necə hazırlaşmağın yaxşı yolu haqda isə onu deyim ki, bunun bütün dünyada bəlli olan yolları var, ədəbiyyat və sillabus bəllidir. Yaxşı müəllimlərlə yorulmaq bilmədən, sevərək çalışmağı təmin etməlisən.

- Gələcəklə bağlı nə kimi planlarınız var?

- Hazırkı planım dərslərimi yüksək səviyyədə oxumaq və MIT-də olduğum müddətdən ən geniş şəkildə faydalanmaqdır. Öyrənməli çox sey var. İxtisasım kompüter elmləridır. Çoxlu riyaziyyat dərsləri də alıram. Düzü, burada o qədər yenilik görürəm ki, gələcəklə bağlı planlarım və düşüncələrim cilalanmaqda davam edir. Düşünürəm ki, magistr təhsilimi də elə burada davam etdirim. Ona kimi isə, yəqin ki, gələcəklə bağlı fikirlərim daha da formalaşar və əlimdə olan imkanlar mənə qərar verməyə kömək edər.