Müğənni Nura Suri Prezidentə müraciət etdi: "Bu qədər insan işsiz qalacaq"

Müğənni Nura Suri Prezidentə müraciət etdi:

24-05-2020 00:11 / Bu xəbər 390 dəfə oxundu

"Beş ay çalışmamaq növbəti beş ay ərzində də maddi sıxıntılar çəkməklə nəticələnəcək”

Azərbaycanlı müğənni Nura Suri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Müğənni müraciətini "Facebook” səhifəsində paylaşıb.

O, müraciətinin yalnız müğənnilər və musiqiçilərlə bağlı olmadığını bildirib:

"Ümumilikdə bütün şadlıq saraylarında, restoranlarda çalışanlar (ofisiantlar, xadimələr, aşpazlar və s.), gözəllik salonları, geyim mağazaları, avtomobil kirayəsi (gəlin aparmaq üçün), gül mağazaları, texniki avadanlıqlar, bazarlarda çalışanlar və bilavasitə işləri toylara bağlı olan günə muzd işləyənlərin adındandır...”

Nura Suri mart ayından işsiz qaldıqlarını xatırladaraq bildirib ki, iyunda hər şeyin normala dönəcəyini düşünüblər:

"İşləri toy sektoruna bağlı olan hər kəsin işi dayanıb və gəliri yoxdur. Kiminsə maşını, evi var, amma martdan indiyədək qazancı yoxdur. Bu insanlar necə dolansın? Onlara da 190 manat yardım düşmür. Hər şey dayanıb. Avqustun sonunda isə Məhərrəmlik ayı girir. Buradan da iki ay iş olmayacaq. Hələ payızda ikinci dalğanın olacağı bildirilir. Bu qədər insan işsiz qalacaq. Bizim sağlamlığımızı düşünərək bizi qorumaq üçün verilən qərarlar, o biri tərəfdən bizə maddi çətinlik yaradır”.

Nura Suri müğənnilərin bütün dövlət tədbirlərində iştirakını xatırladaraq əlavə edib ki, onlar xeyriyyə işləri görürlər və hər zaman dövlətin yanındadırlar:

"Xalq artistindən tutmuş ən sıravi müğənnisinədək öz hesabına ən ucqar rayonlara konsertlərə gedir. Vaxtilə bununla bağlı pul ayrılsa belə həmin ödənişlər ifaçılara çatmayıb. Biz dövlətimizin adı olan yerdə maddi maraq güdməmişik. Həmişə dövlətimizə, millətimizə yararlı olmaq istəmişik”.

Nura Suri qeyd edib ki, bir neçə iş sahəsi də musiqiçilərə, müğənnilərə bağlıdır:

"Buradan menecerlər, prodüserlər, gözəllik salonları, atelyeler, mağazalar və digər yerlər də evinə çörək pulu aparır. İyunadək birtəhər keçinənlər var idi. Düşünülürdü ki, iyunda hər şey bitəcək. Lakin bu müddət uzadılsa, krediti olan sənətçilər, onlarla işçinin evinə maaş verən musiqiçilərin halı necə olacaq? Eləsi var ki, xəstə anasına yardım etmək üçün banka girib, pulları necə qaytarsın? Həmçinin, beş ay çalışmamaq növbəti beş ay ərzində də maddi sıxıntılar çəkməklə nəticələnəcək. Banka borcu olanların faizləri yüksələcək, zəncirvari bir-birinə bağlı olan şəxslər də istəmədən bir-birinə maddi zərər vurmuş olacaq. Həmçinin, bu, iqtisadiyyatımıza da ziyandır. Yuxarıda da qeyd etdiyim kimi, bu müraciət təkcə mənim adımdan yox, bütün bu sahədə çalışan insanların adındandır”.

Nura Suri 1976-cı ildə hərbçi ailəsində anadan olub. Müğənninin valideynləri Qarabağ Müharibəsi veteranlarıdır.

Ali təhsilli olan Nura Suri 1991-ci ildə "İmkan" qrupunda fəaliyyət göstərib.

O, şou-biznesdə 2004-cü ildə İsa Məlikovun "Yol" kompozisiyası ilə tanınıb. Ardınca müğənni amerikalı reper Brendonla duet mahnılar yazdırıb.

Nura Suri 2009-cu ildə "Sanki gecə idi" adlı ilk albomunu buraxıb və albomu övladlarına həsr edib.

Azərbaycanda fevralın 28-də COVID-19 virusuna ilk yoluxma faktı qeydə alınıb. Martın 29-dan da xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb. Martın 31-dən aprelin 20-nə kimi metroda fəaliyyət dayandırılıb. O cümlədən, toy şənlikləri dayandırılıb. Mayın 18-də karantin rejiminin yumşalması haqda qərar qəbul edilib. Ancaq Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov mövcud statistikaya əsaslanaraq bildirib ki, iyun və iyul aylarında toyların keçirilməsi nəzərdə tutulmayıb.

Azərbaycanda hazırda 3855 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 2399 nəfər müalicə olunaraq sağalıb, 46 nəfər vəfat edib, 1410 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 48 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
 
Meydan.Tv