Millətçi-öndərçi - "vətənpərvər" cəbhəsi

Millətçi-öndərçi -

26-07-2020 22:26 / Bu xəbər 1535 dəfə oxundu

Rövşən Əliyev 

Azərbaycanın millətçi-öndərçi -"vətənpərvər" yazı-pozu adamlarının böyük bir qisminin bu həftə Həsən bəy Zərdabinin arxasından çıxıb Əhməd bəy Ağayevin arxasında toplanmalarını müşahidə elədim. Hər il iyulun 22-sini bəhbəhlə bayramlaşıb Zərdabinin qəbrini ziyarət edirsiniz. 

Zərdabidən sizə nə? O, canını, ömrünü, evini xərcləyib mətbuat evi tikdi, siz dərinizi güddünüz, yazılarınızı ənam verilən evə kökləyib medianın evini yıxdınız. Demirəm o dəstənin hamısı Zərdabinin arxasında gizlənir. Zərdabini bəyənməyən qisminizi də tanıyıram. Nəymiş, Zərdabi peyin iyi verirmiş. Vazelin iyi vermək ayıbdır, peyin iyi yox. 

Ali Media Mükafatını prezident aparatının şöbə müdirinin arvadına verdiyinizi də bilirik: ilin jurnalistka mükafatı roman müəllifinə getdi. Bu heç.  

Ənənəvi Zərdabi bayramlaşması bitən kimi Los-Ancelesdə 10-a yaxın erməninin bir azərbaycanlını döyüb təhqir eləməsi videosu yayıldı. Bu dəfə eynən həmin dəstə Əhməd bəy Ağaoğlunun arxasına keçdi. Qisas dəstələri yaratmağa çağırdı. Sətiraltı "siz də erməni görəndə yumruqlamasanız deyəcəklər ki, g...-ləri yoxdur" mesajını hərə öz üslubuyla auditoriyaya çatdırdı.

Mən adi, elementar həqiqətlərin mürəkkəb fəndlərlə pərdələnməsini sadə yollarla açıb göstərmək ustasıyam. Elə bu yola davam edim. Əhməd bəy Ağaoğlu Difaini yaradanda Daşnak və Hnçak yaraqlılarının quldur basqınlarından müdafiə olunmaq üçün Qafqaz müsəlmanlarının ordusu, dövləti yox idi. Difaini yaratmaq düzgün yol idi, qəhrəmanlıq idi, vətənpərvərlik idi. Amma sizinki kriminala çağrışdır. Arxasında böyük bir provokasiya və planın durub-durmadığını da araşdırmaq lazımdır. 

Indi ki dövlətiniz, ordunuz var. İndi ki, Xarici İşlər nazirliyiniz var, Müdafiə nazirliyiniz, hüquq sisteminiz var. Büdcəni onlar yeyəcək, vətəndaş özünü yumruğuyla müdafiə edəcək? Nə vaxt büdcəyə nəzarət elədiniz? Isfəndiyar Vahabzadənin  Xarici İşlər nazirliyinin əsas kadrları ilə bağlı dediklərini eşimisiniz? Onun şahidliyinə görə, diplomatiya sahəsindəki açar vəzifələrə başqa ölkələrin vətəndaşları təyin edilir, bir səfirin Rusiya kəşfiyyatı ilə telefon danışıqlarına görə səfirliyə 8 min dollar hesab gəlib. Və nazirlik bu problemi araşdırmaq əvəzinə, problemi qaldırana ilişib. (Vahabzadələrin fikirlərini bölüşmürəm, ancaq adam ortaya fakt da qoyur.)  

Zərdabi dövründən fərqli olaraq, indiki dövrdə jurnalistikanın ən əsas vəzifəsi dövlət büdcəsinin necə xərclənməsini izləməkdir. Buna cəhd etmisiniz? 

Ə.Ağayev H.Z.Tağıyevin pulu ilə qəzet buraxanda ona şərt qoymuşdu ki, redaksiya siyasətinə qarışmayacaqsan. Tağıyev şərti pozdu. Ağayev pul, güc qarşısında geri çəkilmədi. Döyülüb təhqir olundu, ancaq orta təhsil görməmiş bir hacının Sorbonna məzununa qəzetçilik öyrətməsi ilə barışmadı. Hansınız ölkə iqtisadiyyatını idxaldan asılı eləməkdən başqa bir iş bacarmayan Kəmaləddinin sizə jurnalistikadan dərs deməsinə qarşı çıxdınız? Tağıyevin qəzetə qoyduğu o dövr üçün halal qazanılmış pul idi. Bəs indi iri xəbər mediasına hansı yolla əldə edilmiş pullar qoyulur? 

Bu gün millətçi-öndərçi-"vətənpərvər" cəbhəsində yer alan "jurnalistlər" öz gözünün qarşısında vətəndaşın şərlənməsinə susanlardır. Üstəlik bir-iki şər də özləri atırlar. Əsas şərlərinin adı qrantdır. Son 30 ildə Azərbaycanda ən şəffaf xərclənən pullar Qərb qrantlarının vətəndaş cəmiyyətinə çatan qismi olub. Leyla Yunus və bir-iki başqa epizod istisna olmaqla. 

Qrantların 2 milyard dolları hökumətə, bir neçə milyonu isə vətəndaş cəmiyyətiə çatıb.  Vətəndaş cəmiyyətinə çatan hissənin hamısının layihəsi bəlli, ərizəçilər bəlli, seçənlər bəlli, gerçəkləşdirənlərin siyahısı ortada. Həmin bu millətçi-öndərçi-"vətənpərvər"lər dəqiqəbaşı azadfikirlilərə, müstəqillərə şər atır ki, qrantyeyənsən, səni pulla dedidirlər. 

Neftdən gələn 140 milyard doların hesabatını tələb eləməyənə, hökumətin aldığı 2 milyard qrantın hesabatını tələb eləməyənə necə jurnaist deyəsən. Onlar hara, H.Zərdabi, Ə. Ağayev hara?

Bu gün Qarabağdan, vətənpərvərlikdən, millətçilikdən ən gur səslə danışan "jurnalistlər"  Qarabağ veteranı olan jurnalist həmkarlarının şərlənib həbs olunması barədə çınqırını çıxarmayanlardır.