Müsavat başqanının müavini saxlanılıb

Müsavat başqanının müavini saxlanılıb

29-07-2020 11:55 / Bu xəbər 2099 dəfə oxundu

Fərəc Kərimlinin də Qarabağa dəstək yürüşünə görə saxlanıldığı deyilir

Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli saxlanılıb. 

Bu barədə onun atası Raqif Kərimov məlumat verib.

R.Kərimov bildirib ki, oğlunu Qarabağa dəstək yürüşü ilə əlaqədar evdən aparıblar. 

Onun sözlərinə görə, iyulun 29-da səhər saat 8 radələrində evlərinə gələn mülki geyimli şəxslər özlərini Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarə kimi təqdim ediblər.

"Heç yerimizdən durmamışdıq, qapını döydülər. İki nəfər mülki geyimli polis vəsiqələrini təqdim etdilər. Çox nəzakətli davrandılar. Sonra məlum oldu ki, 6 nəfər gəliblərmiş. Fərəcin həmin gecə baş verən təxribatlarda iştirak edib-etmədiyi üçün araşdırma aparacaqlarını dedilər”, - deyə R.Kərimov bildirib.

F.Kərimlinin Bakı şəhər Baş Polis İdarəsinə aparılması və hansı iş üzrə dindirilməsi haqda Daxili İşlər Nazirliyindən rəsmi açıqlama almaq mümkün olmayıb.

F.Kərimli bundan öncə də həbs həyatı yaşayıb. 

F.Kərimli narkotiklə ittiham olunsa da, o, cinayət işinin saxta olduğunu bildirir, siyasi fəaliyyətinə görə cəzalandırıldığını deyirdi. Yerli və beynəlxalq insan haqları təşkilatları da onun həbsinin siyasi motivli olduğunu bəyan etmişdi.

Qarabağa dəstək yürüşündən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 40-a qədər fəalı həbs olunub. Ümumilikdə bu iş üzrə həbs olunanların sayı haqda rəsmi məlumat yoxdur.