Müsavat başqanının oğluna qarşı irəli sürülən ittihamlar

Müsavat başqanının oğluna qarşı irəli sürülən ittihamlar

02-11-2023 00:49 / Bu xəbər 1102 dəfə oxundu

Vəkil: "Orxan Hacılı bu ittihamı absurd sayır, atasının siyasi fəaliyyətinə görə cəzalandırıldığını düşünür”

Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı özünü təqsirli bilmir. 

O, oktyabrın 31-də saxlanılıb.

Bu barədə Meydan TV-yə məlumat verən vəkili Nemət Kərimli bildirib ki, Orxan Hacılı noyabrın 1-də təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. 

Ona qarşı Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələrilə ittiham irəli sürülüb.

"Orxan Hacılı bildirir ki, hadisə yerindən qaçması haqda iddialar yalandır. Hadisədən sonra orada olub, sürücülərlə söhbətləşib, nə ziyan dəyməsilə, kiminsə xəsarət alıb-almamasıyla maraqlanıb. Hadisənin necə baş verdiyi də sosial şəbəkələrdə yayılan videodan görünür”, – vəkil bildirib.

Hadisə zamanı xəsarət aldığı iddia edilən zərərçəkmişə gəlincə, cinayət işinin materiallarında göstərilib ki, o, həmin vaxt yolun kənarında olub. 

İddiaya görə, Orxan Hacılının avtomobili qarşısında manevr edən avtomobillə toqquşduqdan sonra yolun kənarında dayanan başqa maşınlara çırpılarkən zərbənin təsirindən yıxılıb və xəsarət alıb.

"Orxan Hacılı bu ittihamı absurd sayır, atasının siyasi fəaliyyətinə görə cəzalandırıldığını düşünür”, – vəkil əlavə edib.

Yasamal Rayon Polis İdarəsində bu cinayət işi üzrə istintaqı aparan müstəntiq Orxan Hacılının istintaq dövründə həbsdə saxlanması üçün rayon prokuroruna vəsatət verib. Prosessual qanunvericiliyə görə, vəsatətlə razılaşarsa, prokuror təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verməlidir.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Müsavat başqanının oğlu noyabrın 1-də günorta saatlarında Yasamal Rayon Prokurorluğuna aparılsa da, geriyə – Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına qaytarılıb.

Hadisə paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində – metronun "Elmlər Akademiyası” stansiyasının yaxınlığında baş verib.

Müsavat başqanı Arif Hacılı oğlunun tutulmasını qisasçılıq kimi dəyərləndirib: "Qəza zamanı toqquşan avtomobildə olan sürüсünün xəsarət almasını sənədləşdirmək cəhdləri baş tutmayandan və hadisənin üstündən 20 gün keçəndən sonra yeni "zərərçəkən” tapıblar. Guya kimsə yoldan keçəndə bu qəza nəticəsində xəsarət alıb. Halbuki, özlərinin yaydığı videogörüntüdə də orada başqa kimsənin olmadığı aydın görünür. Bir dəfə də demişəm, mübarizəni özümüzlə aparın. Ailə üzvlərimizlə, övladılarımızla bizi təhdid etməyiniz heç bir çərçivəyə, heç bir kodeksə sığmır”.

Orxan Hacılının ittiham olunduğu maddələrdə alternativ cərimə, islah işləri və s. cəzalarla yanaşı, 2 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.