Natiq Cəfərli: “Fermerlər 25 milyon dollara yaxın gəlir itirəcəklər”

Natiq Cəfərli: “Fermerlər 25 milyon dollara yaxın gəlir itirəcəklər”

10-12-2020 12:13 / Bu xəbər 746 dəfə oxundu

"Rusiyanın pomidor və alma idxalına qoyduğu qadağa Azərbaycan - Türkiyə yaxınlaşmasının fəsadıdır.  

Qadağanın qüvvəyə minməsinin hərbi paradla eyni günə düşməsi  də  təsadüfi deyil. 

İqtisadçı Natiq Cəfərli  "Toplum TV”-yə açıqlamasında belə deyib. 
 
Dekabrın 9-da Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") qərarı ilə  Azərbaycandan pomidor və alma idxalına qadağa qoyulub. 

Qərar dekabrın 10-dan etibarən qüvvəyə minəcək. 
 
"Rosselxoznadzor"un açıqlamasına görə, əsasən pomidor və almalarda Cənubi Amerika pomidor kəpənəyi ("Tuta absoluta”) və şərq güvəsi ("Grapholita molesta” - "Busck”) aşkarlanıb. 

Qurumun məlumatında bildirilir ki, pozuntularla əlaqədar dəfələrlə Azərbaycana xəbərdarlıq edilib və nəhayət, bu məhsulların idxalına qadağa qoyulub. 

İqtisadçı Natiq Cəfərli deyir ki, Rusiya dəfələrlə  Azərbaycana qarşı belə addımlar atıb; 2016, 2017, 2018-ci illərdə də buna bənzər hadisələr olub: "Rusiya təkcə Azərbaycana qarşı deyil,  Moldova, Ukrayna,  Gürcüstana və hətta Belarusiyaya da idxal qadağaları vasitəsilə siyasi təzyiq göstərməyə çalışıb” . 

İqtisadçının sözlərinə görə, qadağa Rusiya bazarının ən cəzbedici vaxtında tətbiq olunub - Yeni il bayramları və  uzunmüddətli tətillər Rusiya alıcılarının aktiv istelak dövrüdür: "Təkcə keçən il Rusiyaya pomidor ixracatının dəyəri 189 milyon dollar olub. Bu il də ona bənzər rəqəmlərin olması gözlənilirdi. Dekabr ixracatın artdığı aydır, əgər qərar bir ay  qüvvədə qalsa,  Azərbaycan təqribən  25 milyon dollara yaxın vəsait itirəcək. İlk başdan kiçik rəqəm olaraq görünsə də, bu sahədə fəaliyyət göstərən fermerlər gözlərini o gəlirlərinə dikiblər”.

N.Cəfərli deyir ki, indiyədək  Azərbaycan ixracatının  çoxşaxəli modelə keçməməsi hökumətinin ən böyük səhvidir: "Bunun üçün dünyaya daha çox açıq olmaq, Avropa Birliyi ilə ticarət razılaşması imzalamaq lazım idi, necə ki,  Gürcüstan imzalayıb. İndi bu ölkə Avropaya 500 milyon dollara yaxın mal sata bilir. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmalı idi ki, dünya ticarətinə açıla bilsin. Bunu edə bilmədik deyə Rusiyadan aslı vəziyyətdəyik”. 

Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov tomat istisna olmaqla, digər məhsulların Rusiyaya idxalında problem yaşandığını deyir; qeyd edir ki, meşə fındığı, alma və xurma ixracı keçən ilə nisbətən aşağı düşüb. Meşə fındığı 23,4 faiz,  alma 27 faiz,  xurma  ixracı isə 24,7 faiz azalıb. 

"Son zamanlar Azərbaycanda pomidor yetişdirilməsinə böyük yatırımlar olub, istixanalar inşa edilib.  Biz çoxdan deyirdik ki, Rusiyada müasir tipli istixanalar inşa edilir,  ordakı məhsuldarlıq bizdəkindən 3-4 dəfə çoxdur, zaman gələcək Rusiya pomidor idxalına problem yaradacaq”. 

Ekspert deyir ki, Rusiya öz  bazarını bu məhsullarla təmin etmək imkanındadır, buna görə də xarici ölkələrdən gələn məhsulların idxalına qadağa qoyur: "Rusiya bir neçə il bundan əvvəl Özbəkistanda geniş istixanalar inşa etməyə başlamışdı. Dövlət marağını nəzərə alan sahibkarlar da  istixana məhsullarının istehsalına başlamışdı.  İndi həmin qurğularda elə bir mühit yaradıblar ki, 24 saat fotosintez prosesi gedir, daha ekoloji təmiz məhsullar əldə olunur”. 

Avropa Birliyinin 2014-cü ildə Rusiyaya embarqo qoyduğunu xatırladan ekspert deyir ki, ölkə o məhsulların satışını öz bazarında reallaşdırmağa və başqa ölkələri sıxışıdırıb öz bazarından çıxarmağa çalışır: "Hökumət düşünməlidir ki, nəyə ehtiyac var, hansı məhsulların qiyməti günbəgün artır? Meyvə-tərəvəz istehsalı artıq əksər ölkələr üçün problem deyil, istənilən ölkə istixanalarda tərəvəz istehsal edə bilər”.  

V.Məhərrəmovun fikrincə, ölkədə ucuz və keyfiyyətli məhsul istehsalına mane olan əsas səbəb  istehsalda resurs  xərclərinin yüksək olmasıdır: "Azərbaycan bu resursları - gübrəni,  toxumu,  texnoloji avadanlıqları idxal edir. İşçi qüvvəsinin də peşəkarlıq səviyyəsi aşağıdır”. 

Ekspert qeyd edir ki, keyfiyyətli məhsul  istehsal edib xarici bazarlara çıxarmaq lazımdır: "Biz niyə ixrac bazarımızı Rusiyadan aslı etmişik ki, o da nə vaxt istəsə, qapısını üzümüzə bağlasın?”.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sözçüsü Aysel Fərziyeva "Toplum TV”-yə açıqlamasında sözügedən qadağayla bağlı araşdırmalar aparıldığını deyib.

Aytac Məməmmədova