"Gedəcəyəm..." - "Rahat ölməyə?.."

10-05-2024 13:54 / Bu xəbər 1531 dəfə oxundu

Ədil Hüseynli

Bunu ilk dəfə yazıram. Ona görə yox ki vaxtı çatıb, sadəcə, indi yazsam, bəlkə, bir az rahatladım.

2013-cü ilin aprel ayı idi. Başım bərk qarışmışdı, daha doğrusu, həyatımda yeganə güvənə biləcəyim adamı itirmişdim, atam rəhmətə getmişdi.

Mən ona "papa", o da mənə "əmi" deyirdi. Çünki mənə əmisinin adını qoymuşdu. Ona görə bütün kənd və onun dostları da mənə "əmi" deyirdi.

Yuxusu ərşə çəkilmiş adamlar kimi, yas çadırının içində var-gəl edir, bundan sonra üzərimə düşən yükü necə daşıyacağım barədə düşünürdüm.

Tez-tez siqaret yandırır, hey düşünür, özümlə sorğu sual edirdim.

Təxminən gecə saat 12:00 radiələri idi, telefonum zəng çalır. Açıram və salamlaşırıq. Tanıyıram zəng edəni, lap yaxşı tanıyıram. Dəyər verdiyim, sözünə inandığım ağsaqqallardandır. 

Atamın ölüm xəbərini eşidib, başsağlığı vermək üçün arayıb. 5  dəqiqə danışırıq və birdən: "Küçənin başındayam, gəl bura", - deyir. 

Açığı inanmıram, gecənin bu vaxtında, bu yaşda adam durub rayona gəlib. Küçənin başında dayanan maşından düşür və məni qucaqlayır, təsəlli verir: "Mənim atam öləndə 2 yaşım olub, heç xatırlamıram atamı. Anam deyərdi ki, atam uzun boylu, qıvraq saçlı, dəlidolu adam olub. Mənim onunla heç bir xatirəm yoxdur. Bilirəm sənin atanla yaxşı xatirələrin olub...".

Evə dəvət edirəm, razılaşmır: "Çadırda oturaq, bir az dərdləşək, gedəcəyəm", - deyir. 

Xeyli söhbət edirik, atamın nədən dünyasını dəyişməsinin səbəblərini sorusşur, danışırıq, danışırıq, danışırıq... 

Söhbətarası soruşur: "B işlərin axırı nə olacaq?"

"Hansı işlərin, ağsaqqal", - deyə mən də soruşuram. 

"Elə bu işlərin də", - deyib, başını yelləyir və anidən bir söz deyir: "Balalarını da götür, çıx get burdan. Sənin kimi adamların yeri deyil bura..., çıx get, mən də gedirəm".

Gülümsəyirəm, "Bu yaşda hara gedirsən?" - deyə soruşuram. 

"Rahat ölməyə!" - deyə cavab verir.

"Rahat ölmək də olur?", - gülümsəyirəm. 

"Olur, olur" - deyə, dilinin altında nəsə pıçıldayır..., eşidə bilmirəm.

Bir siqaret də yandırır və yenə: "Sonra gec olacaq, övladlarını da götür get burdan", - deyə ikinci dəfə təkrarlayır.

Ardınca: "Vaxt gələcək, sənin kimi insanları, jurnalistləri, müəllimləri, həkimləri it yerinə qoymayacaqlar, çox peşman olacaqsan, həyatdan bezəcəksən, hətta özünü öldürmək həddinə çatacaqsan, amma bacarmayacaqsan. Nə qədər gec deyil, get burdan!..", - deyə kədərlənir. 

Başımız söhbətə necə qarışırsa, bir də xəbər tuturuq artıq səhər açılır və o gedir...

Beləcə, düz 11 il sonra ağsaqqalla hava limanında görüşürük. Baxır, gülür və nəsə soruşmaq istəyir. Mən arif adamam, bilirəm nə soruşacaq. Onu qabaqlayıram: "Gedəcəyəm", - deyirəm...

Gülümsəyir: "Rahat ölməyə?.."