Navalnı xəstəxanadan çıxıb

Navalnı xəstəxanadan çıxıb

23-09-2020 17:05 / Bu xəbər 509 dəfə oxundu

Həkimin məsləhət gördüyü rutinə gəzinti və ailəsiylə vaxt keçirmək daxildir

Kremlin tənqidçisi Aleksey Navalnı çərşənbə axşamı müalicə aldığı Berlin xəstəxanasından çıxıb, - "Reuters” xəbər verir.

Keçən ay Sibirdə daxili təyyarədə halı pisləşən Navalnı bir neçə gün sonra Rusiyadan Berlinə gətirilib. Qərbin zəhərlənmə ilə bağlı dediklərinə qarşılıq olaraq Kreml hadisə ilə bağlı hər hansı bir cinayət sübutunu görmədiyini deyir və məsələ ilə əlaqəli olduğunu inkar edir.

Yorğun görünüşlü Navalnı xəstəxanadan çıxdığını çərşənbə günü "İnstagram” səhifəsində parkda skamyada çəkilmiş şəklini yerləşdirməklə paylaşıb.

44 yaşlı müxalif siyasətçi fizioterapiya keçməyi planlaşdırdığını və sol əlinin tam istifadəsinə nail olmaq üçün reabilitasiya mərkəzində müalicəsini davam etdirəcəyini deyib.

"Xəstəxanada 32 gün yatdıqdan sonra həkimlər yaxşılaşma üçün palatanın deyil, normal həyatda olmanın önəmli olduğuna qərar verib”,- Navalnı deyib. O, həkimin məsləhət gördüyü rutinə gəzinti və ailəsiylə vaxt keçirməyin daxil olduğunu əlavə edib.

"Planlarım bugünə qədər sadədir: hər gün fizioterapevtə getmək. Və yəqin ki, reabilitasiya mərkəzi. Bir ayaq üstündə durmaq. Barmaqlarım üzərində tam nəzarəti bərpa etmək. Balansımı qorumaq”,- o deyib və Berlinin "Charite” xəstəxanasının həkimlərinə təşəkkür edib.

Müttəfiqləri onun Rusiyaya bir gün qayıtmağı planlaşdırdığını desələr də, Navalnı bu planlara toxunmayıb.

Almaniya, Fransa və İsveçdəki laboratoriya sınaqlarından sonra Navalnının "Noviçok” sinir maddəsilə zəhərləndiyi təsbit edilib. Kreml çərşənbə günü Prezident Vladimir Putinin ətrafının bu cür maddələrə girişinin olmadığını deyib.

"Charite” xəstəxanası açıqlamasında Navalnının vəziyyətinin yaxşılaşmasına baxmayaraq, ağır zəhərlənmənin potensial uzunmüddətli təsirlərini qiymətləndirməyin tez olduğunu deyib.

Navalnı xəstəxanada 32 gün müalicə alıb, bunun 24 gününün reanimasiyada keçirib.

Kremlin sözcüsü Dmitri Peskov Rusiya rəsmilərinin Navalnının sağalmasından məmnun olduğunu və hər bir vətəndaş kimi Rusiyaya istənilən vaxt geri qayıda biləcəyini deyib.///Meydan.tv