Navalnının anası: "Alekseyi gizli dəfn etmək istəyirlər"

Navalnının anası:

23-02-2024 11:27 / Bu xəbər 507 dəfə oxundu

Fevralın 16-da Yamaldakı cəzaçəkmə koloniyasında müəmmalı vəfat edən müxalif siyasətçi Aleksey Navalnının anası Lyudmila Navalnaya video-müraciətində oğlunun cəsədinin ona göstərildiyini deyib.
 
O bildirib ki, hakimiyyətin oğlunu gizli şəkildə dəfn etmək niyyətindədir.

Lyudmila Navalnaya deyib ki, o, Rusiya İstintaq Komitəsinin Salexarddakı qərargahında müstəntiqlər və kriminoloqlarla təkbətək görüşüb: "Dünən gecə məni gizli şəkildə morqa apardılar və orada Alekseyi göstərdilər. Müstəntiqlər iddia edirlər ki, ölümün səbəbini bilirlər və gördüyüm bütün tibbi və hüquqi sənədlər hazırdır. Mən tibbi ölüm şəhadətnaməsinə imza atmışam".

Lyudmila Navalnaya bildirib ki, qanuna görə, hakimiyyət Navalnının cəsədini ona dərhal verməli idi, lakin indiyədək bunu etməyib: 

"Əvəzində məni şantaj edir, mənə Alekseyi harada, nə vaxt və necə dəfn etməli olduğumla bağlı şərtlər qoyurlar. Bu, qanunsuzdur. Mənim yanımda ya Kremldən, ya da İstintaq Komitəsinin mərkəzi aparatından əmrlər alırlar. Onlar bunu [Navalnının dəfnini] vidalaşmadan, gizli şəkildə həyata keçirilməsini, məni qəbiristanlığın kənarındakı, təzə məzara aparıb "oğlunuz buradadır" demək istəyirlər".

Navalnaya deyib ki, siyasətçinin dəfn mərasiminin açıq keçirilməsini və onu dəstəkləyən hər kəsin onunla vidalaşmasını istəyir.

O, "Mən bu videonu onlar məni hədələməyə başladıqları üçün çəkirəm. Gözlərimin içinə baxaraq deyirlər ki, gizli dəfn mərasiminə razı olmasam, oğlumun cəsədi ilə nəsə edəcəklər. Müstəntiq Voropayev mənə açıq şəkildə "Zaman keçir, meyit çürüyür. Mən heç bir xüsusi şərt istəmirəm. Sadəcə olaraq hər şeyin qanun çərçivəsində olmasını istəyirəm. Oğlumun meyitinin dərhal mənə qaytarılmasını tələb edirəm", - deyib.

Navalnının mətbuat katibi Kira Yarmış bildirib ki, Lyudmila Navalnayaya göstərilən tibbi rəydə siyasətçinin səhhətindəki problemlər səbəbindən öldüyü göstərilib.

Bundan əvvəl "Present Time" nəşrinə müsahibəsində reanimatoloq Aleksandr Polupan bildirib ki, Aleksey Navalnının cəsədi qohumlarının razılığı olmadan yandırıla bilər.