Nərgizin həbsi daha 3 ay artırıldı: "...qanunsuzdur"

Nərgizin həbsi daha 3 ay artırıldı:

24-02-2024 14:46 / Bu xəbər 1187 dəfə oxundu

2023-cü il noyabrın 30-da "Abzas Media” işi üzrə həbs edilən jurnalist-reportyor Nərgiz Absalamovanın həbs müddəti daha 3 ay uzadılıb. 

Qərarı fevralın 24-də Xətai Rayon Məhkəməsi çıxarıb. 

Ötən il noyabrın 20-də "Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Jurnalistlər ittihamları rədd edirlər və həbslərini "Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər. 

Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və jurnalistlərin dərhal azad edilməsinə çağırıblar.