Niyazi Mehdi: "Hikmət Hacızadə yazmışdı ki, İsa, elə bilin ölmüşəm, indi də cənnətdəyəm!"

Niyazi Mehdi:

30-11-2020 00:19 / Bu xəbər 1639 dəfə oxundu

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi bir müddət öncə dünyasını dəyişmiş Hikmət Hacızadə ilə bağlı xatirələrini bölüşüb: 

"Əziz dostum Hikmət Hacızadənin xairsinə gündəliyimdəm onunla bağlı gülməcələri verirəm.

Hikmət Hacızadə Parlament seçkilərində namizəd olmaq üçün Şəkinin bir kəndində çıxış edir. Bu zaman namizədlərin şişirdilmiş vədlərini parodiya edərək deyir:
- Mən deputat seçilsəm, sizin kənddə metro çəkəcəm.

Camaat gülür, sonra çıxışlar başlayır. Bir kənd sakini Hikmət Hacızadənin xoşuna gələn ağıllı sözlər deyir. O, çıxışını qurtaranda Hikmət Hacızadə ona vəd verir:
- Sizi də metroya müdir qoyacam.

***
Müsavatın Divanının toplantısında Etnik azlıqlar haqqında qanun layihəsi müzakirəs olunanda Hikmət Hacızadə ilə Əsgər Əhməd arasında mübahisə düşür. "Etnik azlıq, etnik qrup" terminləri haqqında Hikmət Hacızadə deyir ki, dünyada bu terminlərlə bağlı ortaq fikir yoxdur.
Əsgər Əhməd: -Var, mən özüm kitabda oxumuşam, - deyir.
İsa Qəmbər onların sözünü kəsir:
- Siz başqa-başqa kitablardan oxumusunuz, ona görə də mübahisə edirsiz.
Hikmət Hacızadə:
- Mən özüm bu haqda kitab yazmışam.
İsa Qəmbər:
- Onda Əsgər Əhməd təcili iki kitab yazmalıdır.
***
1996-cı ilin Mayında Hikmət Hacızadə ilə Nəsib Nəsibzadənin Müsavatın Proqramı üzrə qovğaları bir az arxada qalmışdı. Divanın yeni iclası başlayanda kim var, kim yoxdur sualı ortaya çıxır, Hikmət Hacızadə həməncə qayıdır ki, Siz bərkdən «diskussiya» deyin, o saat Nəsib peyda olacaq.
***
Bulvarda Nəcəf Nəcəfov, Hikmət Hacızadə gəzirmişlər, Əsgər Əhmədə rast gəlirlər. Hikmət Hacızadə Əsgərin şalvarına baxır. Şalvar xoşuna gəldiyindən soruşur:
- Haranınkıdır?
- Türkiyənin.
- Ver mənə.
Nəcəf Nəcəfov Müsavatdakı türkçülük və liberal demokratiya haqqında diskussiyalar eyham olaraq deyir:
- Hikmət, türk şalvarsız olmaz. Sən liberalsan, şortda da gəzə bilərsən.
***
1996-cı ilin Sentyabrında Hikmət Hacızadə Kolumbiya Univesitetinə dəvət olunur. Oradan elektron poçtu ilə İsa Qəmbərə ilk xəbərini göndərir:
- İsa, elə bilin ölmüşəm, indi də cənnətdəyəm!
***
Amerikanın Milli Demokratiya İnstitutunun başçısı David Nissman Müsavatla AXCP-nin fərqini soruşanda Hikmət Hacızadə deyibmiş:
- Hər ikisi eyni adamlardır, fərq bircə ondadır ki, Müsavatdakılar ali savadlıdırlar.
***
12 Sentyabr mitinqindən sonra Müsavatın Divanında Hikmət Hacızadə xoşbaxtlığını belə bildirdi:
- Azıxantropdan bəri bu mitinq Azərbaycanın ən böyük nailiyyətidir.
Sonra da durub Marselyezanın azərbaycanca oxumağa başladı.

Yazı müəllifin feysbuk profilindən götürülüb.