Nurlana Cəlil: "Əmimin maşınını müsadirə ediblər"

Nurlana Cəlil:

10-01-2020 18:53 / Bu xəbər 706 dəfə oxundu

Zaqatala 110, Zaqatala-Balakən 111 saylı seçki dairələrindən namizədliklərini vermiş ictimai fəallar təzyiqlə üzləşdiklərini deyirlər. 

İctimai fəal Nurlana Cəlil Toplum.Tv-yə deyir ki, 110 saylı Zaqatala seçki dairəsindən namizədliyini irəli sürdükdən sonra silsilə maneələrlə qarşılaşır. Hətta ailə üzvünün maşını müsadirə edilib: 

"İmza vərəqəmi aldığım gün səsvermə hüququna malik ailə üzvlərim bu prosesdə mənə könüllü dəstək verərək, Zaqatala rayonu Bəhmətli kəndində vətəndaşlardan imza toplamağa başladılar. Ailə üzvümü təqib edən və onları çəkindirməyə çalışan kənd icra nümayəndəsi Şamil Xasməmmədov bunun nəticə vermədiyini gördükdə, ailə üzvümün (əmimin) kənddə maşını etibarnaməsiz istifadə etdiyini yol polisinə xəbər verib. Maşını müsadirə edib aparan yol polisi bura zənglə gəldiyini bildirib. Kənd sakinləri "maşın aylardır kənddə belə istifadə edilir, bəs onda niyə gəlib aparmırdınız”, deyərək etiraz da etdilər. Biz bunun məkrli bir davranış və məqsədli müdaxilə olduğunu bilirik”.

Nurlana Cəlil deyir ki, vətəndaşlar da imza verməmələri üçün hədələnir: "Bəhmətli kəndində məktəb, bağça işçiləri, sahibkar və fermerlər mənə imza verdikləri təqdirdə işdən qovulacaqları ilə hədələnib. Habelə sahibkarlar vergi və sosial qurumlar tərəfindən hədələnib. Üstəgəl, imza toplamada kömək edən digər əmim icarəyə götürdüyü rəsm atelyesini boşaltmağa məcbur edilir. İmza toplamağa başladığımız gün mənə məlumat verildi ki, imza vərəqəmi korlayan şəxsə  min manat pul veriləcəkmiş. Bunu eşidən kimi imzatoplamaya könüllü dəstək verən Zaqatala rayonu Lahıc kənd orta məktəb müəllimi və atamın dostu Səfər Daşdəmirova verdiyim imza vərəqəsini dərhal geri götürmək üçün atamı göndərdim. Yoldaş Daşdəmirov atamı inandıraraq və əmin edərək yola salıb ki, heç bir problem olmayacaq, güvənə bilərik ona. Lakin növbəti gün günorta imza vərəqəmin götürməyə getdikdə, uşağın vərəqəyə çay dağıtdığını söylədi. İlk sırada düzgün şəkildə qeyd etdiyim imzaya baxmayaraq, müəllim imza vərəqəmi çay dağıdaraq korlaması azmış kimi, həm də qüsurlu doldurub”. 
 
Nurlana Cəlil bildirib ki, hadisə aşkarlanan kimi DSK-dan yeni imza vərəqəsi verməsi üçün akt hazırlamağı tələb edib: "DSK sədri yerində yox idi və əməkdaşların çoxsaylı zənglərinə anlamsız cavablar verirdi. Hadisəni MSK-nın qaynar xəttinə bildirdim. Bundan az sonra DSK sədri mənə zəng edərək, 15-20 dəqiqə içində yerində olacağını dedi. Gəlmədi. Üstündən 1 saat keçdikdən sonra yenidən zəng edərək "İmza vərəqələri yoxdur. Sabah 17.00-da olacaq" deyərək məni növbəti günə ertələdi. Təkrar MSK-ya zəng edərək şöbə müdiri İsmayıl bəyə bu haqda şikayət etdim. O, məsələni həll edəcəyini və ən gec bu gün saat 10.00-da 1 ədəd imza vərəqəsi ilə təmin olunacağımı dedi. Səhər 10.00-da DSK-da idim. Saat 12-yə qədər gözlədim və mənə yenə "17.00-da gəlin” deyildi. Yenə eyni qaydada MSK şöbə müdiri İsmayıl bəyə dedim. O, yenə bununla maraqlanıb mənə xəbər verəcəyini söylədi. Məndəki təəssürat odur ki, MSK və yerdəkilər arasında gedən "et, etmirəm" halı getdikcə aşkar görünür. DSK sədri MSK-nın göstərişlərini yerinə yetirmir”.

110 saylı Zaqatala-Balakən seçki dairəsindən namizədliyini verən Fariz Həsənli də problemlərlə üzləşdiyini deyir. 

Onun sözlərinə görə, DSK sədri Fikrət Mustafayev imza vərəqələrini vermək istəməyib, buna görə də o, həmin vərəqələri yanvarın 9-da alıb.

Fariz Həsənli Fikrət Mustafayevin ona fiziki zor tətbiq etdiyini də deyib.  

111 saylı dairədən müstəqil namizədliyini vermiş Rəhman Rəsulzadə də prosesdən narazıdır. O, bu barədə sosial şəbəkələrdə məlumat yayıb. 

Onun sözlərinə görə, DSK sədri sənədləri möhürləmək istəmir və möhürün Bakıya aparıldığını söyləyib.

110 saylı Zaqatala seçki dairəsinin sədri Fikrət Mustafayevlə əlaqə saxlamaq mümkün olmayıb.

111 saylı Zaqatala-Balakən seçki dairəsinin sədri Zöhrab İsmayılov isə Toplum.Tv-yə bildirib ki, Rəhman Rəsulzadə ilə bağlı hər hansı bir problem yoxdur. 

Rizvan İbrahimov