Nurçular yenidən güclənir? – Gəncədən namizəd!

Nurçular yenidən güclənir? – Gəncədən namizəd!

29-09-2015 09:29 / Bu xəbər 1845 dəfə oxundu

Son illər ölkədə "Nurçu” dini şəbkəyə daxil olan insanlarla bağlı tez-tez informasiyalar yayılır. Ötən il ölkənin bir sıra iri ranqlı məmurlarının da adının keçdiyi Nurçu şəbəkəsinin aşkar olunması ilə bağlı məsələ ölkənin əsas gündəm hadisələrinə çevrilmişdi. 

Hələ ötən ilin 15 aprel tarixində "Bizim Yol” qəzeti məlumat yaymışdı ki, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov MTN-də bu məsələ ilə bağlı 6 saat dindirilib. O vaxt yazıda adı çəkilən şəxslərdən biri də Gəncə Şəhər İcra Hakimiyyəti başçısının  müavini, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev idi. Qəzet qeyd edirdi ki, N. Həmzəyev ilə bağlı da araşdırma başlanılıb. 

Qaynar.info xəbər verir ki, bundan sonra bir neçə media qurumu Naqif Həmzəyevin "Nurçu”larla əlaqələri haqqında məlumatlar yaymağa başladı. Maraqlı məqam ondan ibarət idi ki, heç bir rəsmi qurum qəzetin bu iddiasını təkzib etmədi. Ancaq bəlli olmayan səbəblərə görə aqressivliklə başlayan araşdırma birdən dayandı. 

Bir müddət əvvəl isə ölkədə "Nurçu”ların yenidən güclənmə cəhdlərinin olması gündəmə gəldi. Milli Təhlükəsizlik Nazirliyi də bununla bağlı əməliyyat keçirdi. Ancaq maraqlı nüans ondan ibarətdir ki, o vaxt medianın "Nurçu”larla əlaqəli olduğu iddia edilən Naqif Həmzəyev bu il Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısında yer alıb. 

Naqif Həmzəyevlə bağlı digər maraqlı nüans ondan ibarətdir ki, o hazırda deputatlığa namizəd olmaqla yanaşı eyni zamanda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının  müavinidir. Qanunvericilik isə icraedici orqanda təmsil olunan şəxslərin qanunverici orqanda təmsil olmasını qadağan edir. Belə problemlərin yarana biləcəyini əvvəlcədən ehtimal olunduğu bir  məqamda YAP-ın israrla onun namizədliyi irəli sürməsi N. Həmzəyevin hansısa formada və kimlərsə tərəfindən himayə olunması iddiasına ciddi əsaslar yaradır. 

N. Həmzəyevlə əlaqə yaratmaq istəsək də bu baş tutmadı. Qarşı tərəfin fikrirlərini verməyə hazırıq.///Qaynar.info