“Ortada siyasi məhbus mövzusu varsa...” – Gənclərdən reaksiya
29-08-2017 19:14 / Bu xəbər 1758 dəfə oxundu
NİDA Vətəndaş Hərəkatının üzvləri və bir qrup gənc siyasi məhbuslarla bağlı yeni kampaniyaya start verib.
Bu barədə aksiyanın təşkilatçılarından olan Əbülfəz Qurbanlı və NİDA İdarə Heyətinin üzvü Ülvi Həsənli məlumat yayıb.

Əbülfəz Qurbanlı Toplum Tv-yə açıqlamasında məqsədlərinin siyasi məhbusların problemlərini ictimaiyyətə çatdırmaq olduğunu bildirib: "Aksiyamız avqustun 27-si, 28-i, 29-u, və 30-u baş tutacaq. Yekdil qərarımız odur ki, aksiya sosial şəbəkələr üzərindən olsun. Məqsəd odur ki, biz həm yerli ictimaiyyətin, həm də beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycandakı siyasi məhbus problemləri və həbsxanadakı məhbuslara olan işgəncələrə yönəldək. Planlaşdırırıq ki, aksiyanın sonuncu günü siyasi məhbuslarla bağlı konfrans keçirilsin. O konfransda biz tədbir iştirakçılarının təkliflərini almağı düşünürük. Yəqin ki, növbəti mərhələ ilə bağlı öz planlarımızı müəyyənləşdirəcəyik".
"Siyasi məhbus problemi azalmaq əvəzinə artır, siyasi məhbusların sayı coxalır"

Bunu isə NİDA Vətəndaş Hərəkatının üzvü Məsud Əskər deyir: "Kampaniya 3 gun davam edəcək. Məqsədimiz diqqəti siyasi məhbuslara cəlb etməkdir. Siyasi məhbus problemi azalmaq əvəzinə artır. Kampaniyanın son günündə tədbir nəzərdə tuturuq. Gələcəkdə də siyasi məhbusları müdafiə edən tədbir və kampaniyalar etmək fikrindəyik".
Bəs, görəsən, digər siyasi təşkilatlar bu aksiyaya dəstək olacaqlarmı?
"Bütün müsavatçılar bu aksiyada fəal iştirak edir".
Müsavatçı Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli açıqlamasında belə deyib.

Onun sözlərinə görə, tək Müsavat Gənclər Təşkilatı üzvləri yox, bütün müsavatçılar aksiyada fəal iştirak edir və sona kimi bu işdə aktiv olacaqlar:
"On milyonluq bir xalqın 150-dən artıq siyasi məhbusu varsa, bu, artıq həm dövlət, həm hakimiyyət, həm də ölkə vətəndaşları üçün ciddi təhlükə mənbəyidir.
Ölkə imicinin beynəlxalq arenada nisbətən müsbətə doğru irəliləməsi üçün partiya və təşkilat mənsubiyyətindən asılı olmayaraq, bütün sosial şəbəkə istifadəçilərini bu aksiyada iştirak edib, siyasi və vicdan məhbuslarının dərhal və qeyd-şərtsiz azad olunmasını tələb etməyə çağırıram".
VHP-nin Gənclər Təşkilatının sədri Kamran Habiloğlu da aksiyaya dəstək olacaqlarını vurğulayıb: "Biz bu aksiyaya qoşulmuşuq. Kampaniya çərçivəsində, "Facebook"da, "Twitter"də və digər sosial şəbəkələrdə paylaşımlar edirik.
"Məhbuslar işgəncələrə məruz qalır"

D18 Hərəkatının başqanı Ruslan İzzətli də aksiyaya dəstək verdiklərini deyib: "D18 Hərəkatı da fəaliyyəti dönəmində çalışır ki, siyasi məhbus məsələsini gündəmdə saxlasın. Biz həm müəyyən aksiyalarımızla siyasi məhbus mövzusunu gündəmə gətiririk, həm də beynəlxalq görüşlərdə bu məsələyə mütləq toxunuruq. Gənclərin başladığı "Azad et!" kampaniyası da hər kəsin qoşula biləcəyi bir prosesdir. Bu aksiyanın məqsədi siyasi məhbus mövzusunu gündəmə gətirməkdir. Bu aksiyadan sonra təbii ki, biz ayrıca çalışacağıq ki, siyasi məhbusları videoçarxla tanıdaq. Cəmiyyət 150 nəfərdən cəmi 20-30 nəfər siyasi məhbusu tanıyır. Bu məhbuslar işgəncələrə məruz qalır. Ona görə də hərəkatımızda olan vəkillər vasitəsilə və digər dostlarımızla çalışacağıq ki, 150 nəfər siyasi məhbus haqqında informasiya alaq, onların ailələri ilə əlaqə yaradaq və onları cəmiyyətə tanıtmaq üçün videoçarx hazırlayaq. İstəyirik ki, bu videoçarx bir neçə dildə çəkilsin. Beynəlxalq təşkilatların da bu videoya baxmaq imkanl olsun. "Azad et!" kampaniyasına biz də qoşuluruq. Bu aksiya kimlər tərəfindən təşkil olmasının bizim üçün fərqi yoxdur. Siyasi məhbus mövzusu varsa, biz bacardığımız qədər dəstək oluruq".
REAL Hərəkatından Toğrul İsmayıl Toplum.Tv-yə açıqlamasında bu tip aksiyalara qoşulmağı vacib sayır:

"REAL-ın struktur olaraq ayrılıqda xüsusi gənclər təşkilatı yoxdur. Amma təbii ki, realçılar fərd olaraq bu aksiyaya dəstək verir. Kampaniyanı təşkil edən və əziyyət çəkənlərə təşəkkür edirəm. Bu istiqamətdə atılan hər bir addım alqışa layiqdir. Bu işin əhəmiyyətini kölgə altında qoymamaq şərti ilə onu da əlavə etmək istəyirəm ki, bu istiqamətdə aparılan işlərə daha konseptual yanaşmalıyıq və bu işin nəticəsi olaraq özümüzə ölçüləbilən hədəflər qoymalıyıq. Bu işin sonunda qazancımız nə olacaq bunu başdan bilməliyik. Ən azından planlamalıyıq, rəqəmlərlə işləməliyik. Yəni bu addımlar sadəcə olaraq, dostlarımız qarşısında vicdan borcumuz olmasın, əsl iş olsun".
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin üzvü Həzi Bəy bildirib ki, cəbhəçilər də aksiyada iştirak edirlər:
"Təkcə Azərbaycan Xalq Cəbhəsi Partiyasının 11 üzvü siyasi məhbusdur. Bunların əsas hissəsi partiyanın rəhbərliyində təmsil olunan şəxslərdir. O cümlədən, bir nəfər də partiyanın Gənclər Komitəsinin üzvüdür. Bütün bunlara baxmayaraq, biz hər zaman siyasi məhbusların azadlığa buraxılması üçün bir çox işlər görmüşük. Siyasi məhbuslara azadlıq tələbi ilə mitinqlər keçirmişik. "Azadet" kampaniyasına da dəstək olmuşuq. Təkcə Gənclər Komitəsinin yox, ümumiyyətlə partiyanın bir çox üzvü kampaniyada iştirak edib. Bundan sonra da, siyasi məhbusların azadlığı üçün baş tutacaq istənilən həqiqi kampaniyaya dəstək verəcəyik".












