Oğuzun diqqətdənkənar Kərimli kurqanları

Oğuzun diqqətdənkənar Kərimli kurqanları

05-12-2021 01:40 / Bu xəbər 2899 dəfə oxundu

Zəngin təbiəti ilə hər bir azərbaycanlının və eləcə də turistlərin diqqətini çəkən Oğuz rayonu həm də abidələr diyarı kimi tanınır. 

Oğuz elinin əski mədəniyyət mərkəzlərindən biri kimi tanınan bu rayonda eradan əvvələ aid olan tarixi abidələr buranın qədim yaşayış məskəni olduğunu bir daha təsdiq edir. 

Tarixçilərin qənaətinə görə, abidələrin tarixi isə neolit, tunc, erkən orta əsrlər və digər dövrlərə qədər gedib çıxır. 

Bu abidələrə rayonun bir çox yerlərində - Xaçmaz, Sincan, Tərkeş, Xalxal, Dəymədərə, Qarabaldır, Muxas, Calut kəndlərində rast gəlinsə də, Oğuz deyəndə yada düşən abidələrindən biri də məhz Kərimli kurqanlarıdır. 

Tarixi terminologiyada kurqan torpaq təpə deməkdir, yəni sosial bərabərsizliyin mövcud olduğu dövrdə tayfa başçılarının hakimiyyətinin qüdrətini ifadə edən sərdabə tipli qəbir. 

Buraya səfərimiz də təsadüf deyil, tarixə məhz bu kurqanlardan boylanmaq istədik, amma qarşılaşdığımız mənzərə heş də xoş olmadı. Bu barədə bir qədər sonra... 

Kərimli kurqanları hansı dövrə aiddir? 

Arxeoloji qazıntılar Kərimli  kurqanlarının eramızdan əvvəl (e.ə. 14-16-cı əsrlərə) aid olduğunu göstərir və bu dövrə aid hökmdar məzarlığı da məhz burada aşkarlanıb. Məsələn, Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutunun əməkdaşı Nəsib Muxtarov qeyd edir ki, bu kurqanlar son tunc dövrünə aiddir və onlardan ən balacasının diametri 70 metrdir. 

Onun sözlərinə görə, Cənubi Qafqazın tarixini özündə əks etdirən bu kurqanlardan gildən hazırlanmış naxışlı qablar və bəzək əşyaları aşkarlanıb. Bundan başqa ərazidə 5 metr dərinlikdə tunc dövrünə aid dəfn adətlərin qalıqlarına da təsadüf edilir.

Tədqiqatlar zamanı aşkar edilən dəfn kamerasındakı dəfn adəti xüsusi diqqət çəkir. Kameradakı qu quşu, göyərçin, bülbül, qaz, ördək, ilan fiqurları, anqob naxışlı qablar, metal məmulatı öz orijinallığı ilə fərqlənir. Dəfn adəti, kurqanın quruluşu Azərbaycanın orta tunc dövrünə aid torpaq kurqanlarla oxşarsa da, fərli cəhətləri də var... 

Bildirilir ki, bu kurqanda yüzdən çox muncuq aşkar edilib və bu cür zinət əşyalarına, metal və qeyri-metal muncuqlara, sinə bəzəklərinə Azərbaycandan kənarda - Anadolu, Mesopotamiya, Şimali Qafqaz, Çin, Hindistan, Əfqanıstan, İran ərzilərindəki abidələrdə də rast gəlinib.

Baxımsızlıq, yoxsa tarixə ögey münasibət? 

Reportajın girişinə də təsadüfən tarixlə başlamadım. Çünki bu abidələr bir kəndin, rayonun deyil, ölkənin, bölgənin, böyük bir coğrafiyanın tarixi və mədəni zəngilliyinin minilliklər boyu süzülüb gələn yaddaşıdır. 

Amma burada apardığımız müşahidələr göstərir ki, abidələrə münasibət heç də birməanlı deyi. Belə ki, Kərimli kəndi ərazisindəki e.ə. 16-14-cü əsrlərə aid kurqanlar baxımsız vəziyyətdədir. Təəssüf ki, bu abidələrə biganə münasibət Kərimli sakinlərini də ciddi narahatçılığına səbəb olur. 

Məsələn, tarixi sənədlərə əsasən, buradakı öküz başı eksponatından dünyada cәmi 4 әdәddir. Amma bu nadir tarixi abidə də baxımsız vəziyyətdədir. 

Sakinlər deyirlər ki, "Hökmdar məzarlığı” adlanan 19 kurqanın indiki vəziyyəti aidiyyəti qurumların tarixə, ölkənin mədəniyyətinə laqeyd münasibətinin ifadəsidir. 

Burada gördüklərimiz bəzi sakinlərin də abidələrə münasibətinin yanlış olduğu qənaətini ortaya çıxartdı. Çünki baxımsız vəziyyətdə olan, kurqanlar yerləşən ərazi əkin-biçin sahəsi kimi istifadə olunur. Yəni tarixi abidə üzərində hər gün təsərrüfat işləri üçün "qazıntı" aparılmış olurlar. Bu barədə dəfələrlə yazılsa da, reaksiya verilməyib. 

Tarixə olan biganəlik özündə önəmli izlər daşıyan abidələrin məhv olmasına, tarixin müəyyən bir dövrünün silinməsinə səbəb ola bilər. Üstəlik, turistləri cəlb edən bu abidələrin sıradan çıxması bölgəyə diqqətin azalmasına gətirib çıxaracaq.  

Bərbad yollar... 

"Hələlik turizm marşrutuna daxil edilməsə də, kurqanlar bura gələn turistlərin marağını cəlb edir. Ancaq kurqanların yerləşdiyi əraziyə aparan yolun bərbad vəziyyətdə olması bura yolu düşənləri peşman edir. Ona görə də tarixi abidələrimizə vaxtında sahib çıxmalıyıq", - adının çəkilməsini istəməyən Kərimli sakinlərindən biri, orta məktəb müəllimi belə deyir.

Onun sözlərinə görə, bu günə kimi hətta ziyalıların dəfələrlə Mədəniyyət Nazirliyinə, daha sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevə müraciət etməsinə baxmayaraq, dağıntılara məruz qalmış, tarixi varlığını itirməkdə olan abidələrlə bağlı hər hansı bir tədbir görülməyib. 

G. İbrahim