Paşinyan: "Azərbaycan Naxçıvanla kommunikasiya imkanını əldə etməlidir"

Paşinyan:

20-03-2021 21:54 / Bu xəbər 1356 dəfə oxundu

Ermənistanın baş naziri Nikol Paşinyan bölgədəki düşmən əhval-ruhiyyəsinə son qoyulmasının zəruriliyini bildirib və bununla bağlı Azərbaycanla əlaqələrin bərpa olunmasının zəruriliyini vurğulayıb.

"Interfax”ın martın 20-də verdiyi xəbərə görə, bu barədə hökumət başçısı Ermənistanın Araqatsot vilayətinə səfəri zamanı danışıb.

Onun sözlərinə görə, tərəflər arasındakı neqativ münasibət problemi tez həll olunmayacaq: "Ancaq biz çalışmağa davam etməliyik və problemin həlli üçün metodlardan biri indi müzakirə etdiyimizdir – regional kommunikasiya və yolların açılmasıdır. Əgər kimsə desə ki, bu, yalnız Azərbaycana və ya yalnız Ermənistana xeyir edir – inanmayın. Azərbaycan Naxçıvanla kommunikasiya imkanını əldə etməlidir, biz isə Rusiya və İranla dəmir yolunu. Bu o deməkdir ki, ölkəmizin iqtisadiyyatı əhəmiyyətli dərəcədə dəyişəcək”.

Paşinyan həmçinin Ermənistanın II Qarabağ müharibəsindəki itkilərindən də danışıb. 

O, Nor Yedesiya icmasının sakinləri ilə görüşündə bildirib ki, bugünkü günə olan məlumata əsasən ikinci Qarabağ müharibəsində Ermənistan tərəfində 3 250 nəfərin həlak olması rəsmən təsdiq edilib.

"Ermənistan tərəfində bugünkü günə olan məlumata görə, 3 250 nəfər rəsmən təsdiq edilmiş (müharibədə-red) itki var. Bu gün 189 valideyn DNT nümunələri verib və cavab gözləyir. Bəli, itkin düşənlərin kifayət qədər böyük siyahısı var, amma bu siyahını dəqiqləşdirmək lazımdır”, - Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi müharibədə onsuz da çox itki verib, ancaq qurbanların sayını siyasi spekulyasiya məqsədilə dörd dəfə artırmaq lazım deyil.

"Əgər yeni şərait müəyyən olunmasa, müharibə qurbanlarımızın sayının 4 000 nəfəri ötəcəyi o qədər də ağlasığan deyil”, - baş nazir əlavə edib ("Report").