Prezidentin sözü keçmir, yoxsa Mehdiyevlə Məmmədov eşitmir? - Gömrükdən şikayət
09-12-2021 19:57 / Bu xəbər 5879 dəfə oxundu
Sahibkarlar Gömrük Komitəsindən ölkə başçısına şikayətlənir
"Bakı Baş Gömrük İdarəsində qanunsuzluq, süründürməçilik və özbaşınalıq sahibkarları boğaza yığıb".
Bu barədə Arqument.az-a sahibkar Şahin Amanov danışıb.
O bildirib ki, Baş İdarədən Vüsal Novruzovdan qalan ənənə davam edir. Heç bir müsbət dəyişiklik baş verməyib, əksinə, vəziyyət daha da pisləşib: "Gömrük İdarəsinin yük maşınları girən bütün terminallarında belə bir qayda var: buna rus dilində "prastoy", türk dilində "yatılı parası" deyirlər. Bizim dildə heç adı da yoxdur. Normal ölkələrdə gömrüyə mal gələn kimi onu anbarlara boşaldırlar, yükü gətirən maşın çıxıb gedir, sonra hərə gəlib anbardan öz yükünü götürüb rüsumunu ödəyib gedir. Bizdə isə yox... Maşın içəri girdisə, sən öz malını o maşından götürməyənə qədər o maşın gömrük ərazisindən çıxa bilməz. Maşınlar da hamısı əcnəbi ölkə maşınları. Məsələn, TIR Türkiyədən yük gətiribsə, sənə nəqliyyat şirkəti 3 gün vaxt verir. Malını 3 günə çıxartdın-çıxartdın, çıxartmadınsa, növbəti hər günə görə 150 dollar verməlisən - maşını gecikdirib artıq saxladığın üçün".
Sahibkar deyir ki, bu problemlərlə bağlı Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin qəbulunda olsa da, heç bir tədbir görülməyib.
"Bir neçə ildir ki, bu problem davam edir. Hətta buradan Şamaxıya gedib Səfər Mehdiyevin vətəndaşlarla qəbulunda iştirak etdim. O da bu problemin həll edilməsi üçün göstəriş verdi, amma üstündən xeyli müddət keməsinə baxmayaraq, heç bir irəliləyiş yoxdur", - sahibkar belə deyir.
O qeyd edib ki, Gürcüstandan və Rusiyadan gələn maşınlara görə 2 gündən sonra hər sutkaya 100 dollar, Avropadan gələn TIR-lar görə isə 2 və ya 3 gündən sonra hər sutkaya 200 avro ödənilir: "Bu pulu Azərbaycan vətəndaşları xarici ölkə vətəndaşı olan sürücülərə, nəqliyyat şirkətlərinə verir. Bizim gömrükdən isə 3 günə mal çıxartmaq, adətən, qeyri-mümkündür. Məsələn, sənin malının gömrük tarif kodu 0%-li idxal rüsumuna düşürsə, sənə deyəcəklər: "Get bunu 15%-li kodla yaz". Bu, o deməkdir ki, sən idxal rüsumu ödəməli olmadığın halda malının dəyərinin 15%-ni sənə məcbur ödətdirirlər. Allah eləməmiş etiraz etsən, onda sənin özünü bir cinayətkar kimi şübhə altına alıb işi göndərirlər Mərkəzi Gömrük Ekspertiza İdarəsinə ki, "Araşdırın bir görək hələ bu vətəndaş vergidən yayınmaq üçün saxta kod dəyişikliyi etməyib ki?".
Amanov qeyd edir ki, işin ekspertizaya göndərilməsi də sahibkarları əlavə xərcə salır. Bu da süni bahalaşmaya gətirib çıxarır: "Ekspertiza idarəsinin sənə 20 iş günü ərzində cavab vermək haqqı var. Bu isə o deməkdir ki, sənin haqlı olub-olmamağından asılı olmayaraq xarici nəqliyyat şirkətinə hər sutkaya görə 150 dollar pul verməlisən. Üstəlik, burada qeyri-iş günləri də hesablanır. Ölkəyə də hər gün müxtəlif sərhədlərdən, bəlkə, 1000 yük maşını girir. İndi vurun bu 200 avroları, 150 dollarları 3, 5, 10 sutkaya. 0% və 5%-lə gələn yükləri ya öz xoşunla 15%-lik tarif koduyla çıxartmalısan, ya da işi verirlər ekspertizaya. Günlərlə qalırsan Ekspertiza İdarəsinin qabağında. Nəticədə süni, bürokratik əngəllərlə qanunla ödəməli olduğun rüsumun 20 qatını ödəmiş olursan".
Sahibkar bildirib ki, bu problemlərlə bağlı Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun qəbuluna düşmək mümkün deyil: "Nəinki Kənan Məmmədov və müavinləri ilə görüşmək, hətta gömrük müfəttişləri ilə əlaqə yaratmaq belə mümkün deyil. Sahibkarlar ortada qalıblar, kimə şikayət edəcəklərini bilmirlər".
Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovla bağlı zaman-zaman şikayətlər edilir, amma İdarə rəisi bu şikayətlərə heç bir reaksiya vermir.
Bir müddət öncə "LİON CENTRE” MMC-nin direktoru, Çindən satış üçün Azərbaycana mallar idxal edən iş adamı Ramil Aslanovun Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinin, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun qanunsuz əməlləri barədə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək incidildiyini bildirimişdi.
O qeyd etmişdi ki, ölkə başçısı dəfələrlə sahibkarların incidilməməsi barədə göstəriş versə də, Gömrük Komitəsinin rəsmiləri buna məhəl qoymurlar.
Şikayətlə bağlı Dövlət Gömrük Komitəsindən münasibət öyrənmək mümkün olmayıb.