“Qarabağ” büdcəsinin çatışmayan 8 milyardı hansı mənbədən cəlb olunacaq?

“Qarabağ” büdcəsinin çatışmayan 8 milyardı hansı mənbədən cəlb olunacaq?

31-10-2023 11:59 / Bu xəbər 1074 dəfə oxundu

"Açıqlanan büdcə sənədlərinə görə, 5 il ərzində (2022-2026) işğaldan azad edilmiş ərazilərin bərpası və əhalinin köçürülməsi üçün 30,5 mlrd. manat tələb olunur. Qayıdış proqramının icrası üçün dövlət büdcəsindən 22,4 mlrd. manat xərclənəcək. Yerdə qalan 8,2 mlrd. manatın hansı mənbədən cəlb olunacağı sualı açıq qalır”.

Bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev azad edilmiş ərazilər üçün ayrılmış bərpa büdcəsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, 2023-cü ili də nəzərə alsaq, artıq bu vəsaitin təxminən 11 mlrd. manatı xərclənib: "Yəni qarşıdakı 3 ildə əlavə təxminən 20 mlrd. manat da xərclənməlidir”.

Ekspertin sözlərinə görə, bu açıqlamada diqqəti çəkən bir məqam da qayıdış üçün bərpa xərclərinin gözləntilərin çox üzərində olmasıdır: "Müharibənin yenicə bitdiyi dövrdə ekspert müzakirələrində tam bərpanın 20-25 mlrd. dollara (cari məzənnə ilə 35-40 mlrd. manat) başa gəlməəsinin mümkünlüyü səsləndirilirdi". 

"Doğrudur, ilk mərhələdə əsas xərc aparan infrastruktur layihələrinin əhəmiyyətli hissəsinin icra olunacağı gözlənilir. Amma nəzərə alaq ki, 2026-cı ilin sonuna qədər köçürüləcək potensial əhalinin cəmi 20%-nin qaytarılacağı, bərpa olunacaq yayayış məntəqələrinin isə təxminən dörddə birinin qurulacağı planlanır. Yəni 2-ci mərhələ üçün daha böyük həcmdə sərmayə tələb olunacaq. Neft-qaz gəlirləri yüksək olduqca, ölkə bu yükün ağırlığını hiss etməyəcək”, - deyə o bildirib.