Qarabağ Dirçəliş Fondu bir kitaba 1.2 milyon pul ayırıb: "...büdcə oğurluğudur"

Qarabağ Dirçəliş Fondu bir kitaba 1.2 milyon pul ayırıb:

07-11-2023 12:16 / Bu xəbər 1567 dəfə oxundu

Qarabağ Dirçəliş Fondu "Qarabağın Dirçəlişi: Faciədən Zəfərə" adlı kitabın yazılması üçün 1.2 milyon manata yaxın pul ayırıb. 

Bu barədə iqtisadçı Toğrul Vəliyev sosial media hesabında yazıb. 

"Bir kitabın yazılması üçün nə qədər vəsait lazımdır? Bu barədə müxtəlif fikirlər və yanaşmalar mövcuddur. Amma Qarabağ Dirçəliş Fondunun yanaşması tam fərqlidir. Bu gün dərc olunmuş müqaviləyə görə "Qarabağın Dirçəlişi: Faciədən Zəfərə" adlı kitabın yazılması üçün "Media Prima Advertising" (deyəsən Dubayda qeydiyyatdan keçmiş reklam agentliyidir) şirkəti ilə 1.2 milyon (daha dəqiq: 1 178 672 AZN) manatlıq müqavilə imzalanıb", - iqtisadçı qeyd edib.

İqtisadçı tenderdə korrupsiya elementlərinin olduğunu istisna etməyib. 

Bakı Araşdırmalar İnstitutunun rəhbəri, tarixçi alim Altay Göyüşov bunu büdcə oğurluğu sayıb. 

"Burada qeyri-adi heç nə yoxdur. Bu sistemdə karyera yüksəlişi büdcədən oğurlamaq imtiyazını əldə etmək deməkdir. O fondun da başçısı Rəhman hökumətin opponentlərinə qarşı qaralama kampaniyasında kafi şəkildə iştirak etdiyi üçün, onu da bu fonda rəhbər qoyub, büdcə oğurluğuna şərait yaratdılar", - Göyüşov vurğulayıb.