Qarabağ qazisi türkiyəli iş adamını məhkəməyə verir

Qarabağ qazisi türkiyəli iş adamını məhkəməyə verir

30-12-2022 13:26 / Bu xəbər 791 dəfə oxundu

Tovuz sakini, Qarabağ müharibəsi veteranı Məmməd Hüseynov dəfələrlə ölkə başçısı və aidiyyəti qurumlara müraciət etsə də, "Korkmaz Group" MMC rəhbərliyindən maaşını ala bilmədiyini deyir. 

"Korkmaz Group" MMC rəhbəri türkiyəli iş adamı Mustafa Qorxmazdır.

Məmməd Hüseynov deyir ki, türkiyəli iş adamı onun 84400 (səksən dörd min dörd yüz) manat pulunu ödəmir. 

Onun sözlərinə görə, Azərbaycanda tikinti sektorunda çalışan "Korkmaz Group" şirkətində fiziki şəxs kimi iş icraçısı olub, aralarında müqavilə bağlanıb, amma şirkət onlara çatan vəsaiti (maaş) ödəməyib. 

Qarabağ veteranı deyir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edib. O, indi də məhkəməyə müraciət etmək haqqında düşünür. 

Hazırda 30-a qədər fəhlənin maaşını ala bilməyən iş adamı deyir ki, bu MMC-nin vəsiti geçikdirməsi nəticəsində vergi borcu da yaranıb və buna görə də ölkədən çıxışına qadağa qoyulub.

Məmməd Hüseynov eyni məzmunlu şikayətlə dekabrın 4-də də "Arqument.az"a müraciət etmişdi.
 
O bildirmişdi ki, şirkət pulunu ödəsə, vergi borcunu bağlayacaq və problemi həll edəcək. Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə də müraciət etdiyini deyir. Çünki sözügedən şirkətin özünün də külli miqdarda vürgi borcu var. 

2019-cu il, 1 mart tarixində "Sabah Residence" Mənzil-Tikinti-Kooperativi ilə "Korkmaz Group" arasında dəmir-beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə "Podrat" müqaviləsi bağlanıb. 

Fiziki şəxs Hüseynov Məmməd Əhməd oğlu "Korkmaz Group" MMC-nin subpodratçısı kimi "Sabah Residence" yaşayış kompleksinin tikintisində dəmir işlərini həyata keçirib. 

Görülən işlərə görə şirkət onlara vəsait ödəməli idi, amma ödəməkdən yayınır, müxtəlif yollarla imtina edir. 

Məmməd Hüseynov dəfələrlə problemlə bağlı Mustafa Qorxmaza müraciət etsə də, o, telefon danışıqları, vatsap yazışmalarında borcu hətta məbləği ilə təsdiqləsə də, ödəmək istəmir. 

Qarabağ veteranı deyir ki, bütün işlər sənədlərdə və müqavilələrdə əksini tapıb, heç bir əlavə iddiası da yoxdur, sadəcə, görüləcək işə görə ödəniləcək vəsaiti istəyir. Bununla bağlı aidiyyəti qurumlara müraciət edəcəyini deyən Hüseynov bütün hüquqi addımları atacağını da vurğulayıb. 

"Arqument.az"ın apardığı araşdırmalara görə, "Korkmaz Group" MMC təkcə Bakıda deyil, hazırda işğaldan azad olunan Ağdam rayonunda da tikinti işlərini həyata keçirir. 

"Arqument.az" şikayətlə bağlı şirkətin sahibi Mustafa Qorxmazla əlaqə saxlaya bilməyib.