Qondarma müstəqillik

Qondarma müstəqillik

07-04-2020 13:47 / Bu xəbər 843 dəfə oxundu

Ələsgər Məmmədli
Hüquqşünas
 
Prezident Adminstrasiyasından gəlib Balakişi Qasımovu İctimai Teleradio şirkətinə yeni baş direktor təyin etmələri İctimai yayımın Yayım Şuranının qondarma müstəqil qurum olduğunu sübut etdi

Azərbaycanda hüquqi baxımdan müstəqil olmaları zəruri olan bütün qrumların müstəqilliyi qondarma müstəqillikdir. Bir çox halda onların müstəqil olmadığını hansısa sübutla göstərməyə belə ehtiyac yoxdur. Atdıqları addım: "Mən müstəqil deyiləm, məndən müstəqil qərarlar gözləməyin", - deyə bar-bar bağırır.

2018-ci ildə may ayında Prezident Adminstrasiyasından gəlib Balakişi Qasımovu İctimai Teleradio şirkətinə yeni baş direktor təyin etmələri İctimai yayımın Yayım Şuranının qondarma müstəqil qurum olduğunu sübut etdi. Düzdür, sonradan biz bunun formal hüquqa zidd olduğunu dedikdə onun rəsmi işə başlaması 1 ay gecikdi, amma nəticə dəyişmədi.

Eyni hal bu gün MTRŞ-la baş verib. Bu gün Milli Televiziya və Radio Şurasının guya iclası keçirilib və onun sədri Nuşirəvan Məhərrəmlini 18 ildir tutduğu postdan uzaqlaşdırıblar və dünən təyin olunan İsmət Səttarovu yeni sədr seçiblər. Şurasın sədri vəzifəsindən istefa vermədən onun yerinə başqasının seçilməsi əsl hüquqi nihilizmdir. 

İkincisi, Şurada cəmi 1 günlük fəaliyyəti olan, heç bir Şura təcrübəsi olmayan birini necə sədr postuna oturdublar? Həqiqətənmi, Şuraya 18 ildir üzv olan Nuşirəvən Məhərrəmli, Mübariz Eyyazov, 15 ildir üzv olan Məmməd Cəfərov, Aslan Xəlilov və 1 illik təcrübələri ilə Telli Əliyeva və Bəxtiyar Balakişiyev dünən gələn birini özlərinin sədri postuna seçiblər? 

Bu qərarın müstəqil iradənin nəticəsi olması nə qədər inandırıcıdır? Əgər onların həqiqətən iradəsinin nəticəsi budursa, onların hamısı bu gün istefa verməli deyildimi?

Ümumiyyətlə, Qanuna əsasən 9 üzvü olmalı olan bu qurumun hələ 18 illik yaradılışında 9 üzvü olmayıb. Hətta bəzən heç yetərsay üçün lazım olan 6 üzvü də olmayıb. Məsələn, 2018-cii lin noyabrında Əli Həsənovun xanımı Sona Vəliyevanın Şura üzvlüyünə xitam veriləndə yenə 6 üzvlə yola davam etdi bu qurum. 

4 ay sonra Qafar Cəbiyevlə Əlvan Ağayevin də 6 illik müddətləri başa çatdı və Şuranın cəmi 4 üzvü qaldı. Halbuki Şuranın 6 üzvü olmasa yetərsay olmadığından qərarlar qəbul etməsi imkansızdır(Bəlkə də 4 nəfər üzvü olanda da qərarlar qəbul edib, araşdırmaq lazımdır). Yalnız, 12 mart 2019-da 2 yeni üzv təyin edərək (Telli Əliyeva və Bəxtiyar Balakişiyev) yenidən Şuranı səlahiyyətli qurum halına gətirdilər. Lakin 3 yer bir ildən çoxdur boş qalmişdi, ta ki, dünən İsmət Səttarovu yeni üzv edənədək.

Dünən təyin olunan biri 15, 18 illik təcrübəsi olnaların rəhbəri vəzifəsinə "seçilirsə" bu qurumun Müstəqil qurum olmadığını sübuta ehtiyac yoxdur: kor- kor, gör-gör!