Qulu Məhərrəmli: "Bu layihə müəyyən mənada insan haqlarına ziddir"
30-01-2018 02:33 / Bu xəbər 2371 dəfə oxundu
"Ad və soyadlar haqqında” yeni qanun layihəsi bu yaxınlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Bu barədə APA məlumat yayıb.
Qanun layihəsində ad və soyadların milli aspektdə formalaşdırılması ilə bağlı yeni müddəalar əks olunub.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Fəzail İbrahimli bu qanun layihəsinin vacibliyini qeyd edib.

O, Toplum Tv-yə bildirib ki, qanun layihəsi qəbul olunsa, yaxşı olar: "Qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirə olunacaq. Layihə hələ əlimizdə deyil. Lakin düşünürəm ki, bu qanun layihəsi qəbul olunsa, yaxşı olar. Bu, vacib məsələdir".
Telejurnalist, dilçi alim Qulu Məhərrəmli isə hesab edir ki, bu layihənin qəbulu insan haqlarına müəyyən dərəcədə ziddir: "Qanun həmişə müəyyən məhdudiyyətlər yaradır. Bu ad və soyadların milli məcraya yönəldilməsi geniş planda insan haqlarına ziddir. Amma qanunun fəlsəfəsi odur ki, bizim valideynlərimiz övladlarına normal adlar qoysunlar.
Təsadüfi adlar qoymasınlar. Bunu tənzimləmək üçün qanunda dəyişiklik təklif olunur. Amma yalnız milli istiqamətdə adların qoyulması ilə bağlı təkliflərdə də müəyyən mübahisəli məqamlar var.

Məsələn, bir valideyn çox məşhur bir alimin adını övladına qoymaq istəyir, lakin o ad milli deyil. Ümumiyyətlə, ad və soyadların tənzimlənməsi hesab edirəm ki, normal haldır".
Qanun layihəsi MM-in Mədəniyyət Komitəsinin yaz sessiyasında qanunvericiliklə bağlı işlər planına daxil edilib.












