Rəsmi Bakı Fransanı bölgədə gərginlik yaratmaqda günahlandırır

Rəsmi Bakı Fransanı bölgədə gərginlik yaratmaqda günahlandırır

22-02-2024 13:24 / Bu xəbər 507 dəfə oxundu

XİN Makronun səsləndirdiyi fikirləri əsassız sayır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) fevralın 21-də Fransa Prezidenti Emmanuel Makronun Parisdə Ermənistanın Baş naziri ilə birgə mətbuat konfransında  səsləndirdiyi fikirləri əsassız adlandırıb.

Bu barədə XİN-in Mətbuat İdarəsi fevralın 22-də məlumat yayıb.

Nazirlik qeyd edib ki, Fransa 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlılar barədə indiyə qədər heç bir şərh verməyib: "Ancaq indi öz istəkləri və heç bir zorakılıq tətbiq olunmadan Azərbaycan ərazilərini tərk etmiş ermənilərin hüquq və təhlükəsizliyindən danışması tamamilə yersizdir”.

Dünən Fransanın dövlət başçısı Emmanuel Makron keçirdiyi brifinqdə 2022-ci il "Praqa görüşü”ndə Ermənistanın Baş nazirinin Alma-Ata bəyannaməsinə sadiq qaldığını deyib.

Makron həmçinin vurğulayıb ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyü və xəritələrlə bağlı mövqeyindəki qeyri-müəyyənliyi aradan qaldırmalıdır.

O, Azərbaycanı Qarabağı tərk edən və geri qayıtmaq istəyən ermənilərin maneəsiz dönüşünü təmin etməyə çağırıb.

XİN bildirib ki, Fransa tərəfinin məhz indi razılaşmalara zidd olaraq Alma-Ata bəyannaməsi və müəyyən xəritələr çərçivəsində ərazi bütövlüyünün vacibliyinə toxunması suallar doğurur.

Nazirlik hesab edir ki, Fransanın 30 ilə yaxın müddətdə davam etmiş Ermənistan təcavüzü və Azərbaycan ərazilərinin işğalı, habelə hazırda 8 kəndin hələ də işğalda qalması ilə bağlı suallara aydınlıq gətirməsi daha faydalı olardı: "Heç bir təhrikedici amil olmadan 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistanın tənqid edilməsi əvəzinə, Azərbaycanın qeyri-proporsional cavab tədbiri görməkdə təqsirləndirilməsi qəbuledilməzdir və bu kimi qərəzli yanaşmalara son qoyulmalıdır”.

Nazirlik həmçinin Parisi bölgədə gərginlik yaratmaqda ittiham edib: "Fransanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik”.

Münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı "Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan "respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.