Rusiya Paşinyanın istəyinə "yox" dedi

Rusiya Paşinyanın istəyinə

07-07-2021 14:55 / Bu xəbər 1967 dəfə oxundu

Kreml Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında Azərbaycan-Ermənistan sərhədində Rusiya sülhməramlılarının yerləşdirilməsinə dair sənədin imzalanacağı barədə iddiaları təkzib edib. 

Bu barədə iyulun 7-də Kremldən məlumat verilib. 

"Xeyr, bu məlumat həqiqəti əks etdirmir", - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib. 

Yerevan bir müddət əvvəl Rusiya və ya ATƏT-in Minsk Qrupu ölkələrinin sərhədçilərinin Sotk-Xoznavar məntəqəsində yerləşdirilməsi barədə təklif irəli sürmüşdü. Ermənistan mətbuatı Putin və Paşinyanın görüşündə digər məsələlərlə yanaşı bu məsələnin də müzakirə ediləcəyini iddia edirdi. 

Buna baxmayaraq, Dmitri Peskov bəyan edib ki, iki ölkə liderinin görüşündə ümumiyyətlə, hər hansı sənəd imzalanmayacaq. 

Nikol Paşinyan 27 mayda Ermənistan Təhlükəsizlik Şurasının iclasında Azərbaycanla sərhəddə yaranan böhranın aradan qaldırılması üçün öz təklifini irəli sürmüşdü: qısa müddət ərzində hər iki ölkənin sülhməramlı qüvvələri eyni məsafədə geri çəkilir və özlərinin dislokasiya yerlərinə qayıdırlar, sərhəd boyunca isə Rusiya və ya ATƏT-in Minsk Qrupu ölkələrinin beynəlxalq müşahidəçiləri yerləşdirilir. Paşinyan bunu Azərbaycanla sərhəddə yaranan böhrandan çıxmaq üçün ən qısa plan hesab edirdi.