Rusiyada Navalnının təşkilatları qadağan edildi

Rusiyada Navalnının təşkilatları qadağan edildi

10-06-2021 14:02 / Bu xəbər 835 dəfə oxundu

Moskva şəhər məhkəməsi müxalif siyasətçi Aleksey Navalnı tərəfindən yaradılan Korrupsiya ilə Mübarizə Fondunu (KMF), "Vətəndaşların hüquqlarını müdafiə fondu”nu (bu təşkilatlar daha əvvəl Rusiyada "xarici agent” elan edilmişdilər), eləcə də Navalnının qərargahlarının ekstremist təşkilat olması barədə qərar çıxarıb və onların fəaliyyətini qadağan edib. 

"Svoboda.org"un məlumatına görə, məhkəmə bu təşkilatların ləğv olunması barədə hökm çıxarıb. 

Məhkəmənin hökmündən şikayət verilə bilər, amma qərara əsasən, təşkilatlar dərhal fəaliyyətlərini dayandırmalıdırlar. 

Bildirilir ki, qərar Moskva prokurorluğunun iddiası əsasında qəbul edilib. 

Məhkəmə iclası 12 saatdan çox davam edib. İclasın sonunda KMF-in bütün vəkilləri məhkəmənin qərəzli olduğunu bildirərək prosesi tərk ediblər. 

Vəkil İvan Pavlovun sözlərinə görə, razılaşdırılmamış aksiya iştirakçılarının cərimələrinin KMF tərəfindən ödənilməsini məhkəmə "ekstremist fəaliyyətin maliyyələşdirilməsi” faktı kimi qəbul edib.

Məhkəmə prosesi qapalı keçirilib, çünki sənədlərin bir hissəsi "məxfi” qrifinə malikdir. Son iclasda müdafiə tərəfinin məxfiliyin götürülməsi barədə bütün vəsatətləri rədd olunub. 

Hazırda həbs koloniyasında olan Navalnının "İnstaqram" hesabında onun adından məlumat yerləşdirilib. Həmin postda "Məqsədlərimizdən və ideyalarımızdan geri çəkilməyəcəyik. Bu bizim ölkəmizdir və başqası yoxumuzdur” deyilir.

Yeni qəbul olunmuş qanuna görə, Navalnı tərəfdarları – hətta KMF-də və digər təşkilatlarda işləməyənlər də – bunları dəstəklədikləri hesab olunarsa, hər hansı səviyyədə seçkilərdə iştirak edə bilməzlər.

ABŞ Dövlət Departmenti və Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Moskva məhkəməsinin qərarını qınayıblar.