Rusiyanın SWIFT sistemindən kənarlaşdırılacaqmı? - Blinken cavab verib

Rusiyanın SWIFT sistemindən kənarlaşdırılacaqmı? - Blinken cavab verib

07-05-2021 14:36 / Bu xəbər 3731 dəfə oxundu

ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanın SWIFT beynəlxalq ödəniş sistemindən kənarlaşdırılması ehtimalı barədə suala cavab verib.

Onun mayın 7-də "Radio Svoboda”ya verdiyi müsahibənin stenoqramı Dövlət Departamentinin saytında yerləşdirilib. 

"Bizim gələcəkdə nə edə biləcəyimiz haqqında hipotetik suallara baş vurmaq istəmirəm. İcazənizlə sadəcə bir şeyi deyim, söhbət təcavüzün qarşısının alınmasından gedirsə, biz bütün ağlabatan variantları nəzərdən keçirəcəyik”, -  Blinken deyib.

Dövlət katibi qeyd edib ki, ABŞ Rusiya ilə daha sabit və proqnozlaşdırılan münasibətlərə malik olmağa üstünlük verərdi, amma son nəticədə hər şey "Rusiyanın hərəkətlərindən və ya hərəkətsizliyindən” asılıdır. Onun sözlərinə görə, əgər Rusiya düşüncəsiz və təcavüzkar hərəkətlərini davam etdirərsə, cavabı veriləcək: "Çünki belə addımlar cəzasız qala bilməz".

Bundan əvvəl açıqlama verən Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova demişdi ki, Rusiya SWIFT beynəlxalq ödənişlər sistemindən kənarlaşdırılması ehtimalına qarşı hazırlıq görür.